Sözdə sülh, əməldə hərb

 

 

Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharibəni körükləyir

 

 

 

İkinci Qarabağ müharibəsində Azərbaycandan ağır məğlubiyyət alan Ermənistan dünyada ermənipərəst mövqeyi ilə seçilən Fransa ilə yaxından hərbi əməkdaşlıq etməyə başlayıb. Bütün bunlar isə məğlubiyyətini həzm edə bilməyən Ermənistanda revanşist qüvvələrin baş qaldırdığından xəbər verir.

Ermənistanın bu hərbi əməkdaşlıqda əsas məqsədi müharibədə itirdiklərinin yerini doldurmaqdır. Fransanın Emənistana olan münasibəti çoxdan məlumdur. Fransa hələ ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrlərdə ermənipərəst mövqeyi ilə seçilib - uzun illər beynəlxalq hüquq və ədalət prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək olub, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumub.

İndi isə Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına qısqanclıqla yanaşır. Özünün danışıqlardan kənarda qalması, seyrçi olması ilə barışmaq istəmir. Buna görə də hər vasitə ilə müxtəlif səviyyələrdə suyu bulandırmağa çalışır, Ermənistanla daha da yaxından əməkdaşlıq etməyə can atır. Üstəlik də özünü dünyada sülhün carçısı kimi göstərmək istəyir, özü də nəyi ilə - tutduğu ədalətsiz mövqeyi, Ermənistana satdığı silahları ilə. Yəqin ki, Fansa bu addımları ilə dünyada itirməyə başladığı nüfuzunu bərpa etməyə çalışır. Amma, əksinə, Fransa bu hərəkətləri ilə beynəlxalq nüfuzunu getdikcə itirməkdədir.

İki ölkə arasındakı əməkdaşlıq nəticəsində Ermənistan Fransadan silahlar almağa başlayıb. Xəbər portallarında verilən məlumatlara görə, Fransadan göndərilən başqa  silahlarla yanaşı, "Acmat" şirkətinin istehsalı olan "Bastion" çoxməqsədli zirehli texnikası artıq Ermənistana çatdırılıb. Ermənistan isə aldığı bu silahlarla Vətən müharibəsində itirdiyi gücünü bərpa etməyə çalışır. Amma düşmən ölkə nə qədər gücünü artırmağa səy göstərsə də, yenə Azərbaycan Ordusu qarşısında həmişə gücsüz, zəif olaraq qalacaq.

Azərbaycan həmişə sülhün tərəfində olduğunu bütün beynəlxalq səviyyələrdə açıq-aydın bəyan edib və etməkdədir. Verdiyi bəyanatlara da həmişə sadiqdir. Amma Ermənistan tərəfi bu günə qədər verdiyi vədlərin heç birini yerinə yetirməyib. Fransa Prezidenti də bütün dairələrdə haqsızcasına Ermənistanı müdafiə edir. Çağırılmamış qonaq kimi özünü sülh danışıqları prosesinə qatmaq istəyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə keçirilmiş sülh müzakirələrində Fransa Prezidenti Emmanuel Makron az qala "tamhüquqlu tərəf" qismində iştirak etməyə çalışsa da, onun cəhdləri hər dəfə rəsmi Bakının qətiyyətli müqaviməti ilə qarşılaşır.

Bu gün müxtəlif dairələrdə Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha yaxşı olar. Tarixdə qoyduğu qanlı izlərə baxıb özünün kim olduğunu bir az da dərindən tanıyar. Ayrı-ayrı xalqlara qarşı soyqırımı törədən Fransa Əlcəzair, Vyetnam, Mərakeş və Tunisdə milyonlarla insanı məhv edib. Bu da özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixinin acı reallıqlarıdır. Tarixində belə qanlı izlər qoymuş bir ölkə heç vaxt sülhə xidmət edən addımlar ata bilməz. Necə ki, atmır da…

Bütün dünyaya məlumdur ki, Fransanın son əməlləri regionda sülhə arxadan vurulan zərbədir. Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, gərginliyin daha da artmasına gətirib çıxaracaq. Aşkar görünən odur ki, regionda sülhün bərqərar olması rəsmi Parisin ürəyincə deyil. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və məqsədinə çatmaq üçün verdiyi silahları ilə Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayır. Bu gün Fransa Ermənistana silah satmaqla danışıqlar prosesinə əngəl törədir.

"Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib. Eyni zamanda dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.

Ermənistan bir əli ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir, bir əli ilə də Fransadan silahlar alır. Təbiidir ki, bu silahlar sülh üçün alınmır. Avropa İttifaqı da özünü iki ölkə arasında sülh yaratmağın təşəbbüskarı kimi göstərir. Amma nədənsə Azərbaycan və Ermənistan arasında sülh yaratmağa çalışan Avropa İttifaqı Fransanın belə məsuliyyətli və kövrək zamanda Ermənistana silah satmasına münasibət bildirmir, hələlik susmağa üstünlük verir. İstər Fransanın, istərsə də Avopa İttifaqının bu hərəkətləri açıq-açığına sülh prosesinin əleyhinə atılan addımlardır.

Gün kimi aydındır ki, özünü "sülhpərvər" göstərən Fransanın bu mövqeyi sülhə zərbə vurmaqdan başqa bir əməl deyil. Azərbaycan isə öz istəyinə doğru inamla addımlamaqdadır. Ölkəmizi uğurla getdiyi bu yoldan heç bir qüvvə döndərə bilməz.

 

Vahid MƏHƏRRƏMOV

Azərbaycan.-2023.- 14 noyabr, ¹ 247.- S.11.