Akademiyanın
qurucu prezidenti
Çoxəsrlik zəngin
elmi ənənələrə
malik olan və görkəmli simaları ilə dünyada tanınan Azərbaycan elmi XX əsrdə daha ardıcıl və sistemli şəkildə inkişaf etmişdir. Xüsusən bu tarixi dövrdə Azərbaycanda ilk elmi qurumların təsis edilməsi və fəaliyyət göstərməsi ölkə
üzrə böyük
elmi dalğa yaratmış, elmi məktəblərin formalaşdırılmasında
mühüm rol oynamışdır. Azərbaycan
Elmlər Akademiyasının
31 mart 1945-ci ildən fəaliyyətə başlaması
ilə ölkə elminin inkişafında yeni tarixi mərhələ
başlanmışdır. Görkəmli
elm xadimi, akademik Mirəsədulla Mirqasımov adı Azərbaycan elminin tarixinə Elmlər Akademiyasının qurucu prezidenti kimi daxil olmuşdur.
Azərbaycan Elmlər
Akademiyasının ilk
prezidenti olan Mirəsədulla Mirələsgər
oğlu Mirqasımov
(1883-1958) keşməkeşli, məsuliyyətli və şərəfli bir ömür yolu keçmişdir. O, Bakı
şəhərində ibtidai
təhsil aldıqdan və qısa müddətdə mədrəsədə
oxuduqdan sonra Bakı Rus Gimnaziyasında
təhsilini başa çatdırmışdır. Beləliklə, onun dünyagörüşündə elmliklə, dünyəviliklə
dini baxışlar üzvi surətdə əlaqəli şəkildə
formalaşaraq inkişaf
etmişdir. O, fanatizmdən
uzaq olub, dini inama malik
dünyəvi baxışlı
alim idi. Bakı Rus Gimnaziyasında
oxuyarkən "Məktəb
və həyat" jurnalında yazıb çap etdirdiyi "Müsəlman dünyasının
mədəni geriliyinin
əsas səbəbləri"
kimi məqaləsi Mirəsədulla Mirqasımovun
hələ gənc yaşlarından etibarən
həqiqi dini inamla fanatizmin fərqində olduğunu və bunu aydın
surətdə dərk
etdiyini göstərir.
Sonralar 1903-1912-ci illərdə
Odessa şəhərindəki
Novorosiysk İmperator Universitetinin Tibb fakültəsində aldığı
mükəmməl biliklər
və qazandığı
vərdişlər Mirəsədulla
Mirqasımovun elmi dünyagörüşünün inkişafına böyük
təkan vermişdir. Xüsusən Novorosiysk İmperator Universiteti Elmi Şurasının qərarı ilə Mirəsədulla Mirqasımovun
universitetin Cərrahiyyə
Hospitalında həkim-ordinator
kimi fəaliyyətini
davam etdirməsi, məzunu olduğu ali məktəbin müəllimləri ilə
birlikdə Qara dənizdəki kiçik balıqçı gəmisində
cərrah köməkçisi
və əczaçı
kimi çalışması,
sonra I Dünya müharibəsi illərində
Odessa lazeretlərində
və Odessa şəhər Alman xəstəxanasında keçdiyi
yol onun zəngin təcrübə
toplamasına geniş
imkan yaratmışdır.
Bütün bunlara görə artıq XX əsrin əvvəllərində
Mirəsədulla Mirqasımov
hərtərəfli hazırlığa,
geniş dünyagörüşünə
və tibb sahəsində özünəməxsus
zəngin peşə bacarıqlarına malik gənc həkim-ziyalı kimi diqqəti cəlb etmişdir.
