Obyektiv tənqidə subyektiv münasibət
Xatırladaq ki,
qəzetimizin 2023-cü il
18 avqust tarixli sayında "Gözəlliyi
gözdən salmayın"
başlıqlı məqalə
dərc olunmuşdur. Məqalədə Azərbaycan
təbiətinin incilərindən
olan Göygöl gölü ərazisindəki
bəzi çatışmazlıqlardan,
ziyarətçiləri razı
salmayan nöqsanlardan bəhs edilmişdir.
Bu günlər,
daha dəqiq desək, 2023-cü il
noyabrın 13-də sözügedən
məqalə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
redaksiyamıza məktub
daxil olmuşdur. Nazir müavini Umayra
Tağıyevanın imzaladığı
məktubda bildirilir:
"Sizin təbiət
ərazilərinə həssas
münasibətinizi yüksək
qiymətləndirir və
göstərdiyiniz vətəndaş
mövqeyinizə görə
təşəkkür edirik.
Bildiririk ki,
"Azərbaycan" qəzetinin
2023-cü il 18 avqust tarixli sayında dərc edilmiş "Gözəlliyi gözdən
salmayın" sərlövhəli
məqalədə göstərilənlər
10 saylı Regional Ekologiya
və Təbii Sərvətlər İdarəsinin
əməkdaşları tərəfindən
nazirliyin Bioloji Müxtəlifliyin Qorunması
Xidmətinin və Göygöl Milli Parkının mütəxəssislərinin
iştirakı ilə
yerində araşdırılmışdır.
Göygöl Milli
Parkının ərazisindəki
yolların təmir edilməməsi, işıqlandırma
sisteminin olmaması və buraxılış məntəqəsi barədə
yazılanlar araşdırılarkən
məlum olmuşdur ki, park ərazisində
nəqliyyat vasitələrinin
hərəkəti və
turistlər üçün
nəzərdə tutulmuş
yollara asfalt, o cümlədən daş örtük çəkilmiş,
park ərazisində işıqlandırma sistemi
qənaətbəxş quraşdırılmışdır.
Parkın buraxılış
məntəqəsində isə
əraziyə gələn
turistlərin qeydiyyatı
aparılır.
Göygöl gölünün
kənarında cəngəlliyi
xatırladan qamışlıq
barədə yazılanlarla
bağlı bildiririk ki, gölün kənarındakı cəngəlliyi
xatırladan qamış
bitkisindən ibarət
ərazi təbii formalaşmış landşaftın
tərkibinə aiddir.
Göygöl gölündə
vaxtilə istifadə edilmiş, indi isə yararsız hala düşmüş qayıqlar barədə yazılanlar araşdırılarkən
Milli Parkın balansında olmayan həmin qayıqların nazirliyin Nəqliyyat İdarəsinə təhvil
verildiyi müəyyən
edilmişdir.
Parkın ərazisində
sanitar qovşağın
olmaması barədə
yazılanlarla bağlı
bildiririk ki, parkda 6 yerdə
sanitar qovşaq mövcuddur, onlardan 5-i hazırda işlək vəziyyətdədir. Bir
sanitar qovşaq isə təmirlə əlaqədar fəaliyyət
göstərmir və
sanitar qovşaqlarda formalaşan tullantı suları ayrı-ayrılıqda tikilmiş
germetik beton şambolara axıdılır.
Turistlərin daşınmasında
nəqliyyat probleminin olması barədə yazılanlar araşdırılarkən
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
21.04.2015-ci il tarixli
114 saylı qərarına
uyğun olaraq Göygöl-Maralgöl istiqamətində
sərnişinlərin daşınması
üçün Göygöl
Milli Parkı ilə bağlanmış
müqavilə əsasında
4 nəqliyyat vasitəsinin
xidmət göstərdiyi
müəyyən edilmişdir.
Parkın ərazisində
olan iaşə obyektlərində xidmətin
qənaətbəxş təşkil
edilməməsi barədə
yazılanlarla bağlı
bildiririk ki, park ərazisinə gələn turistlərə
xidmət göstərilməsi
məqsədilə 5 iaşə
təyinatlı köşk
mövcuddur və köşklərdə fəaliyyət
müqavilə şərtlərinə
uyğun həyata keçirilir. Bundan əlavə, Göygöl
gölünün yerləşdiyi
50 hektar ərazi
2019-cu ildən etibarən
"Göygöl Lake
Resort" MMC-yə istifadəyə
verilib və iaşə xidmətləri
MMC tərəfindən göstərilir.
Turistlərin gölün
kənarına daşınması
turistlərin istəyi
müqabilində həmin
MMC-yə məxsus
"Niva" markalı nəqliyyat
vasitəsilə ödənişli əsaslarla
həyata keçirilir.
Araşdırma zamanı
Göygöl Milli Parkının ərazisində
ətraf mühitin mühafizəsi qanunvericiliyin
tələblərinin pozulması
faktlarına rast gəlinməyib. Xidmət
keyfiyyətinin yüksək
səviyyədə saxlanılması,
ziyarətçi məmnunluğunun
yüksəldilməsi, ərazidəki
müqavilə əsasında
fəaliyyət göstərən
subyektlərə mütəmadi
nəzarətin həyata
keçirilməsi üçün
park rəhbərliyinə
xəbərdarlıq olunub.
