Parlamentin
komitə iclasında büdcə zərfinə
daxil olan 11 qanun layihəsi müzakirə edilib
Noyabrın 17-də Milli
Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə
sədri Tahir Mirkişili gündəlikdə
12 məsələnin yer
aldığını, onlardan
11-nin ikinci oxunuşda
təqdim edilən
2024-cü ilin dövlət
büdcəsi və büdcə zərfinə
daxil olan qanun layihələri olduğunu söyləyib.
Komitə sədri
bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövr ölkə iqtisadiyyatının
gücləndirilməsində mühüm mərhələ
olub. Həmin dövrdə Azərbaycanda
sənayeləşmə prosesinin
başlaması, əmək
məhsuldarlığının artması, Xəzər dənizində yeni neft resurslarının kəşf edilməsi ölkənin iqtisadi inkişafında önəmli
rol oynayıb və müstəqilliyimizin
bərpa edilməsi üçün zəmin yaradıb. O, 35 il əvvəl - 1988-ci il noyabrın 17-də Azərbaycan
xalqının milli azadlıq hərəkatına
başlayaraq, dövlətimizə
qarşı olan haqsızlıqlara layiqli cavab verdiyini və bu günün
Milli Dirçəliş
Günü kimi qeyd edildiyini deyərək, bu münasibətlə təbriklərini
çatdırıb.
Sonra Tahir Mirkişili gündəlikdəki
məsələlər barədə
fikirlərini açıqlayıb.
O, 2024-cü ilin dövlət
büdcəsi və büdcəyə daxil olan qanun layihələri
barədə birinci oxunuşda ətraflı məlumat verildiyini söyləyib. Qeyd edib ki, 2024-cü ilin büdcəsində gəlirlərin 282 milyon manat, xərclərin isə 138 milyon manat artırılması planlaşdırılır.
Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov çıxış
edərək, 2024-cü il
və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin
təklif olunan gəlir və xərcləri barədə
məlumat verib. O diqqətə çatdırıb
ki, növbəti ilin dövlət büdcəsinin xərcləri
36 milyard 763 milyon manat həcmində təklif olunur. Xərclərin 93 faizinin və ya 34 milyard
173 milyon manatının
dövlət büdcəsinin
gəlirləri hesabına,
7 faizinin və ya 2 milyard 590 milyon manatının dövlət büdcəsi
kəsirinin maliyyələşməsi
hesabına həyata keçirilməsi planlaşdırılır.
Dövlət büdcəsi
gəlirlərinin 49,8 faizi
qeyri-neft sektorunun, 50,2
faizi isə neft sektorunun gəlirləri hesabına
formalaşacaq.
Bildirilib ki, növbəti ilin büdcə xərclərinin
51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət
proqramları və məqsədli tədbirlərin
maliyyələşdirilməsi üçün nəzərdə
tutulub. Belə ki, işğaldan azad edilmiş ərazilərdə Böyük
Qayıdış proqramı
üzrə 4 milyard manat məbləğində,
“Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə
tutulmuş tədbirlərin
maliyyələşdirilməsi üçün 1,5 milyard
manat məbləğində
və Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün dövlət
proqramında nəzərdə
tutulmuş tədbirlərin
həyata keçirilməsi
üçün 249 milyon
manat məbləğində
vəsaitin yönəldilməsi
nəzərdə tutulub.
Qeyd olunub ki, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi
dövlət büdcəsinin
əsas istiqamətlərindən
birini təşkil edir. Bu istiqamətdə
2024-cü ildə 15 milyard
773 milyon manat vəsait ayrılacaq. Məşğulluq imkanlarının
genişləndirilməsi məqsədilə
haqqı ödənilən
ictimai işlərin maliyyələşdirilməsi üçün
286 milyon manat, keçmiş məcburi köçkünlərin sosial
müdafiəsi ilə
bağlı xərclər
üçün 355 milyon
manat vəsait nəzərdə tutulub. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət,
informasiya, bədən
tərbiyəsi, gənclər
siyasəti sahələrində
xərclərin artırılması
da proqnozlaşdırılır.
Nazir müavini
diqqətə çatdırıb
ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri
38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində
proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti
2,9 faiz səviyyəsində
planlaşdırılır. Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil
edəcək. Növbəti
ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən
Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
Sonra iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov növbəti ilin büdcə layihəsi barədə danışıb.
