"Son dəfə zəng vuranda dedi
ki, ana, Şuşanı azad etməyə gedirik"
İlıq, xəfif
külək əsir. Havadan payız qoxusu gəlir.
Döyüş və ömür yolu haqqında yazmaq istədiyimiz
Vüsal Teymurov da elə ilıq payız günlərinin
birində - 8 noyabr 2020-ci ildə Şuşa şəhəri
uğrunda gedən döyüşlərdə şəhid
olub. İndi Şuşada da payızdır. Artıq
Qarabağın bu gözəl guşəsində atəş
səsləri eşidilmir. Hər tərəf sakitliyə
bürünüb. Şuşa uğrunda şəhid
olanların ruhları kimi...
Çox da
darısqal olmayan məhəllələrdən keçib
kövrək addımlarla Vüsalın doğulduğu həyətin
giriş qapısına yaxınlaşırıq. Ürəyimizi
həyəcan bürüyür. Şəhidlər haqqında
yazmağa gedəndə həmişə bu cür qəribə
hisslər keçiririk. Darvazanın ətrafında Vüsala
həsr olunmuş xatirə guşəsi düzəldilib,
divarlara mərmər vurulub. Hasarın yuxarısından Azərbaycan
və Türkiyənin bayraqları asılıb.
Aşağıdan isə iki qardaş ölkənin
bayraqlarının rənginə bənzəyən güllər
əkilib. Vüsalın da şəkli mərmərə
hopdurulub.
Qapını
astaca döyürük. Bizi Vüsalın anası Naidə
xanım qarşılayır. İçəri ayaq qoyan kimi
şəhid döyüşçünün şəkillərini
görürük. Otaqların divarlarında Vüsalın
müxtəlif olçülərdə şəkilləri
asılıb. Valideynləri gözlərini
övladlarının şəkillərindən çəkmirlər.
Naidə ana bir vaxtlar əyninə geyinib vuruşduğu, şəhid
olduğu hərbi formanı divardan alıb mizin üstünə
qoyur. Deyir ki, ermənilər oğlumu Şuşada, köhnə
yanacaqdoldurma məntəqəsinin yaxınlığında
güllə yağışına tutublar. Düşmən əvvəlcə
onun ayağından, sonra isə sinəsindən vurub. Oğlum
ayağından yaralansa da, uzandığı yerdə
qalmayıb. Ayağa durub düşmən üzərinə irəliləmək
istəyib. Həmin anda ermənilər onun sinəsini nişan
alıblar.
Ötən ilin
noyabrında şəhid ailələrinin bir qrupunu
Şuşaya aparmışdılar. Oğlumun şəhid
olduğu şəhərə yaxınlaşdıqca həyəcan
keçirirdim. Şükürlər olsun ki, ayağım
övladımın şəhid olduğu torpağa dəydi.
Bundan Vüsalın da ruhu şad oldu. Xatırladım ki,
Vüsal döyüşə gedəndən sonra sonuncu zəngini
də Şuşadan etmişdi. Demişdi ki, ana, halallıq
ver, biz Şuşa uğrunda döyüşə gedirik. Sonra
oğlumdan zəng gəlmədi. Noyabrın 8-də Vüsal
yuxuma girmişdi. Gördüm ki, su içir. Mənə də
deyir ki, ana, su ver içim. Mən də ona su verdim. Doyunca
içəndən sonra Vüsal çıxıb getdi. Səhər
yuxudan ayılanda ürəyimə damdı ki, Vüsal şəhid
olub. Artıq döyüşlər dayanmışdı,
düşmən məğlub olmuşdu. Oğlumdansa bir xəbər
çıxmırdı. Ümid edirdik ki, bəlkə
yaralıdır, bu gün-sabah sağalıb qayıdar.
Günlər keçdikcə
narahatçılığımız artırdı. Noyabr
ayının 13-də telefonuma tanımadığım
nömrədən zəng gəldi. Vüsalın Şuşa
uğrunda gedən döyüşlərdə şəhid
olduğunu dedilər. Soruşanda öyrəndim ki, oğlum
noyabr ayının 8-də - yuxuma girən günü şəhid
olub. Deməli, övladların ölümü analara əyan
olurmuş...
