Dövlətinin, xalqının ümidlərini hər zaman doğruldan gənclik

 

 

"Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", -  bunu bu il mayın 28-də Laçında həmin rayondan olan sakinlərlə görüşdə Prezident İlham Əliyev dedi.

Dövlət başçısının fəxrlə, qürurla bəhs etdiyi bu gənclərin Vətənə sevgiləri sonsuzdur. Onlar bu sevgi ilə 2020-ci ilin payızında silaha sarıldılar. 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin şanlı səhifələrinə çevirdilər. Cəbhədə, döyüş meydanlarında elə bir şücaət, cəsurluq, əzmkarlıq göstərdilər ki, müharibənin ilk dəqiqələrindən düşmənin canına qorxu düşdü. Ermənistan silahlı qüvvələri bu igidlərin hünəri, qətiyyəti qarşısında qədər aciz olduqlarnı anladılar.

Otuz ilə yaxın idi ki, Azərbaycanın iyirmi faiz torpaqlarını erməni qəsbkarları əsarət altında saxlayırdılar. Ərazilərinin işğalı faktı ilə barışmayan Azərbaycan dövlətinin mövqeyi hər zaman aydın idi. Dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünün bərpası, qaçqın məcburi köçkünlərin öz torpaqlarına qayıtması dövlətimizin qarşıya qoyduğu əsas hədəflərdən, ən vacib məsələlərdən idi.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin sərhədlərinin toxunulmazlığının zəruriliy bildirilir, düşmən qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal qeyd-şərtsiz çıxması tələb olunurdu. Ancaq Ermənistan açıq-aşkar işğalçılıq mövqeyi tutaraq həmin qətnamələri yerinə yetirmirdi. İşğalçı ölkənin rəhbərləri məsuliyyətsiz çıxışlarında təsdiq edirdilər ki, öz mövelərindən əl çəkmək niyyətində deyillər.

 Azərbaycan dövləti məsələni sülh yolu ilə həll etməyə çalışırdı. Prezident İlham Əliyev öz çıxışlarında Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sonadək mübarizə aparacağını bildirirdi. Dövlətimizin başçısı Azərbaycanın danışıqlar prosesində, bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəyini, heç vaxt torpağımızda ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini dünyaya bəyan edirdi.

Yalnız bir yol vardı. İşğal edilmiş ərazilərimiz  işğalçılardan azad edilməli, Ermənistanın qəsbkarlığı, təcavüzkarlığı nəticəsində məcburən köçkün düşmüş azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalı idilər.

Ermənistan faşizm ideologiyasından əl çəkmirdi. İşğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini, mülki əhalisinin yaşayış məntəqələrini iriçaplı silahlardan intensiv atəşə tuturdu. Yalanları, boş xülyaları çox sevən Ermənistan rəhbərliyi ordusunun "gücündən" danışır, ağlasığmaz miflər uydururdu.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal altında saxladıqları otuz ilə yaxın müddətdə ermənilər soydaşlarımızın abad yurdlarını xarabaya çevirmiş, evlərini uçurub dağıtmışdılar. Təbiətinə belə qənim kəsilmişdilər. Meşələrindən ağaclarını qırmış, bulaqlarını qurutmuşdular. Əvəzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında özlərinə keçilməz hesab etdikləri istehkamlar qurmuşdular.

44 günlük Vətən müharibəsinin ilk günlərindən Azırbaycanın igid övladları erməni yalanlarını ifşa etdilər. Ordusunun mifdən ibarət olduğunu Ermənistan rəhbərliyi də, bütün dünya da gördü. İşğalçı hərbi birləşmələr Müzəffər Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi, döyüş meydanından açıq şəkildə qaçmağa başladılar.

Ermənistan 2020-ci ildə Azərbaycanı müharibəyə təhrik edəndə də, hər zaman olduğu kimi, öz gücünə arxalanmırdı. Yenə havadarlarına güvənirdi. Necə deyərlər, əlləri boşda qaldı. Azərbaycanın qəhrəman döyüşçüləri düşməni döyüş meydanlarında məğlub etdilər. 2020-ci il noyabrın 24-də Prezident İlham Əliyev Ağdama səfərində bildirdi ki, Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstdədir: "Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir".

Hələ 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında Prezident İlham Əliyev demişdi:  "Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir".

Azərbaycan gəncləri hər zaman olduğu kimi, Vətən müharibəsində də doğma xalqının, dövlətinin ümidini, inamını doğrultdu. Vətənpərvər Azərbaycan gəncləri xalqımıza böyük Zəfər sevincini yaşatdılar. Onlar Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən şiddətli döyüşlərdə düşmənə tarixboyu unuda bilməyəcəyi dərsi verdilər.

Düşmən düşmənliyindən Vətən müharibəsindən sonra da əl çəkməsə də, işğalçı Ermənistanın silahlı qüvvələri, cinayətkar xunta rejiminin "rəhbərləri" Qarabağda müharibədən sonra da təxribatlar, mina terroru törətməkdə davam etsələr də, sonunda layiq olduqları cavabı aldılar. Bu ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərində ermənilər əllərindəki silahı yerə qoyaraq ağ bayraq qaldırıb aman diləmək məcburiyyətində qaldılar. Bundan sonra gərək unutmasınlar ki, Azərbaycanın dövlətinə sadiq, xalqına bağlı cəsur, igid övladlarının qarşısında hər zaman məğlub ola bilərlər.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.13.