Millətsevər ziyalı

 

 

Ötən əsrin 30-cu illərində milli özünüdərkə xidmət edənlər, xalqın gələcəyi üçün çalışanlar, ictimai-mədəni fəallar Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmış bolşevik-erməni birləşmələrinin hədəfinə çevrilmişdilər. Onların arasında şair, pedaqoq, ədəbiyyatşünas kimi tanınan Əmin Abid var idi.

Əmin Abid 1898-ci ildə Bakıda, Təzəpir məsçidinin yaxınlığında Mütəllib Əhmədovun ailəsində anadan olub. Atası Mütəllib kişi məşhur daşyonan usta idi. Anası Reyhan evdə paltar tikir, qadınlara uşaqlara əlifbanı, "Quran" oxumağı öyrətməklə, mərsiyəxanlıq da edir, bir sözlə, çörək pulu qazanıb, ailənin dolanışığını təmin etməkdə ərinə yardımçı olurdu. Əminin özündən böyük Əbülfəz Əliabbas adında qardaşı olub. Əmin ibtidai təhsilini anası Reyhan xanımın evdə açdığı məktəbdə alıb. Sonra şəhərdəki III Aleksandr Oğlan Gimnaziyasında təhsilini davam etdirib. 

Əmin valideynlərinin tövsiyəsi ilə ali təhsil almaq üçün 1914-cü ildə Türkiyəyə getməyi qərarlaşdırır. Lakin Birinci Dünya müharibəsinin başlanması onun bu arzusunu həyata keçirməyə mane olur. O, qardaşı sair Əliabbas Müznibin naşiri olduğu "Dirilik" "Babayi-Əmir" jurnallarında işləyir. Müxtəlif imzalarla hekayə, şeir, məqalə tərcümələr çap etdirir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bir çox azərbaycanlı gənci kimi, onun da  arzusu gerçəkləşir. Pedaqoji təhsil almaq üçün Türkiyəyə gedir, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olur.

Abid İstanbul Universitetində təhsil alarkən özündən aşağı kursda oxuyan, milliyyətcə almanəsilli Nafiə ilə tanış olur, onunla ailə qurur. Əmin Abid 1927-ci ildə universiteti bitirib Azərbaycana dönəndə Nafiə təhsilini yarımçıq qoyub onunla Bakıya gəlir. Cütlük Bakıda başqa bir ovqatla qarşılaşır. Bolşevik rejimi burada  Nafiə xanıma təhsilini davam etdirməyə, haradasa işləməyə imkan verir. Zamanın sərt ruzigarı ilə üzləşən xanım məcbur olub evdə dərzilik edir, qohum-qonşu üçün paltar tikir.

Pedaqoji Texnikumda universitetdə dərs deyən Əmin Abidi bir müəllim araşdırıcı kimi daha çox düşündürən məsələ "Dədə Qorqud" dastanı idi. "Dədə Qorqud"un Drezden nüsxəsinin surətini ilk dəfə Azərbaycana gətirən , bu əvəzsiz dastan barədə Azərbaycanda ilk elmi fikir söyləyən , bu abidəni ilk dəfə nəşrə hazırlayan da Əmin Abid olub. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu (İmanov), flologiya üzrə elmlər doktoru Almaz Həsənqızı, yazıçı-publisist Əli Şamil digər  tədqiqatçı-alimlərin fikrincə, ürək ağrıdan məsələlərdən biri odur ki, araşdırıcıların çoxu Azərbaycanda "Kitabi-Dədə Qorqud"un tədqiqi tarixini hələ başqa-başqa tədqiqatçıların adları ilə bağlayırlar.

Əmin Abid ictimai-siyasi hadisələrin dərinliynə vardıqca, sovet rejiminin apardığı yadlaşma, milli dəyərləri heçə endirmə siyasətinin, müstəqil düşüncə sahiblərinin təqib edilməsinin şahidi olur. Buna görə qələmini süngüyə çevirərək özünü odlara-alovlara atır.

1929-1930-cu illərdən başlayaraq bir çox başqa ədəbiyyatçılarımız kimi, Əmin Abidə qarşı da siyasi hücumlar başlayır. Pantürkist adı altında ittiham edilib repressiyaya məruz qalandan sonra Əmin Abid adının çəkilməməsi adi hala çevrilir, Bakıda işləməsi daha da çətinləşir. Məcburiyyət qarşısında qalan pedaqoq 1929-1934-cü illərdə Ağdam, Ağdaş Quba rayonlarında  müəllim işləməli olur. 

Akademik Muxtar Kazımoğlunun fikrincə, repressiya qurbanı Əmin Abidin ədəbiyyatımız, habelə xalqımızın milli müstəqillik uğrunda apardığı mübarizədə söylədiyi  həqiqətlər illərboyu pərdə arxasında qalıb. İllərboyu dilə gətirilməyən Əmin Abid həqiqətlərindən biri budur ki, o həm ədəbiyyat tarixçisidir.  Ötən əsrin 20-ci illərində Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin İstanbul üzrə müxbiri Əli Şahbazovun 1926-cı ildə həmin qəzetdə verdiyi məlumata görə, Əmin Abid 6 cilddən ibarət olan ədəbiyyat tarixi üzərində çalışıb. Çox təəssüf ki, Əli Şahbazovun qeyd etdiyi 6 cild bütövlükdə əldə yoxdur. Bədirxan Əhmədli Əli Şamilin axtarışları  hesabına Əmin Abidin ədəbiyyat tarixinə aid cəmi iki kitabı 20-ci illərdə ayrı-ayrı jurnallarda çap olunmuş bir neçə məqaləsi üzə çıxarılıb.

Bir gün gəlir, şair  millət sevgisinə, vətənpərvərliyinə görə təqib edilir işdən çıxarılır. Eyni zamanda mətbuatda tənqid hədəfinə çevrilir. Belə bir çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü hiss edən Əmin Abid elmi tədqiqatla məşğul olmağa üstünlük verir. Çox çətinliklə olsa, qədim orta yüzilliyin qaynaqlarını araşdırır. Əldə etdiyi nailiyyətləri tədqiqata cəlb edir... Bütün bunlara baxmayaraq, həyatını repressiya tufanından xilas edə bilmir. Adı türk millətçiləri siyahısına salınır. 1937-1938-ci illərdə maarif sahəsində aparılan "təmizləmə" əməliyyatı əsasən türk ədəbiyyatı, coğrafiyası tarix fənləri ilə məşğul olanlara yönəldilmişdi. Bu zaman Stalin diktaturası minlərlə günahsız ziyalımız kimi, Əmin Abidi qardaşı Əliabbas Müznibi qara kölgə kimi izləyirdi. Nəhayət, 1937-ci ildə yenidən həbs edilən Əliabbas Müznib şair ədəbiyyat mütəxəssisi kimi həmin il avqustun 27-də Fövqəladə üçlüyün qərarı ilə güllələnir. Bundan təxminən bir il bir ay sonra,

14 iyul 1938-ci ildə Əmin Abid həbs edilir. Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırılan millətsevər  ziyalı həmin il oktyabrın 21-də saat 21.30-da güllələnir. Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olub. 

Əmin Abid güllələnəndən az sonra həyat yoldaşı Nafiə xanımı da həbs edirlər. Cəza müddətini başa vurduqdan sonra Bakıya qayıdan Nafiə xanım burada çox qala bilmir və Türkiyəyə gedir.

1956-cı ildə  bir çox günahsız repressiya qurbanı kimi, millətsevər ziyalımız Əmin Abidin də "işi"nə yenidən baxılır, əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 17 noyabr, ¹ 250. - S.11.