Bayraq
Günün mübarək,
qalibiyyət bayraqlı
Azərbaycan!
Dövlət Bayrağı
Günü... Hər gün əzizlədiyimiz,
varlığından qürur
və şərəf
duyduğumuz müqəddəs
bayrağımıza sevgi
və ehtiramın təntənəsi. Xalqımızın
və dövlətçiliyimizin
tarixinə, milli-mənəvi
dəyərlərimizə ali
münasibət bəsləyən
Prezidentimiz İlham Əliyevin qərarı ilə artıq 14 ildir qeyd etdiyimiz
əziz bayram.
105 il əvvəl
qurulan, lakin ömrü çox qısa olan Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqdə
ilk demokratik respublikanın, arzusu ürəyində qalan, amallarına sədd çəkilən babalarımızın
yadigarıdır üçrəngli
bayrağımız. Ulu
Öndərimiz Heydər
Əliyevdən əmanətdir
bizə. Məhz
1990-cı il noyabrın
17-də Naxçıvan Ali
Məclisinin qəbul etdiyi qərarlar müstəqillik mübarizəsi
tariximizin ən əlamətdar hadisələri
sırasına yazıldı.
Ümummilli Liderin sədrliyi ilə keçirilən iclasda onun təşəbbüsü
və təklifi ilə qəbul edilən tarixi qərarlardan biri müstəqilliyimizin əsas
atributlarından olan üçrəngli bayrağımızın
Naxçıvan Muxtar
Respublikasının Dövlət
Bayrağı olması
barədə idi. Qərarda həmçinin
Azərbaycan Respublikasının
Ali Qanunverici Orqanına Azərbaycanın
dövlət rəmzləri
haqqında məsələyə
baxması, respublikamızın
milli tarixi ənənələrinə uyğun
olaraq yeni dövlət rəmzlərinin
- bayrağın, gerbin,
himnin qəbul olunması təklif edildi. Bax beləcə,
33 il əvvəl, sovet hakimiyyətinin hələ "yaşadığı"
bir vaxtda Heydər Əliyev üçrəngli bayrağımızı
xalqımıza, Azərbaycanımıza
qaytardı. Heç üç ay keçmədən - 1991-ci il
fevralın 5-də respublika
Ali Soveti üçrəngli bayrağın
Azərbaycanın dövlət
bayrağı kimi təsdiq olunması barədə qərar qəbul etdi.
O vaxtdan bəri
də çox keşməkeşlərdən keçdi
bayrağımız. Namərd
qonşumuzun olmazın
vəhşiliklərinin, ona
dəstək verənlərin
namərdliyinin şahidi
oldu. Qaçqınlı-köçkünlü
günlərimizi bərabər
yaşadı bizimlə.
Sapı özümüzdən
olan baltaların dağıtdığı, talan
etdiyi iqtisadiyyatımızı
gördü... Yağı
əlində qalan yurd yerlərimizin həsrətini bizimlə bərabər çəkdi...
Lakin sınmadı, əyilmədi bayrağımız.
Etibarlı əllər
tutmuşdu onu. Biz ondan, o da
bizdən güc aldı. Ulu Öndərimizin uzaqgörənliklə
göstərdiyi yolla irəlilədik. Müdrik
liderimiz İlham Əliyevin ardınca getdik, yumruq kimi birləşdik, günü-gündən gücləndik.
Elə bir güclü Azərbaycan qurdu ki Prezidentimiz,
elə bir yenilməz ordu yaratdı ki, Müzəffər Ali Baş Komandanımız, elə bir gənc
nəsil yetişdirdi ki dövlətimizin başçısı, cəmi
44 günə illərdir
sinəsini döyüb
"qürurlanan" yağıya
diz çökdürdü.
Torpaqlarımızda həmişəlik
at oynadacağını
düşünən düşmən
yurdumuzda bərqərar
etməyə çalışdığı
bayrağını ayaq
altında, silahını
döyüş meydanında
atıb qaçdı.
Biz isə müqəddəs üçrəngli
bayrağımızla döndük
öz doğma torpağımıza, yurd-yuvamıza.
Prezidentimiz Şuşada,
Zəngilanda, Füzulidə,
Kəlbəcərdə, Xankəndidə,
Xocalıda, bir sözlə, işğaldan
azad edilmiş torpaqlarımızın hər
tərəfində bayrağımızı
ucaltdıqca göz yaşlarımızı saxlaya
bilmədik. Bu dəfə sevinc göz yaşlarını...
İndi Qarabağın
və Şərqi Zəngəzurun elə bir kəndi və şəhəri yoxdur ki, orada
Azərbaycan bayrağı
dalğalanmasın. Düşmənə
gözdağı olan
Azərbaycan bayrağı!
Müqəddəsdir bu bayraq. Bizimlə
bərabər odlardan-alovlardan
keçdiyi üçün.
Vətən torpağı
uğrunda həyatını
qurban verən igidlərimizi son mənzilə yola salıb şəhid evlərində qəhrəmanlıq
rəmzi kimi qorunaraq nəsillərə
yadigar qaldığı
üçün. Bizi
qələbədən-qələbəyə
apardığı üçün.
Daha işıqlı sabahlara doğru gedən yolumuzda yol yoldaşımız olduğu üçün...
Bayraq Günün
mübarək, qalibiyyət
bayraqlı Azərbaycan!
Flora SADIQLI,
Azərbaycan.-2022.- 9 noyabr, №246- S.12.