Zəfər paradının Xankəndi təntənəsi

 

 

8 noyabr 2023-cü il...

Qürur salnaməmizin daha bir qızıl möhürlü günü...

O gün zirvələr yaraşığı ay-ulduzlu, üçrəngli bayrağımız Xankəndidə Zəfər paradında məğrur-məğrur dalğalandırılaraq dosta sevinc, düşmənə  göz dağı oldu...

Həmin möhtəşəm tarixdə bütün dünya Xankəndidə yaşanan zəfər ehtişamının tamaşasına durdu...

Qarabağdan ucalan təntənəli qələbə marşının sədaları altında çiyin-çiyinə addımlayan ürəyi vətən sevdalı azman Azərbaycan oğulları başlarını dik tutaraq  fəxarətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını, şəhidlərimizin ruhunu salamladılar.

O gün ana torpağımızın bağrı ilə axan çoşqun sellər sanki buludlara qoşulub sevinc göz yaşları axıtdılar,  Qarabağdan baş götürən rüzgarlar bütün ellərə zəfər müjdəsi yaydılar, yerlər , göylər bir ağızdan "Zəfərin mübarək, ey şanlı Azərbaycan! Yaşa, var ol, Zəfər Xalqı, Zəfər Ordusu, Zəfər Komandanı", - deyə hayqırdılar...

 

 

 

"Qarabağ Azərbaycandır nida"

 

 

 

Düz üç il əvvəl noyabrın 8-də Şuşada qazandığımız parlaq qələbənin xoşbəxtliyini Xankəndidə keçirilən Zəfər paradında bir daha yaşadıq, qürurdan ürəyimiz dağa döndü.

44 günlük Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi idi ki, 2023-cü ilin payızında suverenliyimizin tam bərpasına nail olduq.

Oktyabrın 15-də Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin üçüncü ildönümünə ən böyük töhfə idi.

Bu həm Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqq nidasının qızıl imzalı təsdiqi oldu.

O da təsadüfi deyildi ki, hələ 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışını məhz bu fikirlərlə yekunlaşdırmışdı: "Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

 

 

 

Ədalət zəfər çaldı

 

 

 

2020-ci il dekabrın 10-da şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azadlıq meydanında Zəfər paradında bəyan etdiyi kimi, Azərbaycan xalqı indi yaşadığı bu qələbə coşqulu günlərə addım-addım, qətiyyətlə, əzmlə yetişdi.

Xalq, dövlət, ordu birliyinin gücündən yaranan "dəmir yumruq" Vətən müharibəsində cəmi 44 günə düşmənin belini qıraraq qələbə qazandı, torpaqlarımızın işğalına son qoydu. 30 illik vətən həsrətimiz sona çatdı, yüz minlərlə məcburi köçkünün yurd nisgili bitdi.

Bu möhtəşəm qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bəxş etdi.

Ana torpağın hər qarışı uğrunda çarpışan qəhrəman oğullarımız 3 il öncə - noyabrın 8-də Azərbaycan bayrağını Şuşada dalğalandırdılar.

Vətənimizin azadlığı uğrunda zəfər yürüşünə çıxan igidlərimiz dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, yeri gəldi namərd düşmənin pusqusunu darmadağın edərək, yeri gəldi ölümə meydan oxuyaraq mərd-mərdanə yürüdülər düşmən üzərinə. Bu azman igidlərin sözün əsl mənasında yalın əllə düşmənin nəfəsini kəsərək Qarabağın baş tacı Şuşanı işğaldan azad etmələri isə dünya hərb tarixi üçün örnək götürüləsi nümunə, Azərbaycan xalqının min illər sonra belə öyünəcəyi qəhrəmanlıq salnaməsi oldu.

Vətən müharibəsinin 44 gününün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar, canlarını Vətənə sipər edən cəsur oğullarımız hər gün qələbə müjdəsi ərməğan etdilər xalqımıza.

2020-ci ildə Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında  Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulamışdı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu: "Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın buna nail olduq".

 

 

 

Əzəli əbədi Azərbaycan torpağı

 

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyəti, igid oğullarımızın polad iradəsi, gücü sayəsində cəmi 44 gün ərzində haqq savaşımızın zəfərlə başa çatması xalqımıza yeni-yeni qələbələr ərməğan etdi.

Şuşa zəfərindən ötən üç il müddətində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, suverenliyini təmin etdi.

Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəng su anbarı ərazisində bayrağımızı dalğalandıraraq bütün dünyaya bu yerlərin əzəli əbədi Azərbaycan torpağı olduğunun ismarışını verdi.

Noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın məhz Xankəndidə keçirilməsi isə düşmənin canına bir daha qorxu saldı, xalqımıza qələbə qüruru yaşatdı, bu torpaqlar uğrunda şəhid olan vətən övladlarımızın ruhunu şad etdi.

Gözün aydın olsun, bütöv Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan xalqı!

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.9.