Milli Kitabxanada "Talesizlər şəhəri" kitabının təqdimatı keçirilmişdir

 

 

Azərbaycan Milli Kitabxanasında "44 günün Şanlı Zəfəri" adlı ənənəvi kitab sərgisinin açılışı Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" kitabının təqdimat mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi Azərbaycanın ərazi bütövlüyü müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov tarixi Zəfərimizin üç illiyi münasibətilə təsis edilən "44 günün Şanlı Zəfəri" adlı kitab sərgisi barədə ətraflı məlumat vermiş, bu ilin əlamətdar hadisələrlə zəngin olduğunu vurğulamışdır: "2023-cü il Prezident

İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib. Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərlə yadda qalır. Bu günlərdə isə ölkəmizin, xalqımızın həyatında müstəsna yeri olan Şanlı Zəfərimizin üçüncü ildönümü tamam oldu. 8 Noyabr - Zəfər Gününü Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tariximizin səhifələrinə qızıl hərflərlə yazdığını qeyd edən Kərim Tahirov demişdir ki,  Azərbaycan xalqı yaşadıqca bu gün həmişə qürurla xatırlanacaq: "Hamımız arzusundaydıq bilirdik ki, Ermənistanın işğal etdiyi ərazilərimiz vaxtsa azad olacaq. Amma belə tezliklə bu tarixi hadisənin olacağını gözləmirdik. Dünyada cərəyan edən hadisələr, ikili standartlar bizə bu əminliyi vermirdi. Otuz ilə yaxın bax, burada, bu zalda Qarabağla, Şuşa ilə erməni qəsbkarlarının işğal etdikləri digər ərazilərimizlə bağlı tədbirlər keçirmiş hər dəfə sonda demişdik: "Allah torpaqlarımızın azad olduğu günləri görməyi bizə nəsib etsin". Arzumuza çatdıq. Xoşbəxtik ki, bu günləri yaşamaq bizə qismət oldu. Xoşbəxtik ki, işğal günlərinin ağrısını, acısını, problemlərini gələcək nəslin görməsinə imkan vermədik. Bunun üçün Ali Baş Komandana, Azərbaycan xalqının qəhrəman oğullarına, bu zəfərdə payı olan bütün insanlara təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.  Böyük Zəfər günü hamımız sevincdən ağladıq. Biz başımızı dik tutduq, bütün danyaya göstərdik ki, nəyə qadirik".

30 ilə yaxın davam edən işğal müddətində təcavüzkar ermənilər Qarabağ Şərqi Zəngəzurda abad kəndləri, qəsəbələri, şəhərləri xarabalığa çevirdilər. Azərbaycan dövləti indi həmin ərazilərində geniş sürətli tikinti, quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlər yenidən qurulmuş yurdlarına, evlərinə qayıdırlar. Kərim Tahirov bildirmişdir ki, biz qurub-yaradan xalq olduğumuzu bütün dünyaya göstəririk: "Biz fərəhli günlər yaşayırıq. Gözəl günlərin şahidi oluruq. Gələcək nəsillər bugünkü quruculuq işlərindən fəxrlə danışacaqlar. Amma işğal dövründə gördüyümüz çətinliklər, müsibətlər yaddan çıxmayacaq. O illər, eləcə böyük Zəfərimizlə nəticələnən İkinci Qarabağ müharibəsi indiki quruculuq illərində baş verən hadisələr barədə məqalələr, elmi əsərlər, bədii ədəbiyyat nümunələri yaradaraq yazılı mənbələrdə saxlamalıyıq ki, gələcək nəsillər oxuya bilsinlər, öz atalarının, babalarının qəhrəmanlığı haqqında tam təsəvvürləri olsun. Yazıçı-jurnalist Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" kitabı da, məncə, bu amala xidmət edir, bu məqsədlə yazılıb. Bu gün biz Azərbaycan xalqının tarixini əks etdirən bir kitabın işığına yığışmışıq. Mən bu kitabı oxuyanda qələmin gücünə, sehrinə valeh oldum. Rəfiqə Sadıqova çadır şəhərciyini, orada çox ağır vəziyyətdə yaşayan insanların çəkdiyi acıları ustalıqla qələmə alıb. "Talesizlər şəhəri"ni oxuyanlara müəllif o ağrıları, acıları dərindən hiss etdirə bilir. Belə kitablar çox yazılmalıdır. Yazılan qalır. Böyük hadisələrə şahidlik edən əsl tarixi sənəd budur".

