Bakı Beynəlxalq
Kitab Sərgisində
“Uzun Həsən – Ağqoyunlu dövlətinin
hökmdarı” kitabının
təqdimatı olub
Heydər Əliyev
Fondu IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Sərgidə Fondun müxtəlif nəşrləri təqdim
edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın
13-də Beynəlxalq Kitab
Sərgisi çərçivəsində
“Uzun Həsən – Ağqoyunlu dövlətinin
hökmdarı” kitabının
təqdimatı keçirilib.
Fond tərəfindən
nəşr olunan kitab iki hissədən
ibarətdir. Birinci hissədə Uzun Həsənin şəcərəsi,
tərcümeyi-halı haqqında
məlumat verilir.
Nəşrdə, həmçinin
Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili və xarici siyasəti, XV əsrdə Azərbaycanda
və dünyada baş vermiş siyasi proseslər, XIV-XV əsrlərdə Azərbaycana
gəlmiş və Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar, Azərbaycanın
ilk qadın diplomatı, Uzun Həsənin anası Sara Xatunun fəaliyyəti,
Uzun Həsənin həyat yoldaşı Despina Xatunun obrazının Avropa mədəniyyətində tərənnüm
olunması haqqında
tarixi məlumatlar yer alıb.
Kitabda dünya
muzeylərində Ağqoyunlu
dövlətinə aid
maddi-mədəniyyət nümunələrinin
kolleksiyaları haqqında
da məlumatlar verilir.
Nəşrin ikinci
hissəsi kataloqdur. Burada İstanbul şəhərində yerləşən
Hərb Muzeyindəki nadir eksponatların, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi,
Azərbaycan Milli Xalça Muzeyi və Gəncə tarix-diyarşünaslıq muzeyinin,
Azərbaycan Milli Kitabxanasının fondlarında
saxlanılan və Ağqoyunlu dövrünə
aid 50-dən çox eksponat haqqında məlumatlar əldə etmək mümkündür.
Qeyd edək ki, kitab Heydər Əliyev Mərkəzində hazırda davam edən “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi çərçivəsində nəşr olunub.
Azərbaycan.-2023.- 14 noyabr, ¹ 247.- S.6.