Azərbaycanın
qüdrətinin ifadəsi
"8 Noyabr - Zəfər
Günündə Xankəndidə
hərbi paradın keçirilməsi Azərbaycan
dövlətçiliyinin tarixi
səhifələrindən biridir. Separatizmin yuvası olmuş bir yerdə Azərbaycan əsgərinin
qalibiyyətlə Ali Baş Komandan qarşısında, Azərbaycan
bayrağı altında
hərbi parad keçirməsi dövlətimizin
qüdrətinin, müstəqilliyimizin
təntənəsinin nümunəsidir".
Bu sözləri
Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan"
qəzetinə dünən
Xankəndi şəhərində
keçirilmiş hərbi
paradla bağlı fikirlərini bölüşərkən
deyib. Bildirib ki, Müzəffər sərkərdə qalib ordusunun paradını işğaldan azad olunmuş torpaqların mərkəzində qəbul
etdi: "Hər birimiz həmin görüntüləri böyük
qürur hissi ilə izlədik. Hər birimiz tarixi anın fərqində olduq.
Zəfər Günündə
şəhidlərimizi dərin
ehtiramla xatırlayırıq.
Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda göstərdikləri qəhrəmanlıqlar,
fədakarlıqlar heç
zaman unudulmayacaq".
Bu gün hər bir azərbaycanlının
Ali Baş Komandanla, ordumuzla fəxr etdiyini deyən A.Mirzəzadə onu da bildirib
ki, Heydər Əliyev yolunun davamı, İlham Əliyevin müdrik rəhbərliyi hər zaman xalqımıza uğurlar bəxş edəcək.
Deputat vurğulayıb
ki, vaxtilə işğalçılar Xankəndini
separatçılığın ünvanına çevirmişdilər.
"Xaricdəki müəyyən
qüvvələr Azərbaycanın
ərazi bütövlüyünü
təmin edəcəyinə,
Xankəndidə Azərbaycan
bayrağının qaldırılacağına
inanmırdılar. Lakin
xalqımızın buna
inamı həddən
artıq böyük idi. Bu, Ulu
Öndər Heydər
Əliyevin maraqlarımıza
xidmət edən siyasi kursu, onun
layiqli davamçısı
olan Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində
mümkün oldu. 44 gün ərzində torpaqlarımızı hərbi
qüdrətimizlə azad
etdik. Bu ilin sentyabrında isə cəmi 23 saat davam edən
lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatizmin kökünü
kəsdik. Beləliklə,
Azərbaycan bütün
ərazilərində özünün
suveren hüquqlarını
bərpa etdi və ərazi bütövlüyünü təmin
etməyin uğurlu nümunəsini ortaya qoydu", - deyə A.Mirzəzadə əlavə
edib.
A.Mirzəzadə torpaqlarımızın
işğaldan azad edilməsindən sonrakı
müddətdə Qarabağ
və Şərqi Zəngəzurda möhtəşəm
quruculuq işlərinin
görüldüyünü, artıq yüzlərlə
ailənin öz
dədə-baba yurduna
qayıtdığını vurğulayaraq deyib: "Azad edilmiş ərazilərdə yeni infrastrukturlar yaradılır,
dünyanın diqqətini
cəlb edən quruculuq işləri görülür.
Artıq Qarabağ və Şərqi Zəngəzurda yenidən
həyat başlayır
və bütün bunlar onu göstərir
ki, Böyük qayıdış proqramı
sürətlə və
uğurla icra olunur".
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.8.