Mirəsədulla Mirqasımov
1916-cı ildə doğma
vətənə - Bakıya
qayıdaraq burada müxtəlif xəstəxanalarda
həkim-cərrah kimi
fəaliyyətini uğurla
davam etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə
işlərinin təşkilində
yaxından iştirak edən Mirəsədulla Mirqasımov bu zaman Bakı şəhərindəki Mixaylovski
xəstəxanasında bacarıqlı
həkim-cərrah kimi
tanınmışdır. O, eyni zamanda sovet
hakimiyyəti illərində
də peşəkar həkim kimi fəaliyyətini davam etdirmişdir. Bununla yanaşı, Mirəsədulla
Mirqasımov həm də tibb sahəsində
elmi-pedaqoji fəaliyyətlə
də ciddi surətdə məşğul
olmuşdur. Ölkəmizdə
ilk ali təhsil
ocağı kimi
1919-cu ildən etibarən
fəaliyyətə başlamış
Bakı Dövlət Universitetinin Tibb fakültəsində müəllimlik
fəaliyyəti ilə
və elmi axtarışlarla məşğul
olması Mirəsədulla
Mirqasımovun çoxcəhətli
fəaliyyində yeni səhifə açmışdır.
Bakı Dövlət Universitetinin Tibb fakültəsindəki Operativ
cərrahiyyə və
topoqrafik anatomiya şöbəsində ordinator,
Hospital Cərrahiyyəsi kafedrasında
asistent, dosent vəzifələrində çalışan
Mirəsədulla Mirqasımov
1930-cu ildən müstəqil
ali tibb ocağına çevrilmiş
Azərbaycan Tibb İnstitutunun Hospital Cərrahiyyəsi
kafedrasının müdiri
kimi yüksəkixtisaslı
həkim kadrlarının
hazırlanması yollarında
yorulmadan çalışmaqda
davam etmiş, bu sahədə ardıcıl olaraq fəaliyyət göstərmiş
və əsl mənada yaxşı həkim kimi ad-san qazanmışdır.
Əlbəttə, Mirəsədulla
Mirqasımovun həyatında
elmi fəaliyyət sahəsi xüsusi yer tutmuşdur. Bioqrafları göstərirlər
ki, Mirəsədulla Mirqasımov elmi fəaliyyətə hələ
Novorosiysk İmperator Universitetində həkim kimi çalışdığı
illərdə başlamışdır.
Onun 1914-cü ildə
"Novorosiysk Hospital Terapevtik
Klinikasının Materialları"
jurnalında çap etdirdiyi "Ağciyər
vərəminin süni
pnevmotoraksla müalicəsi"
adlı məqaləsi
mühüm elmi-praktik
xüsusiyyətləri ilə
diqqəti cəlb etmişdir. Zaqafqaziya Cərrahlarının I Qurultayında
Mirəsədulla Mirqasımov
tərəfindən "Yeni
yoluxmuş yaraların
tam tikişi məsələsi haqqında"
edilmiş məruzə
böyük marağa
səbəb olduğu
üçün ayrıca
kitabça kimi çap edilmişdir.
Görkəmli həkim-cərrah
kimi tanınmış
Mirəsədulla Mirqasımovun
elmi fəaliyyətində
urologiya sahəsi xüsusi yer tutmuşdur. O, urologiyanın
müxtəlif aspektləri
üzərində geniş
tədqiqatlar aparmış,
tibb elmi üçün əhəmiyyətli
olan bir çox mühüm nəticələr əldə
etmişdir. Buna görə də haqlı olaraq onu Azərbaycan urologiya elminin banisi hesab edirlər.
Mirəsədulla Mirqasımovun
urologiya üzrə ölkə ilə yanaşı, dünya təcrübəsini də
öyrənməsi onun
bu istiqamətdə daha dərin tədqiqatlar aparmasına imkan yaratmışdır.
