Başda Fransa olmaqla Qərb ölkələri Qarabağdan
könüllü köç
edən erməniləri
geri qaytarıb onlara siyasi status
verilməsini tələb
edirlər, baxmayaraq ki, ermənilərin bu "status"u tarixən xalqımızın
başına çox
bəlalar gətirib. İndi belə çıxır ki, erməni sevdalıları
bizi bu bəlaya
yenidən sürükləmək
istəyirlər.
Prezident İlham
Əliyev bu barədə dəfələrlə
ölkəmizin mövqeyini
bildirib. Ancaq Ermənistanın arxasında
duran qüvvələr
bu işdən əl çəkmək istəmirlər, hər vasitə ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar.
Hətta Fransa ermənilərin geri qaytarılması barədə
yenidən BMT-də məsələ qaldırmaq
istəyir.
Qəribəsi isə
budur ki, Ermənistanda tamam başqa proseslər baş verir.
İndi Ermənistana qayıdan (çünki onların əksəriyyəti
Ermənistan vətəndaşlarıdır) ermənilər
orada özlərinə xüsusi status tələb edirlər.
Ermənistanınsa qurum kimi
(qondarma) "Artsax"a qucaq açmaq fikri yoxdur. Belə
yerdə deyiblər: "Özünüzə rəva görmədiyinizi
bizdən niyə tələb edirsiniz?" Özünü kor
və karlığa qoyan Qərb buna nə reaksiya verəcək?
Şübhəsiz ki, onu nə eşidəcək, nə də
görəcək.
Əvəzində
"köçkün" ermənilər bu dəfə
Avropa və Amerikaya qaçmaq istəyirlər. Kasıb və
perspektivsiz Ermənistanda qalası deyillər ki... Belə olan
halda Qərb Azərbaycanın Qarabağ iqtisadi rayonuna kimləri
köçürəcək?
Bundan sonra ermənilərin
Avropa və Amerikadakı havadarlarına gün kimi aydın
olub ki, soydaşları bu "tarixi fürsət"i əldən
verməyərək qaçqın statusu alan kimi onlara sarı
üz tutacaqlar. Çünki bunu onlar çoxdan etmək istəyirdilər,
sadəcə, Qarabağdakı xunta rejimi buna imkan vermirdi.
İndi isə həmin rejim gorbagor olub. Fransızlar sevinə
bilərlər, "kiçik bacı"ları tezliklə
onların ölkəsinə daraşacaq. Ancaq unutmasınlar
ki, məsələn, Marsel dönüb Marselaşen ola bilər.
Axı bugünkü Fransanı da "qədim ermənilər
qurublar". Biz bunu başımıza gələnlərdən
yaxşı bilirik. Üstəlik, Rusiya, Gürcüstan,
Türkiyə təcrübəsi var. Ermənilər sonuncu
torpaq iddialarını Rusiyada irəli sürüblər.
Şimali Qafqazdakı bir çox şəhəri öz
adlarına çıxıblar.
Bu gün Ermənistan
cəmiyyətində sözün həqiqi mənasında hərcmərclikdir,
ölkə düşdüyü çətin vəziyyətdən
çıxa bilmir. Bir tərəfdən deyirlər ki, Azərbaycan
Qarabağda "etnik təmizləmə" aparıb, digər
tərəfdən də N.Paşinyan ermənilərin
köçürülməsində heç bir
zorakılıq olmadığını rəsmən bəyan
edir. Gah baş nazir sülhdən danışır, gah da
xarici işlər naziri müharibədən. Bir sözlə,
başlarını itiriblər.
İndi Ermənistan
hakimiyyətinin istədiyi odur ki, havadarlarının köməyi
ilə az da olsa ermənini Azərbaycana geri qaytarsın ki, cəmiyyətdə
iqtidara olan qəzəb bir qədər azalsın. Bəzi siyasətçilər
isə hələ də müharibə yolu ilə Azərbaycan
ərazilərini yenidən işğal etmək istəyirlər.
Xankəndidəki möhtəşəm Zəfər paradı
bu cür müharibə arzusunda olanlara, Ermənistan cəmiyyətinə,
eləcə də onların xaricdəki havadarlarına tarixi dərsdir.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.13.