“Daşınmaz
Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, daşınmaz əmlakın
dövlət kadastrı
və reyestri sahələrində idarəetmə
sisteminin təkmilləşdirilməsi,
şəffaflığın və operativliyin artırılması, biznes
mühitinin yaxşılaşdırılması
baxımından əmlakın
qeydiyyatı ilə bağlı xidmətlərin
elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət
mexanizmlərinin, habelə
elektron sənəd dövriyyəsinin genişləndirilməsi
məqsədilə qərara
alıram:
1. “Daşınmaz Əmlakın
Elektron Reyestri və Kadastrı” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.
2. Müəyyən edilsin
ki, Sistem aşağıdakıları
təmin edir:
2.1. ərizəçinin daşınmaz
əmlakın dövlət
reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin
və ona əlavə edilən sənədlərin (məlumatların)
qəbulu, emalı və nəticələrinə
dair elektron sənədlərin, habelə
məlumatların elektron
qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən
müraciətlərin icra
vəziyyətinin izlənilməsini;
2.2. “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində
nəzərdə tutulmuş
sənədlərin (məlumatların),
həmçinin daşınmaz
əmlakın tarix və mədəniyyət
abidəsi olması barədə məlumatın
Sistemə daxil edilməsini və həmin sənədlərdən
(məlumatlardan) istifadə
edilməsini;
2.3. daşınmaz əmlak üzərində hüquq
əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən
daşınmaz əmlakın
dövlət reyestrindən
çıxarışın və texniki sənədlərin, habelə
notariuslar və ya qanunla müəyyən
edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər
tərəfindən qanunla
müəyyən edilmiş
hallarda notariat hərəkətinin aparılması
üçün zəruri
olan məlumatların
elektron qaydada Sistemdən yoxlanılmasını
və əldə edilməsini;
2.4. daşınmaz əmlakın
dövlət reyestrinin
və kadastrının
aparılması üçün
əsas olan hüquqi və texniki sənədlərin,
habelə məlumatların
əldə edilməsini;
2.5. qanunla nəzərdə tutulan ödənişlərin
elektron qaydada həyata keçirilməsi
imkanının yaradılmasını.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti altı ay müddətində:
3.1. Sistem haqqında əsasnamənin layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın
qeydiyyatı, kadastrı
və idarə edilməsi sahələrində
normativ hüquqi aktların təkmilləşdirilməsinə
dair təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 noyabr 2023-cü il
Azərbaycan.-2023.- 18 noyabr,
¹ 251.- S.2.