30 il gözlədiyimiz hadisə

 

 

Bəzən insanın həyatında elə məqam olur ki, sinəsi həyəcanla dolur, ürəyi çırpınır. Həmin məqamda sevinc duyğusu, qürur hissi qəhərə çevrilib göz yaşlarına dönür. Hətta o dərəcədə ki, göz yaşlarını silməyə insanın əli qalxmır.

Əminik ki, bütün insanların hər birinin həyatında bənzər duyğular olur. Bu hissi bir xalq olaraq biz dünən Xankəndidə keçirilən Zəfər paradını izləyəndə yaşadıq. Təntənənin möhtəşəmliyinə o qədər aludə olmuşduq ki, sanki bütün Azərbaycan meydanda idi.  Çünki 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan xalqının 30 illik bir həsrətinin vüsalı idi. Bu parad 30 ilin həsrətindən doğan qürurun möhtəşəm nidası idi.

Bu günü illərdir gözləyirdik. Bu günün şərəfini qürurunu təntənə ilə yaşayacağımıza bəzən inanmasaq da, bir çox hallarda ümidimiz əlimizdən tutub, "gələcək o gün" deyə pıçıldayırdı. Gəldi həmin gün. Dünənki 8 Noyabr Zəfərinin  möhtəşəmliyi, bəlkə , Azərbaycan tarixinin son yüz ilində bu cür olmamışdı. Bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ona görə ki, belə təntənələr adətən paytaxt meydanlarında keçirilir. Belə paradın biz üç il əvvəl dekabrın 10-da Azadlıq meydanında şahidi olduq. Zəfər paradı adlandırdığımız həmin təntənədə 3000 Azərbaycan hərbçisi ilə yanaşı, türk əsgər zabitləri addımlayırdılar. Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edirdi. Çox qürurlu idi!

Dünən isə Zəfərin 3 illiyinə həsr edilən hərbi parad sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində azad olunan Xankəndidə keçirildi. Bu paradın qüruru bütün qürurlardan ucada idi. Bu ucalığın mənbəyi rəşadətli Azərbaycan Ordusunun əsgər zabit heyətinin meydandakı nizamlı addımları, iti baxışları, düz qamətləri, əsgər andına sadiqliyi, döyüş ruhu əzmkarlığı, ən nəhayət, "dəmir yumruğ"un qətiyyəti idi. Bu parad göstərdi ki, Azərbaycan Ordusu təkcə Ermənistan silahlı qüvvələrini darmadağın etməyib, həm erməni separatizminin sonuna çıxıb. Hələ uzun illər Xankəndidəki paradın təntənəsi, gur səsi İrəvandakıların qulağını deşəcək, möhtəşəm görüntüsü gözlərini kor edəcək. Vətən müharibəsində antiterror tədbirlərində əsl qəhrəmanlıq göstərən, rəşadət, şücaət, yüksək peşəkarlıq sərgiləyən, Azərbaycan xalqına Böyük Zəfərin sevincini daddıran hərbi qulluqçuların Dövlət Zəfər bayraqları ilə bəzənmiş tribunanın önündən keçməsindən müqəddəs başqa ola bilər?! Bu, Böyük Zəfərin daha bir təntənəsi idi!

Dünən bütün Azərbaycanın gözü Xankəndinin baş meydanında oldu. Dünən xalqımız özünün daha bir möhtəşəm gününü yaşadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində azad olunan Xankəndidə keçirilən paradı özgə cür qarşılamaq mümkün deyildi. Paradın təntənəsini artıran amillərdən biri onu qəbul edən Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva oğulları Heydər Əliyevin iştirak etməsi oldu.

Keçmiş SSRİ vaxtı Bakıda keçirilən paradlarda sovet əsgərlərinin nizamlı yerişi, döyüş maşınlarının gurultusu ürəyimizi dağa döndərməzdi. Sanki bilirmişik ki, həmin uğultu, gurultu 1990-cı ilin yanvarında ürəyimizi parçalayacaq. yaxşı ki, paramparça olmuş ürəyimizi sönməyə qoymadıq, ayağa qalxaraq gücümüzü Qarabağdan, özü Xankəndidən erməni faşizminə nümayiş etdirə bildik. Bu, 30 il bizə ədalətsizlik sərgiləyənlərə, ikili standart nümayiş etdirənlərə bir mesaj idi. Bu, müstəqil Azərbaycanın səsi idi. Bu, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi! Bu, hər bir Azərbaycan vətəndaşının qəlbinin fərəhlə döyünməsinə, ürəyinin dağa dönməsinə səbəb olan yaşantılar idi! Bu, Vətən müqəddəsliyininin toxunulmaz olduğuna işarə idi! Bu, Azərbaycanın Silahlı Qüvvələrinin 2020-ci il Zəfərinin davamı idi. Xankəndidəki bu təntənə, bu görüntü, bu əzəmət barədə hələ çox illər danışılacaq, şərh ediləcək, araşdırılacaq yazılacaq.

Zəfər Günündə ürəyimizi dağa döndərən, gözlərimizə sevinc yaşları gətirən daha bir hadisə Xankəndidəki hərbi paradla eyni anda Bakı küçələrində keçirilən yürüş idi. Dörd istiqamətdən başlanan yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik qələbə ruhunda səsləndirilən mahnılar, marşlar paytaxt sakinlərinin qonaqlarının duyğularını coşdurdu. Yürüş iştirakçılarının əlindəki üçrəngli bayrağımız başlar üzərində qanad gərib cövlan etdi. 8 Noyabr növəbti dəfə canımıza, qanımıza hopdurduğumuz, qan yaddaşımıza köçürdüyümüz ən möhtəşəm gün oldu.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.10.