Heydər Əliyev müqəddəs
bayrağımızı 33 il öncə milli mübarizənin rəmzi kimi ucaltdı
Keçmiş sovetlər
birliyinin digər respublikalarından fərqli
olaraq Azərbaycanın
müstəqilliyə gedən
yolu heç də rahat olmayıb.
Xalqımız bu yolda milli mübarizə
aparıb, enişlərdən-yoxuşlardan,
dolanbaclardan keçməli
olub. Bu yolda saysız-hesabsız əziyyətlərə qatlaşıb,
şəhidlər verib…
Müstəqilliyimizə gedən yol həm də tariximizdə mühüm yeri olan əlamətdar
siyasi hadisələrlə
zəngindir. Hansı ki bu hadisələr
xalqımızın müstəqillik
mücadiləsinin təkanverici
qüvvəsinə çevrilmiş,
hər bir azərbaycanlını milli
ideallar ətrafında
daha sıx səfərbər etmişdir.
Belə əlamətdar
tarixi hadisələrin
ən mühümü
isə hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü
və qətiyyəti
ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda
üçrəngli bayrağımızın
muxtar respublikanın rəsmi bayrağı elan edilərək ucaldılmasıdır.
Öncə onu
qeyd etmək istərdim ki, sovet rəhbərliyinin bütün təzyiqlərinə
qətiyyətlə sinə
gərən, vəzifədə
çalışmadığı vaxtlarda belə xalqımızın haqq səsini heç nədən çəkinmədən,
cəsarətlə dünyaya
çatdıran Heydər
Əliyevin 1990-cı ilin
iyul ayında Naxçıvana gəlişi
muxtar respublikanın ictimai-siyasi həyatında
böyük hadisəyə
çevrilmiş, sakinlər
Ulu Öndəri böyük sevgi və ehtiramla qarşılamışdılar. Məhz bu ehtiramın
göstəricisi kimi həmin il keçirilən
parlament seçkilərində
Naxçıvan ictimaiyyətinin
nümayəndələri Heydər
Əliyevin namizədliyini
irəli sürmüş
və Ulu Öndər Azərbaycan
SSR Ali Sovetinə və Naxçıvan MSSR
Ali Sovetinə deputat seçilmişdi.
Beləliklə, doğma
yurda gəlişi ilə eyni zamanda
yenidən siyasi fəaliyyətə başlayan
xalqımızın dahi
oğlu öz fəaliyyəti ilə yenidən Azərbaycan tarixinin böyük qürur hissi ilə bəhs etdiyimiz uğurlarına müəlliflik etmişdir.
Ən əsası, Heydər Əliyevin Naxçıvandan başlayan
yeni siyasi missiyası bütün Azərbaycanda milli azadlıq mücadiləsinin
daha da genişlənməsinə
və yeni keyfiyyət mərhələsinə
yüksəlməsinə səbəb
olmuşdur. Bu məsələdə isə
Heydər Əliyevin təşəbbüsləri ilə
Naxçıvan Ali Məclisində qəbul edilən qərarlar tarixi rol oynamışdır.
Belə ki, respublikamızda hələ
1990-cı ildə sovet
dövləti ilə bağlı rəmzlərdən
ilk olaraq məhz Ulu Öndərin
qətiyyəti sayəsində
Naxçıvanda imtina
olunmuşdu. Bu baxımdan Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin 1990-cı il
17 noyabr tarixli iclasında
qəbul edilən qərarlar Azərbaycanın
müstəqilliyinə gedilən
yolun ilk rəsmi sənədləri
kimi tarixə düşmüşdür. İclasda
Azərbaycanda milli azadlıq mücadiləsi
geniş müzakirə
edilmiş, Naxçıvan
MSSR-in adından "Sovet" və "Sosialist" sözləri
çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə
tarixi qərar qəbul olunmuşdur.
Həmin gün
qəbul olunan digər tarixi qərarla isə Azərbaycan Xalq Cümhuriyyətində ucaldılmış
üçrəngli bayrağımız
rəsmən Naxçıvan
Muxtar Respublikasının
bayrağı elan edilmişdir. Qərarda həmçinin Azərbaycan
Ali Sovetinə dövlət rəmzləri
haqqında məsələyə
baxılması və
respublikamızın milli
tarixi ənənələrə
uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın,
gerbin, himnin qəbul edilməsi təklif olunmuşdu.
Naxçıvanda Xalq
Cümhuriyyətinin bayrağının
dövlət bayrağı
kimi qəbul olunması olduqca mühüm siyasi hadisə idi. "O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi.
Bizim müstəqilliyə
gedən yolumuz o gündən başlamışdır.
