32 illik ayrılıqdan sonra qovuşan şəhid qardaşlar

 

 

"Azərbaycanı heç kim parçalaya bilməz. Bu torpaqların sahibi bizik. Hər qarış ərazimiz özümüzə qayıdacaq. Bu millət hələ son sözünü deməyib. Allah yar-yardımçımız olsun". And kimi səslənən bu sözləri hələ 2019-cu ilin avqustunda öz sosial şəbəkə səhifəsində yazmışdı Vidadi Aydın oğlu... Şuşa ağrılı, nisgilli 29 ili ömürdən saymadı, canını dişinə tutub yaşadı, bir cüt övlad böyütdü, müxtəlif vəzifələrdə çalışdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Prezidentinin müdrik qətiyyətli siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində işğaldan azad edilən Qarabağımıza ilk qayıdanlardan biri oldu. Tarixi Zəfərimizdən sonra birinci imkanda özünü bərpa-quruculuq prosesinə yetirdi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal təmir xidmətində mühəndis kimi işə başladı.

nankor ermənilərin növbəti xəyanəti...

Vidadi Fərhadov sentyabrın 19-da erməni silahlı birləşmələrinin Şuşaya terror hücumunda yoldaşlarını sığınacağa apararkən raket zərbəsinə tuş gəlib müqəddəs məqama yüksəldi. O, 23 saat ərzində revanşist separatçılara divan tutan, Qarabağda qələbəmizi sülhü daha da möhkəmləndirən lokal xarakterli antiterror tədbirlərinin ilk şəhidlərindəndir.

56 yaşlı Vidadi artıq iki aya yaxındır ki, aramızda yoxdur, amma onun haqqında kövrək xatirələr susmaq bilmir. O, nadir adamlardandır ki, Şuşanı ayı, ulduzu, yağışı, qarı, dumanı, dolusu ilə sevirdi.

Baxmayaraq ki, bu şəhər ona hələ cavan yaşlarından sevinc, fərəh qədər qəm-qüssə bəxş etmişdi. 1991-ci il sentyabrın 25-də - onun 24 yaşı olarkən özündən 4 yaş böyük qardaşı, fəal ictimaiyyətçi, kənd təsərrüfatı idarəsinin rəhbəri işləyən Füzuli müəllim müdafiə tədbirlərinin təşkili zamanı xain düşmənin atdığı "Alazan" mərmisinin hədəfinə çevrilərək şəhidlik zirvəsinə ucalmışdı.

Amma qardaş itkisi belə, Vidadinin doğma yurduna məhəbbətini soyuda bilmədi. Çünki Fərhadovların, lap elə bütün şuşalıların həyat amalı, yaşam, mübarizə kredosu belədir: Şuşaya görə hər əzaba qatlaşmağa, hətta ölməyə belə dəyər! Ailənin başçısı Aydın kişi bu həsrətdə qovrula-qovrula, səhhətində yaranmış problemlərlə çarpışaraq qala şəhərimizin işğaldan qurtulan gününü gördü, eşitdi, bu vəfasız dünyadan az da olsa razı qaldı, sevindi Şuşa torpağına tapşırılmaq vəsiyyəti ilə ömür karvanını çəkib getdi... 

Taleyin, qismətin gərdişinə bax, Şuşa təşnəli qardaşlar - Füzuli Vidadi Aydınoğullarının hər ikisi 32 illik vaxt məsafəsi ilə doğulub böyüdükləri məkanda mülki fəaliyyətləri zamanı düşmənin raket mərmisi ilə can verdilər, haqqa qovuşdular. İndi bu fəzada ata övladlarının pak ruhu bərabər pərvazlanır...

Məkanınız cənnət, ruhunuz şad olsun, əziz qardaşlarımız! Şuşa azaddır, biz artıq o şəhərdəyik!

 

Qurban CƏBRAYIL

Azərbaycan.-2023.- 16 noyabr, № 249. - S.10.