Hayastanın dövlət
borcu 12 milyard dolları ötəcək
Məğlub ölkənin iqtisadi
çöküşü gələn
il daha sürətli xarakter alacaq
Postmüharibə dönəmində
sosial-iqtisadi sahədə
daha böyük problemlərə düçar
olan, Azərbaycanla sülh müqaviləsinin
imzalanmasını hər
vəchlə uzadan Hayastanda vəziyyətin getdikcə daha da gərginləşməsi müşahidə
olunur. Müharibədəki
məğlubiyyətdən sonra bu ölkədə
qeyd olunan istiqamətlər üzrə
müsbətə doğru
dəyişən nəsə
yoxdur. Əksinə, məğlub ölkənin
çöküşünün daha sürətli xarakter alacağı proqnozlaşdırılır.
Bunu Hayastanın
gələn il dövlət
büdcəsindən də
görmək olar. Gələn il üçün
nəzərdə tutulan
layihədə büdcənin
xərcləri 3,108 trilyon
dram (7,75 milyard dollar), gəliri
2,767 trilyon dram (6,9 milyard
dollar), kəsiri isə
341,1 milyard dram (853,3 milyon
dollar) olaraq hesablanıb.
Hakimiyyətə gəlməzdən
əvvəl borclara qəti şəkildə qarşı çıxan
və ya ən azı bunu belə təqdim edən Nikol Paşinyan Hayastanın dövlət borcunun yükünü durmadan artırıb. 2024-cü il dövlət
büdcəsinin müzakirəsi
zamanı Hayastan Mərkəzi
Bankının sədri
Martin Qalstyan deyib ki, gələn il ölkənin
dövlət borcu artacaq və ÜDM-in 48,4 faizini təşkil edəcək.
Ümumiyyətlə, məğlub
ölkədə orta hesabla hər il dövlət borcu təxminən 1 milyard
dollar artıb. Son məlumatlara
görə, Hayastanın
dövlət borcu 11,4
milyard dollar civarındadır.
Nikol Paşinyan hakimiyyətə
gələnə qədər
bu, 6,7 milyard dollar idi. Beş ildən
az müddət sonra 4,7 milyard dollar borc yığılıb.
Gələn il Hayastanın
dövlət borcu son illərdəki kimi, heç də az olmayan sürətlə
artacaq. Belə ki, Paşinyan hökumətinin
2024-cü il dövlət büdcəsinə
əsaslanan proqnozlarına
əsasən, bu ilin sonunda dramla
ifadə olunan dövlət borcu 4,660 milyard dram təşkil edəcək. İndi bu,
4,395 milyarddır. Yəni ilin sonuna kimi 265 milyard dram artacağı gözlənilir. Artıq gələn ilin sonunda hökumətin proqnozlarına görə,
borc 5,318 milyard dram təşkil edəcək.
Paşinyan hökumətinin
bu proqnozları özünü doğrultsa,
gələn il dramla ifadə edilən borc əsasən hökumətin öhdəliklərinə
uyğun olaraq 658 milyard dram (təxminən
1,6 milyard dollar) artacaq.
Proqnozlar isə yekunda onu deməyə
əsasə verir ki, gələn il borc öhdəlikləri 12 milyard
dolları ötəcək.
Bu arada, 2024-cü il dövlət
büdcəsinə əsaslanan
proqnozlara əsasən,
hökumətin borcunun
xidmət xərcləri
(faiz ödənişləri)
ÜDM-in 3,1 faizini təşkil
edəcək. Nominal ifadədə
bu, 322 milyard dramdan çox olacaq.
Paşinyan hökuməti
pensiya və müavinətləri artırmaq
əvəzinə götürülmüş
və bilinməyən
səbəblərə xərclənən
borcları ödəmək
məcburiyyətində qalacaq.
Əgər hər şey hökumətin tərtib etdiyi ssenari üzrə getsə, gələn il borcun xidmət məbləğləri, ən
azı, 49,4 milyard dram
artacaq. Hayastanın dövlət büdcəsinə
əsaslanan məzənnə
ilə hesablansa, bu, 128 milyon dollar alınır. Beləliklə,
gələn il borc xidməti də artacaq və ümumilikdə 830 milyon dollardan çox olacaq.
Məsələ bundadır
ki, bu fonda Hayastan büdcəsində sosial ödənişlərdə, maaşlarda
hansısa artımın
olmayacağı proqnozlaşdırılır.
Bununla bağlı ekspert Manvel Minosyan qeyd edir ki, Hayastanda
təqaüd və maaşlar artmayacaq. Əgər ölkədəki
pensiyaçıların təqaüdləri
100 dram artırılarsa, bu,
dövlət büdcəsinə
çox böyük məbləğə başa
gələ bilər:
"Təbii ki, belə
bir addımın atılmasının ölkə
əhalisinin rifahına
elə də böyük bir təsir göstərməyəcəyini
nəzərə alsaq,
bu halda, belə bir sual
doğa bilər - hökumət tərəfindən
belə bir addım atılmasına dəyərmi? Əslində,
pensiyaçıların təqaüdlərinin
1000 dram artırılması ölkədəki bugünkü
qiymət artımı
ilə müqayisədə
heç nədir, yəni belə bir addımın atılması xalqın rifah səviyyəsinin yüksəlməsinə heç
bir təsir göstərə bilməz".
Hayastan hakimiyyəti 2024-cü ildə
əsaslı xərclərin
41 faizini müdafiə
sektorunu dəstəkləməyə
yönəldəcək. Bu barədə parlamentin növbəti dörd günlük iclasında təsdiq üçün
parlamentə təqdim
edilən 2024-cü il dövlət
büdcəsi layihəsində
qeyd olunub. 2024-cü ildə əsaslı xərclər artaraq, 710 milyard dram (təxminən
1 milyard 775 milyon
dollar) təşkil edəcək.
Ermənistan Müdafiə
Nazirliyinə 555 milyard
dram (1,4 milyard dollar) ayrılacaq.
Müdafiə xərcləri
ÜDM-in 5,3 faizini təşkil
edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, məğlub ölkəni
qarşıda çox
çətin dövr
gözləyir. İqtisadi
çöküş Hayastanı
daha dərin tənəzzülə yuvarlayır.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2023.- 18 noyabr,
№251- S.9.