Xankəndidəki Zəfər paradı dünya erməniliyinə sarsıdıcı zərbə oldu: "Tariximizin ən böyük matəmini yaşadıq" "Bitdi. Qarabağı tam itirdik" "Onların qələbə paradı bizim çoxəsrlik müharibəmizin tam məğlubiyyət simvolu oldu"

 

 

Dünən Xankəndidə keçirilən Vətən müharibəsindəki Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad  Hayastanda sözün əsl mənasında şok effekti yaradıb. Paradla bağlı informasiyanı tirajlayan mediaya, siyasi ekspertlərin açıqlamalarına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, buna görə Paşinyan hakimiyyətini Qarabağda ləğv edilmiş separatçı rejimin "rəhbərlərini" kəskin tənqid edirlər.

Erməni şərhçi Manvel Levonisyan  Xankəndidə qələbə paradının keçirilməsini "erməni xəyallarının sonu" adlandırıb. Qeyd edib ki, son illərin ermənilər üçün ən çətin günü 10 noyabr 2020-ci il tarixidir: "O vaxt göy üzü uçmuş kimi görünürdü 44 gün ərzində gördüyümüz kiçik ümidlər baş nazirin bir sənədə imza atdığını öyrəndikcə yox oldu.  O gün müharibənin dayandırıldığı, ümidlərimizin gələcəyimizin təslim edildiyi tarixdir. O gün hamımız çox qəzəbləndik, amma qarşıdakı ayların daha çətin olacağını təsəvvür edə bilməzdik. Bilməzdik ki, döyüşmədən itkilər vermədən Qarabağı itirməyə davam edəcəyik. Yeni əraziləri təhvil verməyə davam edəcəyik, hər addımda yanımızda Azərbaycan bayraqları görəcəyik. Üstəlik, bizə qarşı olan psixoloji təbliğat hücumu davam edəcək. Bizim üçün Stepanakert (Xankəndi - red.) artıq yoxdur, bir daha da olmayacaq. Acı olsa da, bu, gerçəkdir. Onların qələbə paradı bizim çoxəsrlik müharibəmizin tam məğlubiyyət simvolu oldu".

Erməni politoloq Nikol Qasparyan isə  qeyd edir ki, Azərbaycan hər zaman istəyinə nail olmaq gücündədir: "Azərbaycanlılar  öz proqramlarını minimum həyata keçirdilər. Yəni Qarabağı azad etdilər. Xankəndidə parad keçirdilər. İndi isə onların qarşısında maksimum proqramı həyata keçirmək durur. Azərbaycanın qarşısında dayanan maksimum məsələ Zəngəzuru, Basarkeçəri, İrəvanı, Qarakilsəni və digər əraziləri azad etməkdir. Hazırda Azərbaycanda növbəti nəsli buna hazırlayırlar. Çünki bilirlər ki, xoşluqla heç kim bu əraziləri onlara qaytarmayacaq. Əgər onlar Qarabağı azad etməyi bacarıblarsa, onda niyə sadaladığım torpaqları da geri qaytarmasınlar".

Tatevos Çaxmaxçyan  adlı istifadəçi "Telegram" kanalında  paradla bağlı paylaşılan xəbərə maraqlı rəyi ilə diqqət çəkib: "İlham Əliyev Stepanakertdə  (Xankəndi - red.) parad keçirərək Qarabağın Azərbaycanın olduğunu dünyaya tam göstərdi. Bu videoları kaş gözlərim kor olardı, görməzdim. Tariximizin ən böyük matəmini yaşadıq. Hayastanı parlaq gələcək yox, parlaq ölüm gözləyir. Paşinyan isə hakimiyyətdə qalmağın yollarını axtarır. Sarkisyan vətənimizi, zavodlarımızın yarısını oliqarxlara, yarısını da xaricilərə satıb. Paşinyan da İrəvanı satarsa, heç təəccüblənməyək".

Aşot  Karapetyan  isə "Odnoklassniki"də paradla bağlı videonun yer aldığı paylaşımın altına yazdığı rəylə diqqət çəkib. Profilinə baxdıqda, ABŞ-də yaşadığını qeyd edən istifadəçi  məyusluğunu belə ifadə edib: "Azərbaycan Prezidenti 7 il əvvəl apreldə S.Sarkisyana, üç il öncə isə Qarabağı geri almaqla  Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi. 8 il öncə Stepanakertdə (Xankəndi - red.) əmimgildəydim. Maşınla keçdiyimiz, bayramları qeyd etdiyimiz meydanda indi İlham Əliyev qələbə paradı keçirir.  Bitdi. Qarabağı tam itirdik. Bizim baş nazirimiz xalqa nə cavab verəcək?"

Bu arada Qarabağdan Hayastana qayıdan ermənilər "4rd.am" saytının müxbiri ilə söhbət zamanı ağır günlər yaşadıqlarını ifadə ediblər.  Nəşrin "Xankəndidəki hərbi parad və İkinci Qarabağ müharibəsinin üçilliyi ilə bağlı İrəvanda nə düşünürlər?" reportajında ermənilər çox ağır məğlubiyyətin yaşandığını, bunun ölkə üçün dəhşətli olduğunu qeyd ediblər. Hayastan vətəndaşı bu xüsusda bildirir: "Son üç ildir yaşamırıq, ölürük. Bu, ömür deyil. Hesab edirəm ki, bu bizim üçün bir rüsvayçılıqdır. İlham Əliyev Stepanakertdə (Xankəndi - red.) parad keçirir, Azərbaycan bayrağını ucaldır… Sülh olmasını istəyirik (ağlayır)".

Başqa bir erməni qadın da son 3 ilin onlar üçün çox çətin olduğunu qeyd edib: "30 il idi Stepanakertdə (Xankəndi - red.) yaşayırdıq. Bir aydan çoxdur İrəvanda bacımgildə qalırıq. Birtəhər uyğunlaşırıq. Deyərdim ki, aldığımız yaranı zaman da sağaltmaz".

Nəşrin digər erməni müsahibi isə son iki ayda baş verənləri ümumi faciə adlandırır: "Qarabağın itirilməsi bizi çox ağır sınaqlara düçar etdi. Azərbaycan necə deyirdi, elə də etdi. Bizimkilər rusları düşünürdülər, Rusiya isə bunu etmədi, həmişəki kimi öz müttəfiqinin hayına yetmədi. Çox zaman keçməlidir, ancaq zaman da bu ağrını sağalda bilməz".

Erməni qadının da qeyd etdiyi kimi, onlar bir daha özlərinə gələ bilməyəcəklər.  Amma Hayastan varlığını davam etdirmək üçün Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda məhvə məhkumdur.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 9 noyabr, ¹246- S.9.