Yaşanan hər
gün tarixə çevrilmir. Tarixə çevrilən hər gün isə bayram kimi qeyd
edilmir. Bəzən təqvimdə qara səhifələrə dönür
günlər...
Ötən əsrin
sonlarında Azərbaycanın
Qarabağı, Şərqi
Zəngəzuru təcavüzkar
ermənilər tərəfindən
işğal olunandan sonra təqvimimizdə belə səhifələrin
sayı artmışdı.
Ermənistan silahlı
qüvvələrinin əsarəti
altında qalan yurdlarımızın hər
il işğal ildönümlərini qeyd
etdikcə ruhumuz daralırdı, qəlbimiz
sızlayırdı. Məğlub
xalq olduğumuzdan utanırdıq. Yurd yerlərimizin düşmən
tapdağı altında
qaldığına görə
özümüzə yer
tapmırdıq. Qarabağ,
Şərqi Zəngəzur
ərazilərinin qəsbkar,
təcavüzkar ermənilərin
əllərinə keçməməsi
üçün döyüşərək
canlarından keçən
şəhidlərimizin ruhları
qarşında xəcalət
çəkirdik.
Ruhumuzu əzən,
ürəyimizdə ağrıya
dönən, bizi diligödək, başıaşağı
edən o hisslərdən
qurtuluşumuzun Zəfəridir
həm də 8 Noyabr. Misilsiz duyğulardır. Sözlə
ifadə edilməsi belə mümkünsüzdür.
Üç ildir ki, Azərbaycan xalqı bu böyük
bayramın sevinci, qüruru içərisindədir.
Əlbəttə,
tarix heç zaman unudulmur. O işğal günləri də
yaddan çıxmayacaq. Ermənilərin namərdliyi, qəddarlığı,
təcavüzü tarixdə qaldı. Təqvimimizdəki qara
səhifələri artıq bayram günləri əvəz
edib. Çünki biz qalib xalqıq.
Azərbaycanın
Müzəffər Ordusu bu ilin 19-20 sentyabrında həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistan
silahlı qüvvələrinin qalıqlarını, cinayətkar
xunta rejimini birdəfəlik diz çökdürdü.
Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycanın
suverenliyi tam bərpa edildi.
Azərbaycan
xalqı oktyabrın 15-də daha bir tarixi hadisənin sevincini
yaşadı. Azərbaycan Respublikasının Dövlət
Bayrağını Pezident, Ali Baş Komandan İlham Əliyev
Xankəndi şəhərində ucaltdı və fərəhlə,
qürurla: "...biz bu Qələbəyə layiqik", -
dedi. Dövlətimizin başçısı, Ali Baş
Komandan o zaman da bəyan etdi: "Azərbaycan xalqı elə
bir Qələbə qazanıb ki, həm dillər əzbəri
olub, həm də bu Qələbə əbədi bizimlə
olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq.
Bizdən sonra gələn nəsillər bu Qələbə
ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Azərbaycan
xalqı layiq olduğu və uzun illər həsrətlə,
ümidlə gözlədiyi qələbə sevincini artıq
üç ildir ki, təntənə ilə qeyd edir. Dünən
8 Noyabr - Zəfər Günü ilə əlaqədar
Bakıda, Gəncədə, Bərdədə, Füzulidə,
Zəngilanda, Laçında... hərbi orkestrlərin
müşayiəti ilə hərbi qulluqçuların
yürüşləri təşkil olundu. Bu il Azərbaycanın
digər şəhərləri ilə yanaşı, Xankəndi
də bayram əhval-ruhiyyəsinə büründü. Həmin
gün Xankəndi şəhərində Vətən
müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi
parad keçirildi.
Paradda Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev, onunla yanaşı,
birinci xanım Mehriban Əliyeva və oğulları Heydər
Əliyev də iştirak etdilər.
Müdafiə
naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevə raport verdi. Xankəndi şəhərində
keçirilən Zəfər paradına müdafiə nazirinin
birinci müavini, general-polkovnik Kərim Vəliyev
komandanlıq etdi.
Meydana Dövlət
bayrağı və Zəfər bayrağının
ardınca Azərbaycan Ordusunun qoşun növlərinin
bayraqları gətirildi.
Vətən
müharibəsində və antiterror tədbirlərində əsl
qəhrəmanlıq, şücaət, rəşadət və
yüksək peşəkarlıq nümunələri göstərərək
xalqımıza Böyük Qələbənin sevincini
yaşadan hərbi qulluqçular tribunanın önündən
keçdilər.
Vaxtilə Azərbaycan
ərazilərində qanunsuz yerləşdirilən erməni
silahlı birləşmələrindən qənimət kimi
götürülən tanklar və texnikalar paradda
nümayiş etdirildi. Həmin tanklar və texnikalar Azərbaycan
Silahlı Qüvvələrinə məxsus hərbi
texnikanın üzərində yerləşdirilərək
parad meydanından keçdi.
Paradda
nümayiş olunan vaxtilə Azərbaycan ərazilərində
qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrindən
qənimət kimi götürülən avtomobil və
texnikaların nömrə nişanlarından hazırlanan, Azərbaycan
Silahlı Qüvvələrinə məxsus hərbi
texnikanın üzərində yerləşdirilən nəhəng
lövhədə böyük hərflərlə
"ZƏFƏR" sözü yazılmışdı.
Noyabrın 8-i
uzun illər sonra erməni işğalından qurtularaq
azadlığına qovuşmuş, artıq səmasında
dövlətinin Bayrağı dalğalanan, küçələrində
doğma sakinlərinin dilində danışılan Xankəndinin
əsl adına layiq tarixi bir gün oldu. Xankəndidə
keçirilən parad əldə edilən Zəfərimizin
növbəti təntənəsinə çevrildi.
Düşmən birdəfəlik gördü və bildi ki, Azərbaycana
qarşı qaldırdığı silahlarının son yeri
bu ölkənin Zəfər paradında nümayiş etdirilmək
və Qənimətlər Parkıdır. Azərbaycanın
öz əzəli ərazilərinə sahib olan güclü
dövləti, bu dövlətin yanında olan vətənsevər
xalqı var. Bu varlıq, bu birlik hələ Azərbaycan
dövlətinə, xalqına çox Zəfərli günlər
bəxş edəcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.10.