K.Tahirov daha sonra qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları Şuşa kimi qala şəhəri qəhrəmanlıqla azad ediblər: "Mənə elə gəlir ki, Birinci Qarabağ müharibəsində vəhşicəsinə öldürülən valideynlərinin, digər qohumlarının ruhu onlara güc verib. Eyni zamanda 30 il ərzində yaşadıqları məşəqqətlər onlara elə bir güc-qüvvət verib ki, silahlı düşmənin üstünə əliyalın gediblər. "Talesizlər şəhəri" kitabında bəhs edilən, o hadisələrdə iştirak edən uşaqlar, mənə elə gəlir ki, böyüyüb, gedib Qarabağı azad ediblər. Bu kitabı oxuyandan sonra əmin olursan ki o çətinlikləri, sıxıntını, məhrumiyyəti görənlər düşmənin üstünə əliyalın gedərdi".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, yazıçı, publisist Aqil Abbas ağrılı bir həqiqəti diqqətə çatdırmışdır: "Ermənilər təkcə torpaqlarımızı işğal etmədilər, evlərimizi dağıtmadılar, hər birimizin ömründən 35 ilini çaldılar. Mənim 70 yaşım var, onun 35 ilini yaşamamışam. Axırda qələbə bizim oldu. Çünki ədalət bizim tərəfimizdə idi". Aqil Abbas onu da diqqətə çatdırdı ki, Rəfiqə Sadıqova Qarabağ mövzusunda çoxsaylı publisistik məqalələr yazıb: "Mən gözləyirdim ki, Rəfiqə xanım "Talesizlər şəhəri" kimi bir əsər yazacaq. Bakıda da doğulub o faciədən yazmaq olar. Amma bir var ki, olanları özün görmüsən, özün yaşamısan. Həmin faciələri yaşayanlar yaxınların, doğmaların olub. Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" kitabında həmin hisslər ifadə edilib. Tarixi hadisələr müəllif tərəfindən böyük məharətlə qələmə alınıb".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Zəfərimizin üçüncü ildönümündə xalqımızı qürurlandıran hadisələrin baş verdiyinə diqqəti çəkdi. Bildirdi ki, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordumuzun növbəti paradını qəbul etməsi tarixi Zəfərimizin daha bir səhifəsidir: "Böyük qələbədir. Böyük fəxarətdir. Bu günü səbirsizliklə gözləmişdik. Bəzən səbrimiz tükənmişdi, ağlaya-ağlaya, sına-sına, bəzən isə, az qala, ümidimizi itirə-itirə gözləmişdik. Amma cənab İlham Əliyev bizim ümidimizi diriltdi. Bu qələbə sevincini, qələbə xoşbəxtliyini bizə yaşatdı".

Tarixə çevrilən o çətin günlər, ermənilərin yurdsuz, evsiz qoyduğu insanların çəkdikləri əzab-əziyyətlər unudulmayıb. Bu gün o hadisələrin şahidi olan insanların çoxu həyatdadır. Gələcək nəsillərimizə isə bu barədə yazılan əsərlər dolğun məlumat verəcək. Bəxtiyar Sadıqov qeyd etdi ki, "Talesizlər şəhəri" əsəri bu mənada olduqca əhəmiyyətlidir: "Əsər işğal nəticəsində evlərini tərk etməyə məcbur olan, çadırlara sığınan soydaşlarımızın çətin məqamlarda da xalqımıza xas olan mənəvi keyfiyyətlərinə sadiq qaldıqlarını əks etdirir. Çadır şəhərciyi qeyri-adi, dəhşətli yer idi. Yardım paylananda insanların növbəsini görmüşük, yağış yağanda yorğan-döşəkləri islanırdı, səhər sərməyə yer tapmırdılar. O çadır şəhərciyinin qəhrəmanları bizim Azərbaycan qadınları olub. Onlar tapa bilməyib çadır şəhərciyinə qayıdan həyat yoldaşlarına dayaq olurdu. Heç olmasa çır-çırpı tapıb yandırır, ömür-gün yoldaşına bir stəkan çay verirdi. O müsibətə Azərbaycan  qadınları dözdü. Qəhrəman oğullar böyütdülər. Həmin oğullar 44 günlük savaşda düşməndən qisas almağı bacardılar. Min zillətlə böyütdüyü övladı şəhid olan, yenə qürurla başını dik tutan qadınlarımız var. Ailə cəmiyyətin kiçik modelidir, qədər möhkəmdirsə, cəmiyyət möhkəm olacaq. Bizim xalqımız ən çətin, məşəqqətli günlərində mənəviyyatı yüksək tutub. Hər zaman böyüyə, kiçiyə hörmətlə yanaşılıb, bir-birinə qayğı, kömək göstərilib. Bunu "Talesizlər şəhəri"ndə, əsərin  qəhrəmanı Rasimin timsalında da görürük. Bu cür mənəviyyatdan bəhs edən kitabların yazılması çox vacibdir. Yazıçılarımız, qələm əhlimiz bu mənada borcludur. Boyuk Zəfərdən

3 il keçir, bəs yeni əsərlər hardadır? Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz Vətən torpağının işğalda qalmaması üçün canından keçən şəhidlərin qisasını aldı. O çadır şəhərciklərində zülm çəkən, aclıq çəkən qadınlarımızın, analarımızın, qocalarımızın, uşaqlarımızın qisasını aldı. Talesizlər şəhəri bu gün artıq bəxtəvərlər şəhərinə çevrilir".

Tədbirin sonunda qonaqlar kitab sərgisi ilə tanış oldular.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 14 noyabr, № 247.- S.14.