Bu, cəhətdən
azərbaycanlı həkim-cərrahın
1926-cı ildə respublikamızdan
olan bir qrup həkimlə birlikdə təcrübə
mübadiləsi məqsədilə
xaricə göndərilməsi
və orada klinikada apardığı
tibbi əməliyyatlar
Mirəsədulla Mirqasımovun
elmi fəaliyyəti üçün uğurlu
olmuşdur. Belə ki, o, 1927-ci ildə Almaniyada "Azərbaycanda
sidik daşı xəstəliklərinin öyrənilməsinə
dair materiallar" mövzusunda doktorluq dissertasiyası müdafiə
edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Alman alimlərinin onun haqqında dedikləri
"Mirəsədulla Mirqasımovun
tibbi biliyə böyük cəhdi var ki, bu,
elmi işçi üçün xüsusən
dəyərlidir. O, həmçinin
praktiki tibblə kifayətlənmir, nəzəriyyə
ilə də məşğul olur" kimi sözlər azərbaycanlı həkim-cərrahın
yüksək elmi qabiliyyətindən və
təcrübi vərdişlərindən
xəbər verirdi. Professor Mirəsədulla Mirqasımovun "Sidik kisəsi qanqrenası ilə bağlı iki hal" (1927), "Sidik kanalının haçalanması" (1928), "Orqanizmdə daşların
öz-özünə parçalanması
haqqında" (1930), "Reflektor
anuriyasının müdafiəsinə
dair" (1935), "Prostat
hipertrofiyası zamanı
sidik ifrazı pozğunluğunda dinamik anlar" (1937) və sair kimi urologiyanın
aktual məsələlərinə
həsr edilmiş elmi əsərləri də onun Azərbaycan
təbabətində urologiya
elmi məktəbini yaratdığını nümayiş
etdirir. Tibb İnstitutunda təhsil alan tələbələr
üçün hazırladığı
mühazirə mətnlərindən
ibarət olan "Urologiya" dərsliyi bu sahə üzrə
yeni nəsillərin hazırlanmasında böyük
bələdçi funksiyasını
yerinə yetirmişdir.
Urologiyanın müxtəlif
problemlərinə dair
tədqiqat işləri
aparmış yetirmələri
və davamçıları
ilə birlikdə Azərbaycanda urologiyanı
elmi məktəb səviyyəsinə qaldımağa
nail olmuşlar.
Bununla belə,
akademik Mirəsədulla
Mirqasımov çoxprofilli
həkim-tədqiqatçı kimi tanınıb şöhrət qazanmışdır.
Belə ki, onun "Qarın yatağının cərrahiyyəsi"
(1945) monoqrafiyası Azərbaycanda
daxili orqanların diaqnostikası və müalicəsi üzrə
əsas elmi mənbələrdən biridir.
Bundan başqa, müxtəlif illərdə
yazıb nəşr etdirdiyi "Sıxılmş
yırtıqların öz-özünə
sağalması haqqında"
(1926), "Qığırdaqlı ekzostozlar" (1926), "Yetkinlərdə
kor bağırsağın
xroniki invaginasiyası"
(1930), "Yanıqların patogenezi və müalicəsi məsələsinin
müasir vəziyyəti"
(1930), "Travmatik şok
və ona qarşı mübarizə"
(1940), "Anaerob qaz infeksiyası" (1946) və
bu kimi məqalələr
və broşüralar
görkəmli elm xadiminin geniş imkanlara malik olduğunu əyani şəkildə diqqətə
çatdırır. Mirəsədulla
Mirqasımov Azərbaycan
dilində yazılıb
nəşr edilmiş
ilk "Cərrahiyyə"
dərsliyinin müəllifi
kimi də tibb elminin inkişafına
yüksək xidmət
göstərmişdir. O, 17 il ərzində Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsində Dövlət
İmtahan Komissiyasının
sədri və Tibb İnstitutu Metodik Şurasının üzvü kimi də tibbi kadrların
hazırlanması sahəsində
ardıcıl və səmərəli iş aparmışdır.
