Türk dövlətləri arasında
əlaqələrin genişlənməsində
böyük İpək
yolu əlavə imkanlar yaradır
Həyatımızın çoxu yolda keçir. Xüsusən, səhər və axşam saatlarında, nəqliyyatın sıx olduğu zamanlarda bunun daha çox
fərqinə varırıq.
Nazim Hikmətin təbirincə desək, tükənməz yolları
tükətməyə çalışırıq.
Ona mistik anlamlar yükləmək istəyirik. Çünki
hər bir ünvanın abadlığı
da, mədəniyyəti
də yoldan başlayır. Ona görə də yolu ömrümüzün
bir hissəsi kimi qəbul edirik.
Dövlətlər arasında
əlaqələr də
yoldan başlayır. Dünyanın hər bir coğrafiyasından keçən nəhəng
yollar ölkələr
arasında körpü
olmaqla yanaşı, onların münasibət qurmalarında sanballı rol oynayır. Bu yolların başı nələr çəkməyib? Tarixin
müxtəlif dönəmlərində
müharibələr, işğallar,
təbii fəlakətlər,
dağıntılar nəticəsində
yollar param-parça olub, istiqamətini dəyişib. Yeni şəhərlər, kəndlər
salındıqca yolların
da ünvanı dəyişib, başqa istiqamətə yön alıb. Amma elə yollar olub ki, heç
bir zaman əhəmiyyətini itirməyib.
Onlardan biri, daha doğrusu, bəlkə də birincisi bəşər tarixində ilk qitələrarası ticarət
yolu kimi dəyərləndirilən böyük
İpək yoludur. Bu yolu tarixçilər
həm də diplomatiya yolu adlandırırlar.
"Böyük İpək
yolu" terminini ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand
fon Rixthofen işlədib. Bu nəhəng yol qədim dövrlərdə
və Orta əsrlərdə Çindən
Orta və Ön Asiya ölkələrinə
gedən karvan yolu, bugünkü dillə desək, ticarət marşrutu olub. Çin,Yaponiya,
Hindistan, Monqolustan,
İran, Özbəkistan, Tacikistan
və Azərbaycandan keçərək Avropaya
qədər uzanan İpək yolu vasitəsilə yüklər
Şərqdən Qərbə
daşınıb. Barıt,
maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramika və boya məmulatları
kimi yükləri Şərqdən Qərbə
daşıyanlar İpək
yolunun yolçuları
olublar. Bu yolun adının Çin ipəyi ilə bağlı olmasına baxmayaraq, X-XI əsrlərdə həmin
yolla Azərbaycan ipəyi də az daşınmayıb. Böyük İpək yolu həm də
Cənubi Azərbaycandan
keçdiyindən həmin
ərazi ilə geniş əlaqələri
olan Dərbənddə,
Şirvanda, Şəkidə
Beyləqanda, Gəncədə,
Qəbələdə, Təbrizdə,
Naxçıvanda ipəkçilik
inkişaf etmiş, bu bölgələrin hər biri ipəkçilik
üzrə ticarət
mərkəzinə çevrilib məşhurlaşmışdır.
Keçdiyi ölkələrin
həyatında mühüm
rol oynayan, mədəniyyətlər və
sivilizasiyalar arasında
körpü yaradan, əlaqələrin inkişafına
təkan verən İpək yolunun əsas üstünlüyü
onun Qərblə Şərqi birləşdirməsidir.
Bu həlqədə Azərbaycanın da böyük rolu var. Qədim odlar yurdu hələ
antik dövrlərdə
böyük İpək
yolu zəncirində olduqca önəmli, həm də strateji mövqeyə malik bir region
kimi diqqət çəkib. Şərq
və Qərb ölkələri ilə bağlanan ticarət yollarının Azərbaycandan
keçməsi onun iqtisadi və ticari inkişafında önəmli rolunu artırıb. Orta əsrlərdə Azərbaycan
şəhərləri içərisində
aparıcı mövqedə
olan Şamaxı, Quba, Bakı, Gəncə, Naxçıvan,
Təbriz, Nuxa (indiki Şəki) kimi şəhərlərin
böyüməsi və
əsas ticarət mərkəzlərinə çevrilməsi
Avropadan Asiyaya mal aparan tacirlərə,
necə deyərlər,
"geniş qol-qanad açmağa" şərait
yaradıb. Onlar bir çox halda həmin şəhərlərdə öz
mallarını satır,
xammal, yaxud digər məhsullarla dəyişirdilər. Arxeoloqların
fikrincə, müasir avtomobil yolları qədim ticarət yollarının üzərində
çəkilir. Eyni məntiqlə demək olar ki, Azərbaycanda
da Bakı-Salyan, Bakı-Quba, Bakı-Şamaxı
və Bərdə-Gəncə
avtomobil yolları qismən qədim karvan yollarını təkrar edirlər.
