Qarabağın
ruhunu yaşadan xalçaların sərgiləndiyi
mədəniyyət ocağı
Otuz ilə yaxın davam edən erməni işğalından qurtulmuş
ərazilərimizdə tikinti-bərpa,
quruculuq işləri başlayandan bəri yurduna qovuşan yalnız o yerlərin sakinləri deyil. İşğalçı, təcavüzkar
ermənilərin uçurub
dağıtdıqları, qarət
etdikləri mədəniyyət
ocaqlarımız da yenidən qurulur və qapılarını
ziyarətçilərinin üzünə
açır.
Onlardan biri də XX əsrin sonuncu onilliyində Şuşa düşmən
işğalına məruz
qalanadək orada fəaliyyət göstərmiş
xalça muzeyi oldu. Bu il
mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının
açılışında iştirak etdilər. Beləliklə, otuz bir ildən sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti
bərpa olundu.
Şuşada xalçaçılıq
qədim və zəngin ənənələrə
malikdir. Hələ 1867-ci ildə xalça sənətkarları
Paris sərgisində iştirak
edib, vətənə
medallarla, diplomlarla dönüblər. Şuşa
xalçaları 1872-ci ildə
Moskvada keçirilən
Politexnik Sərgisində
də yenidən xüsusi nişanlarla təltif ediliblər.
Yalnız Şuşada
deyil, bütövlükdə
Qarabağda tarixi ənənələrə malik
xalçaçılıq sənətinin öyrənilməsi,
yaşadılması, inkişafı
üçün hələ
sovet dövründə
müəyyən işlər
həyata keçirilib.
Qarabağ xalçaçılıq
sənəti ənənələrinin
öyrənilməsi, qorunması,
yaşadılması məqsədilə
1985-ci il sentyabrın
26-da Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin 502 №-li əmrinə əsasən,
Azərbaycan Xalçası
və Xalq-Tətbiqi Sənəti Dövlət
Muzeyinin Şuşa filialının əsası
qoyulub. 1987-ci il mayın 19-da general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə milli sənət dəyərlərimizi yaşadan
filial fəaliyyətə
başlayıb. Xalça
və xalça məmulatları, bədii
tikmə, milli geyim və zərgərlik
nümunələri Azərbaycan
Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin əsas fondundan Şuşa filialına göndərilib.
Muzeyin əsas fondundan seçilmiş xovlu və xovsuz
xalçalar, xalça
məmulatları, bədii
tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri Şuşa filialında sərgilənib.
1980-ci illərin sonlarında
işğalçı ermənilər
Azərbaycandan yenidən
ərazilər qoparmaq
niyyəti ilə Qarabağı münaqişə
ocağına çevirdilər.
Azərbaycanın mərd
övladları qəddar,
qatil ermənilərin
hücumlarının qarşısını
almaq, işğala yol verməmək üçün canlarını
sipər etdilər. Ancaq xarici havadarlarından
silah-sursat, maddi yardımlar alan düşmən Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini işğal
edə bildi.
1992-ci il mayın
8-də Şuşa şəhəri
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğal olunduğu
günədək oradakı
xalça muzeyinin filialı fəaliyyət göstərdi. Təcavüzkar
ermənilərin işğalına
məruz qalan ərazilərimizdə maddi-mənəvi
xəzinəmiz sayılan
neçə-neçə tarixi
abidəmiz, muzeylərimiz
erməni işğalçıları
tərəfindən qarət
olundu, dağıdıldı.
Qəsbkarların əllərinə
keçən torpaqlarımızda
762 mədəniyyət abidəsi
qaldı. İşğalçılar
22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə yeksan etdilər.
Qədim Şuşada
hər birinin Azərbaycanın maddi-mənəvi
xəzinəsində öz
yeri olan 8 muzey - Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir bəy Hacıbəylinin ev-muzeyi, Bülbülün
memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın
xatirə muzeyi, Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi fəaliyyət göstərirdi.
Şuşada fəaliyyət
göstərən 8 muzeydən
yalnız Xalça muzeyi əşyalarının
yarıdan çoxunu,
dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin evmuzeyi isə əşyalarını
qismən xilas edə bildi. Belə ki, saxlanılan
sənət nümunələrinin
təhlükədə olduğunu
nəzərə alaraq,
1992-ci il fevralın
29-da Şuşa filialının
246 ədəd eksponatından
183-ü (80 ədəd xovlu
xalça, 35 ədəd
xovsuz xalça və xalça məmulatı, 29 ədəd
bədii tikmə və milli geyim,
39 ədəd zərgərlik
məmulatı) təxliyə
edilərək Bərdəyə,
ardınca Bakı şəhərinə gətirildi
və Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verildi. Həmin eksponatlar arasında XIX-XX əsrləri
əhatə edən Qarabağın ənənəvi
"Şabalıd-buta", "Malıbəyli", "Qoca",
"Bəhmənli", "Atlı-itli", "Xanlıq",
"Çələbi", "Açma-yumma" çeşniləri
əsasında toxunmuş
xovlu xalçalar, məişətdə geniş
istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii
tikmə, milli geyimlər və zərgərlik nümunələri
qaldı.
Şuşa şəhəri
işğal altında
olduğu dövrdə
Şuşa filialı
öz fəaliyyətini
Azərbaycan Milli Xalça Muzeyində davam etdirdi.
2020-ci ildə 44 günlük
Vətən müharibəsində
Müzəffər Azərbaycan
Ordusu torpaqlarımızı
Ermənistan silahlı
qüvvələrinin işğalından
azad etdi. Çox keçmədi ki, digər ərazilərimiz kimi, Şuşada da tikinti, bərpa işlərinə start verildi. Şuşadakı xalça muzeyinin binası işğal dövründə yararsız
hala düşdüyündən,
tarixi görkəminə
müdaxilələr olunduğundan
burada 2021-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bərpa
işləri həyata
keçirildi. Binanın
daxili divarları, döşəmələri, tavanları
bərpa edildi. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək
binanın tarixi siması özünə qaytarıldı. Onun fasadındakı çatlar
bərpa olundu, daşla üzləndi.
Qarabağda toxunan
zərif xalçalar yenidən Şuşada, Milli Azərbaycan Xalça Muzeyinin Şuşa filialında sərgilənir. O xalçalar
ki, hər biri dəyərli sənət əsəridir
və qədim Qarabağ torpağının
ruhunu, əsrlərlə
burada yaşayıb-yaratmış
insanların, eləcə
də sənətkarların
həyat və məişətini, dünyagörüşünü
özündə əks
etdirir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
17 noyabr, № 250. - S.11.