Akademik Mirəsədulla
Mirqasımov həm Birinci və İkinci Dünya müharibələrində vətənpərvər
və professional həkim kimi səhiyyə işinin təşkili və müalicə işlərinin
aparılması sahəsində
fəal surətdə
çalışmış, mühüm xidmətlər
göstərmişdir. Hər
iki Cahan müharibəsində ön
cəbhədən gətirilmiş
yaralıların yerləşdirildikləri
təxliyə xəstəxanalarında
həm cərrah, həm də məsləhətçi-həkim kimi geniş iş aparmışdır.
O, İkinci Dünya müharibəsi zamanı Ümumxalq Həmkarlar Təşkilatı Şurasının
Bakıdakı təxliyə
xəstəxanasına rəhbərlik
etmiş, yaralı döyüşçülərin qısa müddətdə
müalicə edilərək
ön cəbhəyə
qayıtmaları üçün
bütün qüvvə
və bacarıqlarını
sərf etmişdir. O,
Böyük Vətən
müharibəsinin çətin
şəraitində Tibb
İnstitutunun həm xəstəxana, həm də tədris ocağı kimi fəaliyyətini davam etdirməsi üçün
bütün imkanlarından
istifadə etmişdir.
Bütün bunlara görə akademik Mirəsədulla Mirqasımov
"Qırmızı Ulduz"
döyüş ordeni,
"Qafqazın müdafiəsi",
"1941-1945-ci illərin Böyük
Vətən müharibəsində
rəşadətli əməyə
görə", "1941-1945-ci illərin Böyük Vətən müharibəsində
Almaniya üzərində
qələbə" medalları
ilə təltif olunmuşdur.
Əlbəttə, Mirəsədulla
Mirqasımovun həyatında
Azərbaycan Elmlər
Akademiyasındakı fəaliyyəti
mühüm yer tutur. SSRİ Nazirlər Sovetinin 23 yanvar 1945-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyasının təsis
edilməsi haqqındakı
qərarından sonra
3 dəfə respublika
rəhbərliyinə təqdim
edilmiş elmlər doktorları haqqındakı
siyahıların hamısında
Mirəsədulla Mirqasımovun
adı qeyd edilmişdir. Belə ki, 1945-ci ilin fevral, mart aylarında
tərtib edilmiş 46
nəfərlik və
24 nəfərlik siyahılarda
Mirəsədulla Mirqasımovun
adı yer almışdır. Nəhayət,
27 mart 1945-ci ildə Azərbaycan SSR Nazirlər
Sovetinin təsdiq etdiyi Elmlər Akademiyasının 15 nəfər
təsisçisinə dair
sənəddə də
Mirəsədulla Mirqasımovun
adının öz əksini tapması bu görkəmli elm xadiminə həm elmi dairələrdə,
həm də respublika rəhbərliyi səviyyəsində göstərilən
yüksək ehtiramı
əyani şəkildə
nəzərə çarpdırır.
Nəhayət, 31 mart
1945-ci ildə keçirilmiş
Elmlər Akademiyasının
ilk təsis yığıncağında təşkilati
məsələyə baxılarkən
SSRİ Elmlər Akademiyası
rəhbərliyinin təqdimatı
ilə Mirəsədulla
Mirqasımovun yekdilliklə
bu ali dövlət
elmi təşkilatının
prezidenti vəzifəsinə
seçilməsi görkəmli
elm xadiminin elmi xidmətlərinin və şəxsiyyət olaraq dəyərlərinin
qiymətləndirilməsi demək
idi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, akademik Mirəsədulla
Mirqasımovun prezident
seçildiyi 31 mart
1945-ci il tarixli təsis yığıncağında
akademik Şamil Əzizbəyov və akademik Heydər Hüseynov Azərbaycan Elmlər Akademiyasının
vitse-prezidentləri, akademik
Mirəli Qaşqay isə bu ali
elmi qurumun baş akademik katibi seçilmişdir. Akademiyanın prezidenti kimi Mirəsədulla Mirqasımov yeni elmi təşkilatın strukturunu da müəyyənləşdirmiş, Elmi Bölmələrin sədrləri və tərkibi haqqında təqdimatla çıxış
etmişdir. Təsis yığıncağının qərarı əsasında
akademiyanın ilk Nizamnaməsi də təsdiq olunmuşdur. Beləliklə, Elmlər Akademiyasının ilk rəhbər heyəti, Rəyasət Heyətinin və Elmi Bölmələrin
tərkibi müəyyən
olunmuşdur. Bundan əvvəl SSRİ Elmlər
Akademiyasının Azərbaycan
Filialının tərkibində
müstəqil elmi-tədqiqat
institutları kimi mövcud olmuş elmi müəssisələrin
yeni yaradılmış
Elmlər Akademiyasının
tərkib hissəsi kimi fəaliyyətlərini
davam etdirmələri
qərara alınmışdır.