Məhz Xalq Cümhuriyyətinin bayrağının
dövlət bayrağı
kimi qəbul olunması Azərbaycanı
müstəqilliyə daha
da yaxınlaşdırmış
və ölkəmizdə
gedən proseslərə
güclü təkan vermişdir", - deyə
Ümummilli Lider Heydər Əliyev sonralar bu barədə
danışarkən bildirmişdir.
Beləliklə, Heydər
Əliyevin cəsarəti
və qətiyyəti
ilə 33 il əvvəl - hələ
sovet dövlətinin mövcud olduğu
1990-cı il noyabrın
17-də Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı
olan üçrəngli
bayrağımız Naxçıvan
Muxtar Respublikasında
dalğalanmağa başlamışdı.
Ulu Öndər
Heydər Əliyevin təşəbbüsləri ilə
Naxçıvan Ali Məclisi tərəfindən
20 Yanvar faciəsinə
ilk dəfə siyasi qiymətin verilməsi, o cümlədən
1991-ci ilin fevralında
SSRİ-nin gələcəyi
ilə bağlı referendumun Naxçıvanda
boykot edilməsi kimi mühüm siyasi qərarlar Naxçıvanı müstəqilliyimizin
bərpası uğrunda
milli azadlıq mübarizəsinin önünə
çıxarmışdı. Başqa cür desək, Heydər Əliyevin liderliyi ilə Naxçıvan xalqımızın müstəqillik
mücadiləsinin aparıcı
ünvanına çevrilmişdi.
Görkəmli dövlət
xadimi olan Heydər Əliyevin böyük uzaqgörənliklə
verdiyi siyasi qərarlar Azərbaycanda milli mübarizənin hər bir iştirakçısında
böyük ruh yüksəkliyi yaratmış,
onların sıralarını
genişləndirmiş, tezliklə
dövlət müstəqilliyimizin
bərpasına olan ümummilli inamı daha da möhkəmləndirmişdi.
Bu gün bayrağımız bütün
dünyada, beynəlxalq
təşkilatlarda, xarici
ölkələrdəki səfirliklərimizdə
dalğalanaraq, idmançılarımızın
qalib olduğu mötəbər idman yarışlarında ucaldılaraq
müstəqil Azərbaycan
dövlətinin varlığını
təcəssüm etdirir.
Cənab Prezident İlham Əliyevin bayrağımıza göstərdiyi
böyük ehtiram, noyabrın 9-u Azərbaycan
Respublikasının Dövlət
Bayrağı Günü
təsis olunması milli həmrəyliyin daha da möhkəmlənməsinə,
azərbaycançılıq məfkurəsinin güclənməsinə
xidmət edir.
Böyük fəxarət
hissi ilə qeyd etmək istərdim ki, Vətən müharibəsində
qazandığımız qələbə
həm də Azərbaycan bayrağının
təntənəli zəfərinə
çevrildi. Müharibə
günlərində şanlı
ordumuzun qəhrəman
hərbçilərinin işğaldan
azad edilmiş ərazilərimizdə dalğalanan
bayrağımızın fonunda
Müzəffər Ali
Baş Komandan İlham Əliyevə qələbə məruzələrini
etmələrini hər
birimiz böyük qürurla izlədik. Müharibədən sonra cənab Prezidentin azad edilmiş ərazilərimizə səfərlər
edərək öncə
Azərbaycan bayrağını
ucaltması milli qürurumuzun təntənəsinə
çevrildi.
Artıq Azərbaycan
bayrağı uzun illər erməni məkrinin yuvası olmuş Xankəndidə də dalğalanır. Sonuncu dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Xankəndidə dalğalanmış
üçrəngli bayrağımız
103 il sonra möhtərəm İlham
Əliyev tərəfindən
erməni separatizmindən
azad edilmiş bu doğma şəhərimizdə
yenidən ucaldıldı.
Beləliklə, ilk dəfə Heydər Əliyevin Naxçıvanda
rəsmi şəkildə
ucaltdığı bayrağımız
indi Xankəndidə də qürurla dalğalanır, qalibiyyətimizi
dünyaya bəyan edir.
Heydər Əliyevin
düşməndən qoruduğu,
milli azadlıq mücadiləsində tarixi
qərarlar qəbul etdiyi Naxçıvan Muxtar Respublikası isə bu gün
Prezident İlham Əliyevin qayğısı
ilə inkişaf edir, yeni uğurlara
imza atır. Son dövrlərdə muxtar respublikada bütün sahələrdə
baş verən dəyişikliklər göstərir
ki, dövlət başçısının qarşıya
qoyduğu tapşırıq
və tövsiyələr
uğurla icra olunur. İslahatların, o
cümlədən "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı"nin icrası
nəticəsində muxtar
respublikanın inkişafında
tamamilə yeni mərhələ başlayıb.
Cəbi
QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.- 17 noyabr,
№ 250. - S.5.