Artıq dünya
dəyişib, sivilizasiyaların
qovuşması tarixi gerçəkliyə çevrilib
və böyük İpək yoluna yenə də böyük ehtiyac yaranıb. Çünki qitələr arasında əlaqələr artıb,
iqtisadi cəhətdən
bütün qitələr
bir-birindən asılı
vəziyyətə düşüb.
Bu o deməkdir ki, böyük İpək yolu yenə diqqət və maraq mərkəzindədir.
Bu baxımdan Azərbaycanın yolun bərpa olunmasının ilkin təəşəbbüskarlarından
olması bizim üstünlüyümüzdür.
Ölkəmizdə böyük
İpək yolunun bərpasına dair ilk addımlar 1993-cü ildə atılıb. Həmin ilin mayında bu istiqamət üzrə
"Avropa-Qafqaz-Asiya Transqafqaz
nəqliyyat dəhlizi"
proqramı qəbul olunub. 1998-ci il sentyabrın 7-8-də Prezident
Heydər Əliyevin təşəbbüsü ilə
Bakıda "Böyük
İpək yolu" beynəlxalq konfransı keçirildi. Konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın
nümayəndə heyətləri
iştirak edərək
Avro-Asiya nəqliyyat dəhlizi məsələləri
və perspektivləri
müzakirə olundu.
Ulu Öndər
Heydər Əliyevin gerçəkləşdirdiyi Bakı-Novorossiysk,
Bakı-Supsa neft kəmərləri, eləcə
də həmi neft strategiyasının davamı olaraq Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində böyük
İpək yolunun şaxələnməsi istiqamətində
həyata keçirilmiş
Bakı-Tibilisi-Ceyhan əsas
ixrac neft boru kəməri, TANAP və TAP qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir
yolu xətti Avro-Asiya nəqliyyat dəhlizinin əsas sütunları sırasındadır.
Hələ 2017-ci ildə
Davosda Dünya İqtisadi Forumunun interaktiv iclasında çıxış edən
Prezident İlham Əliyev demişdir: "Böyük İpək yolundan danışdıqda
biz bu təşəbbüs
haqqında daha böyük mənzərəni
gözümüzün önünə
gətirməliyik. Regionda
etibarlı siyasi münasibətlər olmazsa,
biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq.
Azərbaycan İpək
yolunun bizə aid olan seqmentinin
yenidən qurulmasına
birbaşa investisiya yatırmış və eyni zamanda regional
əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə
dəstək olmuşdur.
Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki
bu əməkdaşlıq
siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz
həmişə ölkələrə,
insanlara fayda verəcək, regionda planlaşdırıla bilən,
sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə
başlamaq və onlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək yolunun bizə aid olan
seqmentinin yenidən qurulmasında həmişə
fəal rol oynamışdır".
Məlum olduğu
kimi, 44 günlük Vətən müharibəsindəki
böyük Zəfərdən
sonra Azərbaycan ərazisində Zəngəzur
dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu sektorunun inşasına start verilmişdir. Bu marşrut Naxçıvanın blokadasına
son qoyacaq, eləcə də ölkəmizin tranzit imkanlarının genişlənməsinə
təkan verəcək.
Tikinti tam başa çatandan sonra Zəngəzur dəhlizi "Şərq-Qərb",
"Şimal-Cənub" və
Trans-Xəzər marşrutlarına
inteqrasiya ediləcək.
Üstəlik, türk
dövlətləri arasında
əlaqələrin genişlənməsi
üçün yeni imkanlar yaranacaq. Trans-Xəzər marşrutu ilə Mərkəzi Asiyadakı türk dövlətlərindən keçən
yüklər Xəzər
dənizi üzərindən
Azərbaycana gələcək,
buradan isə Zəngəzur dəhlizindən
keçməklə Türkiyəyə
istiqamətlənəcək. Bu da o deməkdir
ki, türk dövlətləri arasında
inteqrasiya dərinləşəcək.
Eyni zamanda türk dövlətlərinin
Avrasiyada siyasi və iqtisadi rolu artacaq. Bir
sözlə, böyük
İpək yolu təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının
inkişafında və
inteqrasiya prosesində
əvəzsiz rol oynayacaq.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
16 noyabr, № 249. - S.7.