Bundan başqa, akademiyanın Azərbaycan
filialında sektor kimi fəaliyyət göstərmiş bir neçə elmi quruma müstəqil elmi müəssisə statusu verilmişdir. Akademiyanın elmi kitabxanasının yenidən
formalaşdırılması sahəsində də addımlar atılmışdır.
Bütün bu struktur islahatları Elmlər Akademiyasının
prezidenti, akademik Mirəsədulla Mirqasımovun
rəhbərliyi ilə
uğurla həyata keçirilmişdir. Ona görə də akademik Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının
qurucu prezidenti kimi elm tariximizə
daxil olmuşdur.
Azərbaycan Elmlər
Akdemiyasının prezidenti,
akademik Mirəsədulla
Mirqasımov struktur islahatları ilə yanaşı, ölkə elminin bütün sahələri üzrə
aparılacaq fundamental
elmi tədqiqatların
istiqamətlərinin müəyyən
edilməsinə də
xüsusi diqqət yetirmişdir. O, bu prosesdə ümumi maraqlarla yanaşı, ölkə reallıqlarının,
Azərbaycan xalqının
mənafelərinin əsas
meyarlar kimi qəbul edilməsinə ciddi fikir vermişdir.
Bundan başqa, təbiət və texniki elmlər üçün lazımi
maddi-texniki bazanın yaradılması, laboratoriyaların
təşkili də akademik Mirəsədulla Mirqasımovun adı ilə bağlıdır.
Bütövlükdə Azərbaycanda
quruculuğun ən zəruri məsələləri
akademik Mirəsədulla
Mirqasımov tərəfindən
həll edilərək
elmi tədqiqatlar üçün geniş imkanlar formalaşdırılmışdır.
Ona görə də akademik Mirəsədulla Mirqasımovun
Elmlər Akademiyasına
rəhbərlik etdiyi dövr qısa bir mərhələni -
1945-1947-ci illəri əhatə
etsə də, ali akademik qurumun
formalaşdırılmasında onun möhkəm və əsaslı təməllərinin yaradıldığı
xüsusi mərhələ
kimi yüksək qiymətə malikdir.
Akademik Mirəsədulla
Mirqasımov 1937, 1946, 1950-ci illərdə SSRİ Ali Sovetinə deputat seçilmiş, 2 dəfə "Qırmızı
Əmək Bayrağı"
ordeni, "Lenin" ordeni, "Qırmızı
Ulduz" ordeni və bir çox
medallarla təltif edilmişdir. Respublika Klinik
Xəstəxanasına görkəmli
elm xadiminin adı verilmişdir.
Azərbaycan Elmlər
Akademiyasının qurucu
prezidenti, görkəmli
elm xadimi, akademik Mirəsədulla Mirqasımovun adı və xidmətləri elm tariximizin şərəfli səhifələrini
təşkil edir. Akademik Mirəsədulla Mirqasımovun çoxcəhətli
elmi xidmətləri və ölkəmizin inkişafına həsr edilmiş parlaq fəaliyyəti yeni nəsillər üçün
məktəbdir.
İsa
HƏBİBBƏYLİ
AMEA-nın prezidenti,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2023.- 16 noyabr,
№ 249. - S.9.