O bildirib ki, İqtisadiyyat Nazirliyi proqnozları 3 ssenaridə
– baza, pessimist və optimal ssenarilər üzrə hazırlayıb. 2024-cü ildə
ÜDM 118 milyard 383 milyon
manat proqnozlaşdırılır
və real artım 2,4 faiz təşkil edir. Neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft
sektorunda 4,6 faiz artım proqnozlaşdırılır.
ÜDM-in kənd təsərrüfatı üzrə
4,6 faiz, qeyri-neft/qaz sənayesində 8,5 faiz, tikinti sahəsində
2,4 faiz, ticarətdə
3 faiz, turizm sahəsində 15,8 faiz, nəqliyyat sektorunda 4,5 faiz, informasiya və rabitə sahəsində 9,5 faiz, sosial və digər xidmətlər üzrə 3 faiz artımı proqnozlaşdırılır.
Sonra İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə zərfinə
daxil olan qanun layihələri barədə məlumat verib. O diqqətə çatdırıb ki,
2024-cü il üçün
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 651,9 milyon
manat artırılması
planlaşdırılır. O, Fondun gəlirlərinin və xərclərinin eyni istiqamətdə artmasının növbəti
ildə yaradılacaq iş yerlərinin və orta aylıq
əməkhaqqının artım
dinamikasına uyğun
olduğunu qeyd edib.
Komitə sədri,
İşsizlikdən Sığorta
Fondunun gəlirlərinin
və xərclərinin
7,5 milyon manat artırılmasının planlaşdırıldığını
deyərək, ölkədə
məşğulluğun artması
ilə bağlı tədbirlərin həyata
keçirilməsinin vacibliyindən
danışıb.
Büdcə zərfinə
daxil olan digər sənədlərə
əsasən, "Azərbaycan
Respublikasında 2024-cü il
üçün yaşayış
minimumu haqqında"
qanun layihəsində
növbəti il üçün yaşayış
minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün
287 manat, pensiyaçılar
üçün 222 manat,
uşaqlar üçün
235 manat məbləğində
müəyyən edilir.
"Azərbaycan Respublikasında
2024-cü il üçün
ehtiyac meyarının
həddi haqqında"
qanun layihəsində
ünvanlı dövlət
sosial yardımının
təyin edilməsi məqsədilə növbəti
il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə
tutulur.
İclasda Tahir
Mirkişili Vergi Məcəlləsinə təklif
olunan dəyişikliklərə
dair məlumatında söyləyib ki, sənəddə 71 əsas
maddə və 201 alt-maddə üzrə dəyişikliklərin edilməsi
nəzərdə tutulur.
O, bu dəyişikliklərin
əsas istiqamətlərinin
güzəşt və
azadolmalar, habelə inzibatçılığın təkmilləşdirilməsi ilə
bağlı olduğunu
deyib.
Deputatlar büdcə
zərfinə daxil olan digər qanun layihələrini də nəzərdən keçirərək, bu sənədlərdə təklif
olunan dəyişiklikləri
məqbul hesab ediblər.
Təqdim olunan
qanun layihələri ətrafında keçirilən
müzakirələrdə komitənin
sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev, Rüfət
Quliyev, Vahid Əhmədov fikir və qeydlərini açıqlayıblar.
Maliyyə nazirinin
müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Məşğulluq
Agentliyinin Maliyyə departamentinin müdiri Yuliya Pasternak, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar,
qaldırılan məsələlərə
aydınlıq gətiriblər.
Müzakirələrin sonunda gündəliyin 11 məsələsi - “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”,
“Dövlət Sosial Müdafiə Fondunun
2024-cü il büdcəsi
haqqında”, “İşsizlikdən
sığorta fondunun
2024-cü il büdcəsi
haqqında”, “Azərbaycan
Respublikasında 2024-cü il
üçün yaşayış
minimumu haqqında”, “Azərbaycan Respublikasında
2024-cü il üçün
ehtiyac meyarının
həddi haqqında”, Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında, Mülki Məcəllədə dəyişiklik
edilməsi haqqında,
“Nağdsız hesablaşmalar
haqqında”, “Sığorta
fəaliyyəti haqqında”,
“Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Tahir Mirkişili gündəliyin
12-ci məsələsi olan
“Mühasibat uçotu
haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.
Bildirilib ki, sənəd maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim
edilərkən dövlət
və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının
tənzimlənməsi məqsədilə
hazırlanıb.
Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycan.-2023.- 18 noyabr, ¹ 251.- S.5.