Səlibçilik
təfəkkürü dəyişməyib
Qərb Cənubi Qafqazı yeni kataklizmlərin mərkəzinə çevirmək
istəyir
"ABŞ, Fransa, Kanada
və digər Qərb ölkələrinin
müasir Qafqaz siyasəti Orta əsrin səlibçilik
təfəkküründən fərqlənmir. Sadəcə
600-700 il öncədən
fərqli olaraq Qafqaza budəfəki hücumlar daha təhlükəli və dağıdıcı xarakter
daşıyır. Bu beynəlxalq subyektlərin
Qafqazda əsas hədəfi isə Qərbdən asılı
olmayan, müstəqil
siyasət yürüdən
Azərbaycandır".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib. Deputat bildirib ki, Qərbin
Cənubi Qafqazla bağlı əsl niyyəti Azərbaycanın
Vətən müharibəsindəki
qələbəsindən sonra
üzə çıxmağa
başlayıb.
"2020-ci ilin noyabrından
sonra ABŞ, Fransa və bu orbitdə
olan digər subyektlər üçün,
əslində, Cənubi
Qafqazda dayanıqlı
sülh və sabitlik, dövlətlərin
əməkdaşlığı məsələləri deyil,
münaqişə ocaqlarının
mövcudluğu daha önəmlidir. Çünki
Qərb üçün
regionda zəif və aciz dövlətlər
üzərində söz
sahibi olmaq, neoimperialist niyyətlərini
reallaşdırmaq daha
asandır. Lakin cənab İlham Əliyevin bütün maneələrə baxmayaraq,
formalaşdırdığı geosiyasi konfiqurasiya qeyd edilən qlobal güclərin planlarını puça çıxardı. Proqnozlaşdıra
bilmədiyi reallıq
qarşısında aciz
qalan Qərb faktiki olaraq açıq mübarizəyə
keçdi", - deyə
deputat vurğulayıb.
B.Məhərrəmov deyib ki, Qərb,
ilk növbədə,
Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzarətə götürməklə
Vətən müharibəsindən
sonra mövcudluğunu
qorumağı bacaran separatçı rejimin və Azərbaycan ərazisində qalan Ermənistan ordusunun hissələrinin Qarabağda
saxlanmasına cəhdlər
göstərdi: "Hətta
bunun üçün
Ermənistana Avropa İttifaqının "mülki"
statusda hərbçilərdən
ibarət müşahidə
missiyası yerləşdirildi.
Lakin qalib ölkə, müzəffər
lider, təbii ki, yeni uğursuz
status-kvoya yol verə bilməzdi. Zəfərimizdən sonra
istər Qarabağ iqtisadi rayonumuzda, istərsə də Ermənistanla şərti
sərhədlərdə həyata
keçirilən tədbirlər,
bu ilin aprelində
Laçın sərhəd-buraxılış
məntəqəsinin təsis
edilməsi ilə sərhəd bütövlüyünün
təmin olunması, ən mühümü, iki ay öncə
lokal xarakterli antiterror tədbirləri ilə ölkənin bütün ərazisində
konstitusiya quruluşunun
bərqərar edilməsi
Azərbaycanın diktəedici
rolunu daha da möhkəmləndirdi".
Bu gün
ABŞ və Fransa başda olmaqla, bir sıra Qərb
subyektlərinin Azərbaycana
qarşı açıq
mübarizəyə başladıqlarını
qeyd edən deputat bildirib ki, əvvəllər yalnız ayrı-ayrı senatorlar və hökumətə dolayısı
ilə bağlı olan QHT və media strukturları vasitəsilə olan hücumlar artıq ABŞ
Dövlət Departamenti
və Fransanın, Kanadanın, o cümlədən
Avropa İttifaqının
xarici siyasət strukturlarının rəsmilərinin
də dilindən səslənməyə başladı.
Beynəlxalq hüquq adına min kilometrlərlə məsafələrdəki
xalqlara hücumlar edən, qoşun yeridən bu neoimperialist subyektlər bu gün Azərbaycanı
beynəlxalq hüququn
aliliyini təmin etməkdə, özünün
ərazi bütövlüyü,
suverenliyi və konstitusiya quruluşunu bərqərar etməkdə
təqsirləndirir. Məhz
bu ədalətsiz, beynəlxalq hüquqazidd mövqeni müdafiə etmək üçün Qərb davranışlarında
sərhəd tanımır.
Bu gün Fransa açıq şəkildə 30 il işğalı davam etdirmiş, Azərbaycan ərazilərində ekosid,
kulturasid, urbisid törətmiş, BMT Təhlükəsizlik
Şurasının qətnamələri
ilə işğalçı
kimi tanınan Ermənistanı silahlandırır.
Paşinyan Fransaya dəvət olunur, Ermənistanın müdafiə
naziri NATO-nun mənzil-qərargahında bu
qurumun rəhbərləri
ilə görüşür,
Şimali Atlantika Alyansı bu ölkə ilə bağlı genişmiqyaslı
hərbi proqram həyata keçirməyə
hazırlaşır, Ermənistanın
xarici işlər naziri Avropaya çağırılır. Bir
zamanlar Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə Brüssel təşəbbüslərini başladan
Avropa İttifaqı artıq Ermənistandakı
hərbiləşmiş missiyasını
genişləndirir. Hətta
ittifaqla faktiki hüquqi bağı olmayan Kanadanın artıq missiyada iştirakı, hətta
ABŞ-nin bu missiyaya daxil olacağı barədə
kluarlarda gəzən söhbətlər prosesin
təhlükəli həddə
doğru inkişafından
xəbər verir.
Bəhruz Məhərrəmov
deyib ki, ABŞ və Fransa ola bilsin Ermənistanda
Rusiyadan "boşalan"
yeri doldurmaq niyyəti ilə bu addımları atır, lakin alət kimi Ermənistandan istifadə olunması bölgəyə
müsbət heç
nə vəd etmir. "Qərb bir çox regionlara demokratiya adı altında faciə və fəlakətlər gətirdiyi
kimi, Ermənistana, bununla da Cənubi
Qafqaza "Rusiya təsirindən qurtarma"
adı altında qarşıdurma, yeni münaqişə elementləri
ötürür. Açıq-aydın
görünür ki, Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır
və ümumilikdə
regionu yeni kataklizmlərin mərkəzinə
çevirməyi planlayır.
Mübaliğəsiz deyə
bilərik ki, Cənubi Qafqaz soyuq müharibənin gərgin dönəmlərində
Qərb və Şərqin qarşıdurmasının
gərginləşdiyi keçidi
xatırladır. Lakin
ikili və riyakar standartlarla davranan Qərb unutmamalıdır ki, nə dövr həmin dövr, nə də dövlətlər o dövlətlərdir",
- deyə o əlavə
edib.
Deputat vurğulayıb
ki, bu gün
regionda maraq və milli mənafelərini
təmin etməyə
qadir, hərbi-siyasi güc kimi özünü
təsdiq etmiş Azərbaycan var və heç bir yad ünsürə,
Qərb subyektinə Cənubi Qafqazı yenidən bölmək, regionun imperializmin məqsədlərinə xidmət
edən yeni xəritəsini cızmağa,
Ukraynanın durumuna salınmasına imkan
verməyəcək. Regionda
artıq yeni reallıq yaranıb.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
16 noyabr, № 249. - S.8.