Naidə xanım
kövrəlir, danışa bilmir, dili sözə yatmır.
Şəhidin atası Zakir Teymurov həyat
yoldaşının söhbətini davam etdirir. Deyir ki,
Vüsal Şuşa uğrunda gedən döyüşlərdə
şəhid olmuşdu. Valideyn üçün övlad itirməkdən
ağrılı heç nə yoxdu. Göz
yaşlarımıza hakim ola bilmirdik. Təsəllimiz
yalnız o idi ki, Vüsal torpaqlarımızın
azadlığı uğrunda şəhid olub. Acı göz
yaşları içində övladımızı Badamdar qəsəbəsindəki
Şəhidlər xiyabanında torpağa
tapşırdıq.
Teymurov Vüsal
Zakir oğlu 1991-ci il martın 4-də Bakı şəhərində
anadan olub. 1997-ci ildə Badamdar qəsəbəsindəki Tofiq
Məmmədov adına 239 nömrəli orta məktəbdə
oxuyub. 2008-ci ildə orta məktəbi yüksək qiymətlərlə
bitirərək Azərbaycan Kooperasiya Universitetinə qəbul
olub. 2012-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi
xidmətə çağırılıb.
Torpaqlarımızın
işğalı ilə barışmayan Vüsal Vətən
müharibəsi başlayanda könüllü olaraq
döyüşlərə yollanıb. Onun ilk
döyüşü Füzuli rayonunda olub. Füzulidən başlayan
döyüş yolu Xocəvənd, Cəbrayıl, Zəngilan,
Qubadlı rayonlarından keçib. İrəli
atdığı hər addım onu Şuşa uğrunda gedəcək
döyüşlərə yaxınlaşdırıb.
Noyabrın ilk
günləri idi. Artıq döyüşlər böyük
strateji əhəmiyyətə malik olan Daşaltı kəndi
uğrunda gedirdi. Kəndin strateji əhəmiyyətini
yaxşı bilən ermənilər ciddi müqavimət
göstərirdilər. Amma işğalçıların
müqaviməti mənasız idi. Çünki onlar artıq
məğlubiyyət girdabına yuvarlanmışdılar.
Qızğın döyüşlərdən sonra
Daşaltı kəndi düşməndən azad olundu.
Artıq Vüsal Şuşa uğrunda vuruşurdu. Gurlayan atəş
səsləri dağı-daşı yerindən
oynadırdı. Şuşanı azad edəndən sonra
Vüsal Cıdır düzünə çıxmağı,
İsa bulağından su içməyi, şəhərin
gözəl mənzərələrinə baxmağı
arzulayırdı. Təəssüflər olsun ki, Vüsal bu
günü görə bilmədi, arzularına
qovuşmadı. Noyabrın 8-də Şuşanın azad
olmasına, bəlkə də dəqiqələr
qalmış düşmən gülləsinə tuş gələrək
şəhid oldu.
Ərazi
bütövlüyümüzün təmin edilməsi
uğrunda gedən döyüşlərdə göstərdiyi
qəhrəmanlığa görə Teymurov Vüsal Zakir
oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamları ilə "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə", "Qubadlının azad
olunmasına görə", "Şuşanın azad olunmasına görə",
"Döyüşdə fərqlənməyə görə"
medalları ilə təltif
olunub.
Evlərindən məhəlləyə
qaranlıq düşəndə çıxdıq.
Vüsalın xatirəsinə düzəldilmiş guşədə
yanan gur işıq ətrafı nura boyayırdı. Yəqin
ki, bu işığın şöləsi Şuşaya qədər
gedib çatırdı. Xəfif, ilıq külək əsirdi.
Havadan payız qoxusu gəlir. Vüsal da elə Şuşa
şəhəri uğrunda gedən döyüşlərdə
payız günlərində şəhid olmuşdu. Vətənin azadlığı
yolunda canından keçmişdi...
V.MƏHƏRRƏMOV
Azərbaycan.-2023.-
16 noyabr, ¹ 249. - S.10.