Birinci
xanım Mehriban Əliyevanın “Fələstin
üçün tək
ürək” toplantısının
iştirakçılarına müraciəti
Azərbaycan Respublikasının
Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda
keçirilən dövlət
və hökumət başçılarının xanımlarının
“Fələstin üçün
tək ürək” toplantısının iştirakçılarına
müraciəti olub.
AZƏRTAC Birinci xanım
Mehriban Əliyevanın
müraciətini təqdim
edir.
- Hörmətli Əminə
xanım,
Hörmətli toplantı
iştirakçıları,
İlk növbədə
Türkiyə Respublikasının
Birinci xanımı, hörmətli Əminə
Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə
dərin təşəkkürümü
bildirirəm.
Hörmətli Əminə
xanımın humanitar
və sosial sahələrdə fəaliyyətini,
o cümlədən hərbi
münaqişələrdən əziyyət çəkən
mülki şəxslərə,
qadınlara və uşaqlara yardım göstərilməsi məsələlərinə
verdiyi töhfəni xüsusi qeyd edir və bunu
yüksək qiymətləndirirəm.
Bu il yaranmasının 100-cü ildönümünü
qeyd edən Türkiyə Respublikası
bütün sahələrdə
mühüm nailiyyətlər
əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir. Qardaş Türkiyə daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin
olunmasına önəmli
töhfə verir. Azərbaycan-Türkiyə qardaşlığı
və birliyi bu gün özünün
ən yüksək səviyyəsindədir.
Hörmətli toplantı
iştirakçıları,
İsrail-Fələstin münaqişə zonasında
gərginliyin miqyasının
gündən-günə genişlənməsi
və daha böyük insan faciəsinə səbəb
olması ciddi narahatlıq doğurur. Ürək ağrısı
ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan
ən çox əziyyət çəkənlərin
mülki şəxslər,
xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür.
Hərbi əməliyyatların
aparılması zamanı
beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına
başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm.
Azərbaycan hərbi
əməliyyatların dərhal
dayandırılması ilə
bağlı çağırışları
dəstəkləyir və
son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin
lehinə səs vermişdir. Ölkəmiz
beynəlxalq hüquqa
və BMT-nin müvafiq qətnamələrinə
uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin
“iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır.
2019-ci ildən etibarən
Qoşulmama Hərəkatına
sədrliyimiz dövründə
Fələstin məsələsinə
daim diqqət ayırmışıq. İnanıram
ki, bu il
Ramallah şəhərində
ölkəmizin Təmsilçilik
Ofisinin fəaliyyətə
başlaması Azərbaycan-Fələstin
əlaqələrinin inkişafına
təkan verəcəkdir.
Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara
Yardım və İşlərin Təşkili
üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar
və maliyyə yardımı göstərmişdir.
Eyni zamanda, Azərbaycan Fələstinə
siyasi və maliyyə dəstəyinin
cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında
Fələstin Dövlətinə
yardım məqsədilə
İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin
təsis konfransını
və Qüds şəhərinin inkişafına
dəstək məqsədilə
donor konfransını
qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında
fələstinli gənclər
ölkəmizdə ali
təhsil alırlar. Azərbaycan tərəfindən
Fələstində inşa
ediləcək məktəb
Fələstin xalqına
dəstəyimizin növbəti
təzahürü olacaqdır.
Geniş səlahiyyətlərə
malik beynəlxalq təsisatların üzləşdiyi
hazırkı böhran
vacib məsələlərin
həllini əngəlləyir.
Dərin kökləri
olan bu böhran
başqa bir müzakirə mövzusudur.
Qeyd etmək istəyirəm ki, müasir dövrdə hərbi münaqişələrin
həll olunmaması böyük ölçüdə
beynəlxalq hüququn
selektiv şəkildə
tətbiq olunmasından
irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə
şərait yaradır.
İctimai rəyin
çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası
üçün qərəzli
media platformaları vasitəsilə yalan hekayələr yayılır.
Bundan daha təhlükəlisi isə
mənəvi dəyərlərdən
manipulyasiya məqsədilə
sui-istifadə olunması
hallarıdır.
Ermənistanın Azərbaycana
qarşı 30 il davam edən təcavüzü nəticəsində
ərazilərimiz işğal
olunmuş, bir milyona yaxın soydaşımız öz
dədə-baba yurdlarından
didərgin düşmüş,
300-dən artıq şəhər
və kəndimiz darmadağın edilmiş,
dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda
67 məsciddən 65-i yerlə-yeksan
edilmişdir.
Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
etdiyi 4 qətnaməsi
27 il kağız üzərində qaldı.
Azərbaycan 2020-ci ildə
44 günlük Vətən
müharibəsində torpaqlarını
özü işğaldan
azad etdi və bu ilin
sentyabr ayında antiterror əməliyyatı
ilə Ermənistan silahlı qüvvələrinin
qalıqlarının mövcudluğuna
və separatizmə son qoyaraq suverenliyini
tam bərpa etdi.
Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir. Buna görə də, hörmətli Əminə xanıma bu vacib tədbiri təşkil etdiyinə və dəvətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan.-2023.- 16 noyabr, № 249.- S.1.