Hayastanda insan alveri halları 10 dəfə artıb

 

 

Bu il Hayastanda sosial-iqtisadi müstəvidə vəziyyətin daha sürətlə pisləşməsi müşahidə edilməkdədir. Erməni mediası yazır ki, acınacaqlı durum Nikol Paşinyan hökumətinin yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə konkret addımların atılmamasının göstəricisidir. Bildirilir ki, baş nazir xalqı yox, yalnız özünü düşündüyü üçün Hayastan ağır böhranı yaşayır. Postmüharibə dönəmində Hayastanda korrupsiya faktları dəfələrlə artıb.

Korrupsiya nəticəsində hakimiyyət təmsilçilərinin var-dövləti artdığı halda sadə əhalinin güzəranı daha da pisləşib.  Hayastanın borcları sürətlə artır, əhalinin rifahı isə aşağı düşür, ölkənin xarici iqtisadi asılılığı güclənir. Hayastan qarşıdakı dövr ərzində sosial, siyasi iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək.

Bunların fonunda Hayastanda insan alveri hallarının sayı 10 dəfə artıb. Cinayət hallarının sayının artmasını rəsmi statistika da təsdiq edir. Hayastanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında qeydə alınan insan alveri ya istismarı halları ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.

Eyni zamanda qeyd edilir ki, son illər Hayastanda yetkinlik yaşına çatmayanlar tərəfindən küçələrdə dilənçilik etmələri çoxalıb.

Bütün bunların fonunda İrəvanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir. Bu əsnada sadə vətəndaşların vəziyyəti daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın artmasına rəvac verir. İndi bu ölkədə insanlar gələcəklərinə nikbin yanaşmır Hayastanı tərk etməyə çalışırlar. Çünki böyük səfalət içində yaşayır, gündəlik ərzaq almağa pul tapmaqda belə çətinlik çəkirlər. Hazırda  Hayastanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə, Hayastanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.13.