Redaksiyadan: Göründüyü
kimi, nazirliyin cavab məktubunda əməkdaşımızın Göygöl gölü ərazisində görüb
qələmə aldığı
nöqsanlar hamısı
bir-bir, bənd-bənd
təkzib edilir. Bu təkzibləri təkzib etməzdən öncə nazirliyin adıçəkilən məqaləyə,
hətta təxminən
3 ay sonra olsa belə, cavab verməsini (hər halda 2023-cü il oktyabrın 10-da imzalanmış məktub redaksiyamıza noyabrın
13-də daxil olmuşdur)
rəsmi dövlət
qəzetinə hörmət
və ehtiram kimi qəbul etdiyimizi nəzərə çatdırırıq. Bu
ondan xəbər verir ki, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
ölkəmizdə ətraf
mühitin qorunması
üçün daxili
mənbələrinin məlumatlarından
savayı, KİV-də
yayılan faktlara da biganə qalmır. Media qurumu olaraq biz də
bundan məmnunuq.
O ki qaldı
"Gözəlliyi gözdən
salmayın" məqaləsindəki
faktların təkzib olunmasına, bu, yumşaq desək, günəşi danmağa
bənzəyir. Əvvəla
ona görə ki, məqalədə qeyd edilən faktlar əməkdaşımızın
gözü ilə gördükləri, qulağı
ilə eşitdikləridir.
Üstəlik, o, gördüklərini
fotokamerasına köçürüb
və həmin şəkillər qəzetimizdə
dərc edilib. Fotofaktları isə təkzib etmək mümkün deyil. İkincisi də, bu nöqsanları görən, onun çətinliklərini yaşayan
təkcə əməkdaşımız
deyil. Bir biləydiniz məqalənin
dərcindən sonra redaksiyamıza, yazının
müəllifinə olunan
çoxsaylı zənglərdə
Göygölə yolu
düşənlər nələr
deyirdilər. Belə görünürdü ki,
biz hələ ərazidəki mövcud nöqsanların, şair demişkən, heç dörddə-birini yazmamışıq.
Qınanılası deyildilər. Yüz kilometrlərlə yol qət edib təbiətin
Göygöl kimi möcüzəsini
görmək istəyən
yerli və ya xarici ziyarətçinin
nə marağına ki, göldəki qayıqlar hansı idarənin balansındadır.
O istəyir ki, qayıqda gölü gəzsin, əlini onun suyuna toxundurub
ləzzətini alsın.
Yaxud ziyarətçinin
nə işinə ki, Göygöl gölünün yerləşdiyi
50 hektar ərazi nə vaxtdansa hansısa MMC-yə istifadəyə verilib və ərazidəki iaşə xidmətlərini
də həmin MMC göstərir. Heç gölün
ərazisində
aşağı-yuxarı müştəri daşıyan
avtomobilin də həmin MMC-yə məxsus olması qonaqları, türklər
demiş, ilgiləndirmir.
Bəs biz nə yazmışdıq?
Yazmışdıq ki,
gölün sahilindəki
kafedə bir-iki stəkan sadə çay içmək qonaqlara 5 manata başa gəlir. Əgər sanitar qovşaqlıq işin olsa, ərazidə tapmayacaqsan və məcbur olub 300-400 metrlik sərt yoxuşu piyada qalxmalı olacaqsan. Bunun üçün fiziki imkanın yoxdursa, yenə bir o qədər pulundan keçib MMC-nin avtomobilindən istifadə edəcəksən.
Nazirliyin cavabında dolayısı yolla bütün bunlar təsdiqlənmirmi?! Elə
isə bunun nəyi təkzib oldu?
Biz hələ
cavab məktubunda gölün kənarında
cəngəlliyi xatırladan
qamışlığın təbii formalaşmış
landşaftın tərkibinə
aid olduğunu bildirildiyinin üstünə
getmirik. Bircə onu deyirik ki,
Göygöl kimi
qonaq-qaralı ərazidə
təbii landşafta da nəzarət olunmalı, lazım gələrsə, əl gəzdirilməlidir, ən
azından, cəngəlliyə
çevrilməməsi üçün.
Yeri gəlmişkən
qeyd edək ki, məmur ekoloqlar bunu yaxşı bacarırlar. Uzağa getməyək, elə adıçəkilən
məqalədə yazıldığı
kimi, Hacıkənd-Göygöl
yolu üstündə
çox təbii landşaftlar məhv edilərək yerində kababxanalar tikilib, təbii ki, məmur ekoloqların
"xeyir-dua"sı ilə.
Amma nədənsə,
nazirliyin cavab məktubunda həmin fakt təkzib olunmayıb. Buna da şükür.
Nəhayət, sözümüzün canı, istədiyimizin mayası odur ki, hansısa kütləvi informasiya vasitəsi düzgün, qərəzsiz tənqid verirsə, ona obyektiv yanaşılsın, 3 aydan sonra subyektiv təkzib vermək əzəvinə, göstərilən nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülsün.
Azərbaycan.-2023.- 16 noyabr, ¹ 249. - S.11.