Heydər
Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili kurslarının məzunlarına
sertifikatlar verilib
Heydər Əliyev
Fondu, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) birgə əməkdaşlığı
çərçivəsində təşkil edilən distant Çin dili kurslarını bitirən tələbələrə
sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov layihənin ilk günlərindən Çinin
Azərbaycandakı səfirliyi
və Azərbaycan Dövlət İqtisad Universiteti arasında sıx əməkdaşlıq
qurulduğunu bildirib. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə reallaşıb.
“Sevindirici haldır ki, Azərbaycanda Çin dilini öyrənmək istəyən
tələbələr kifayət
qədər çoxdur.
İnanıram ki, belə layihələrin sayı gələcəkdə
artacaq, Azərbaycan-Çin
əməkdaşlığı daha da inkişaf
etdiriləcək. Bu gün artıq 50-dək tələbəmiz bir neçə kursu uğurla başa vurub”, - deyə S.Məmmədov əlavə
edib.
Çinin Azərbaycandakı
səfiri xanım Qo Min bildirib
ki, Azərbaycanda bir sıra orta
məktəblərdə Çin
dilinin tədrisi barədə razılıq
əldə edilib, həmçinin universitetlərdə
belə layihələrin
davam etdirilməsi nəzərdə tutulur. Çin dili kurslarını bitirən
tələbələrə uğurlar arzulayan xanım Qo Min
gələcəkdə onların
iki ölkə arasında əlaqələrin
genişləndirilməsinə töhfə verəcəklərini
deyib.
Qeyd olunub ki, Çin dili kursları 2019-2022-ci illəri əhatə edib. Ümumilikdə 35 tələbə həmin kurslarda iştirak edərək, Çin dilində dinləmək, danışmaq, oxumaq və yazmaq kimi ilkin biliklərə
yiyələnib.
Hazırda dünyada
Çin dilinə maraq göstərənlərin
sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən
Çin dili dünyada ən çox yayılan dillər siyahısında
qərarlaşıb.
Bakıdakı Çin
dili kursları layihəsinin tərəfdaşları
UNEC, Azərbaycan Dillər
Universitetinin nəzdindəki
Konfutsi İnstitutu və Pekin Xarici
Dillər Universitetidir.
Tədbirin sonunda tələbələrə sertifikatlar
təqdim olunub.
Azərbaycan.-2023.- 14 noyabr,
№ 247.- S.6.