Şəhid Elgün İsmayılovun əziz xatirəsinə...

 

 

"Azərbaycan" qəzetinin şəhid əməkdaşının xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vuruldu

 

 

 

Torpağı Vətən edən uğrunda axıdılan şəhid qanıdır. Vətən yolunda gözünü belə qırpmadan silaha sarılanlar, sinələrini düşmən gülləsinə sipər edənlər bu gün cənnətə çevrilən Azərbaycanın başucalığıdır. Şəhidlikləri ilə and yerimizə çevrilən qəhrəmanlarımızı daim qəlbimizdə yaşatmaq, onların xatirələrini əbədiləşdirmək isə hər birimizin vətəndaşlıq borcudur.

Şəhidliyinin 29 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılov da Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı naminə ölümü gözə alaraq əbədiyyətə qovuşan igidlərimizdəndir. Bu gün Elgün İsmayılovun 49 yaşı onsuz qeyd edilir. O, 1974-cü il noyabrın 16-da Bakıda anadan olub. 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılan Elgün elə həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilir. O, Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərə qatılır. Orada göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılır.

1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilir. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edir. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülür. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün olur. Burada düşmən hücumuna məruz qalan, son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalan igid kəşfiyyatçı Elgün İsmayılov Bakıdakı Şəhidlər xiyabanında dəfn edilir.

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun unudulmaz xatirəsi yalnız ailəsində, oxuduğu məktəbdə deyil, həm çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında daim ehtiramla yad edilir. 2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında şəhidin xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilir.

Hər il şəhidin doğum günündə redaksiya kollektivi onun İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarət edir. Ənənəvi olaraq bu il Elgünün xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarətə gələn kollektivin üzvləri onun məzarı üzərinə tər çiçək dəstələri düzərək ruhuna dualar oxudular.

Sonra redaksiyada davam etdirilən anım mərasimində Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla anıldı.

Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, vətənpərvərlik mövzusu "Azərbaycan" qəzetində dərc olunan məqalələr arasında hər zaman qırmızı xətt kimi keçir. Redaksiya əməkdaşlarının artıq 21-ci ildir ki, keçirilən, Elgün İsmayılovun xatirəsinə həsr olunmuş bu yaradıcılıq müsabiqəsinə məhz vətənpərvərliklə bağlı məqalələr təqdim etmələri bunun əyani təsdiqidir.

Baş redaktor söylədi ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər həm Birinci Qarabağ savaşında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərə əsl örnək olduğunu sübuta yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi hərbi-siyasi qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Biz ömrünü vətənə fəda edən igidlərimizə borcluyuq. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini artıq üç ildir ki, zəfər ab-havası ilə qeyd edirik.

"Döyüş meydanında düşmənin başını əzərək şəhidlərimizin qisasının alınması, bütün ərazilərimizdə dövlətimizin konstitusion əsaslarının bərpa olunması bizə qürur hissi bəxş edir. Prezident İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı dalğalandırması orada çox möhtəşəm hərbi paradın keçirilməsi, separatçı yuvasına çevrilmiş Xankəndinin azadlığa qovuşması isə bizim sevincimizə sevinc qatdı. Bir sözlə, otuz il təqvimlərimizdə yer alan qara günlərin yerini indi al qırmızı bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini bizə ürəklərində vətən sevgisi daşıyan, gözlərini qırpmadan düşmənə sinə gərib ölümün üzərinə gedən qəhrəman oğullarımız bəxş ediblər", - deyə baş redaktor bildirdi.

Bəxtiyar Sadıqov vurğuladı ki, indi xalqımız Qarabağ Şərqi Zəngəzurda müzəffər lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun təntənəsini yaşayır. Budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsi qəhrəmanları, işğaldan azad edilmiş ərazilərimizdə icra edilən bərpa-quruculuq işləri ilə bağlı olması da bu baxımdan təsadüfi deyil. Biz hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət ayırmalı olduğumuzun məsuliyyətini yaxşı anlayırıq. 

Sonra Bəxtiyar Sadıqov müsabiqənin nəticəsini elan etdi. Builki müsabiqənin yekunlarına görə, redaksiyanın əməkdaşları Rəşad Baxşəliyev, Yasəmən Musayeva Elşən Qəniyev vətənpərvərlik mövzusunda dərc olunmuş silsilə reportajlarına görə  "Azərbaycan" qəzetinin fəxri diplomu pul mükafatları ilə təltif olundular.

44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev söylədi ki, hələ zəfərdən öncə keçirilən müsabiqələrdə qaliblər sırasında olsa da, özünü heç zaman əsl qalib hesab etməyib. Çünki cəmi 20 yaşında canını Vətən uğrunda fəda edən qəzetimizin əməkdaşının, habelə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ruhları işğal dövründə şad olmayıb. Lakin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra üç ildir ki, bu müsabiqədə fəxrlə iştirak edir. Vətən torpaqlarımız artıq azaddır, İkinci Qarabağ müharibəsində bütün şəhid qardaşlarımızın qisası alınıb.

İkinci Qarabağ savaşında qazanılan şanlı zəfərimizdə onun da payı olduğuna görə ayrıca qürur hissi keçirən R.Baxşəliyev həmçinin vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq "Azərbaycan" qəzetinin redaksiyasına şəhid əməkdaşımız Elgün İsmayılovun davamçısı kimi qayıtmaq onun üçün şərəfdir.

Özü keçmiş məcburi köçkün olan Yasəmən Musayeva dedi ki, biz həm Birinci, həm İkinci Qarabağ müharibəsində gözlərini belə qırpmadan Vətənimizin bütövlüyü naminə ölümə atılan qəhrəman oğullarımıza hər zaman borcluyuq: "O oğullara ki bizə zəfər xoşbəxtliyini daddıraraq 30 illik torpaq nisgilimizə son qoyublar. Uzun illər sonra Kəlbəcərə - doğma el-obama ziyarətə gedərək o yerləri bir daha görmək mənə nəsib oldu. Bu şərəfli yolda həyatlarını qurban verən igidlərimizin əziz ruhunu şad etmək, onların xatirəsini əbədiləşdirmək üçün mən bir jurnalist olaraq məsuliyyətimi dərk edir vəzifəmi layiqincə yerinə yetirməyə çalışıram. Bu mənada işğaldan azad olunmuş torpaqlarımızdan reportajlar hazırlamağı, Qarabağ Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlər bizi azadlığa qovuşduran şəhidlər barədə publisistik məqalələr yazmağı mənəvi borc hesab edirəm. Builki müsabiqədə məhz sonsuz ehtirama, sevgi məhəbbətə layiq olan Vətən oğulları barədə yazdığım məqalələrimlə qalib seçildiyimə görə qürurluyam".

Müsabiqə qaliblərindən Elşən Qəniyev minnətdarlıq hissi ilə bildirdi ki, Azərbaycanın adını layiqincə daşıyan bir qəzetin əməkdaşı olmaq şəhidimizin əziz xatirəsinə həsr olunmuş müsabiqənin qalibi seçilmək onun üçün böyük şərəfdir: "Vətən torpağı naminə ömrünü qurban vermiş bir gəncə həsr edilmiş müsabiqədə aldığım mükafat mənim üçün ən qiymətli mükafatdır. Bu gün qaliblər arasında olmaq həm məsuliyyətimi artırır. Vətən uğrunda canlarından keçən şəhidlərin adlarını daim uca tutmaq bizim borcumuzdur.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.5.