“Uşaq
hüquqları tribunası”
mövzusunda konfrans təşkil olunub
Noyabrın 17-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı
ilə “Uşaq hüquqları tribunası”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin
20 Noyabr - Ümumdünya
Uşaq Hüquqları
Gününə həsr
edilmiş tədbirdə
Türkiyənin müvafiq
qurumlarının nümayəndələri
və 100-dən çox
uşaq iştirak edib.
Konfransda Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib,
torpaqlarımızın azadlığı
uğrunda mübarizədə
canlarından keçən
şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra dövlət
uşaq siyasətini, eləcə də uşaq iştirakçılığı
sahəsində həyata
keçirilən tədbirləri
özündə əks
etdirən videoçarx
nümayiş olunub.
Konfransı açan
AQUPDK-nın sədri Bahar Muradova tədbir iştirakçılarını,
eləcə də qardaş Türkiyədən
gələn qonaqları
salamlayıb. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə diqqət
çəkən komitə
sədri müvafiq sahədə uğurlu əməkdaşlıq əlaqələrindən
danışıb.
Ölkəmizdə uşaqların
hüquqlarının yüksək
səviyyədə qorunduğunu,
onların diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayan
Bahar Muradova bildirib ki, Azərbaycan
Respublikası 1992-ci ildə
BMT-nin “Uşaq hüquqları haqqında”
Konvensiyasına, 2002-ci ildə
isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə Konvensiyanın
əsas prinsiplərini
özündə əks
etdirən “Uşaq hüquqları haqqında”
Qanun qəbul edilib və ölkədə uşaq hüquqlarının təmini
məqsədilə müxtəlif
istiqamətlərdə davamlı
olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.
Diqqətə çatdırılıb
ki, uşaqların hüquqlarının qorunması
və müdafiəsi
sisteminin təkmilləşdirilməsi
istiqamətində işlər
aparılır, bu sahədə yeni qanun layihəsi üzərində iş gedir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həm müstəqilliyə
qədərki dövrdə,
həm də müstəqillik illərində
Azərbaycan dövlətinin
inkişafına verdiyi
töhfələrdən bəhs
edən B.Muradova Ulu Öndərin uşaqlara xüsusi yer ayırdığını,
onların ən yaxın dostu olduğunu vurğulayıb.
Komitə sədri Prezident İlham Əliyevin bu siyasəti qətiyyətlə
irəli apardığını
qeyd edərək, həssas qrupdan olan, 30 il işğaldan
əziyyət çəkən
keçmiş məcburi
köçkünlərin, xüsusilə də qadın və uşaqların pozulmuş
hüquqlarının bərpası
istiqamətində işlər
aparıldığını bildirib.
Türkiyənin Ailə
və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı Muhammed
Furkan Bilge qardaş ölkədə
həyata keçirilən
uşaq siyasətindən
söz açıb.
O, uşaq hüquqlarının
təmin olunması istiqamətində həyata
keçirilən tədbirlərdən
danışıb, bu sahədə komitə ilə birgə uğurlu əməkdaşlığın
ölkələrimiz arasında
dostluğu daha da inkişaf etdirəcəyini bildirib.
Rəsmi hissədən
sonra konfrans işini uşaq hüquqları ilə bağlı mövzuları
əhatə edən 4
panel iclası davam etdirib.
Rəsmi qurumların
nümayəndələri “Uşaqların yaşamaq hüquqları”, “Uşaqların
müdafiə hüquqları”,
“Uşaqların inkişaf
hüquqları” və
“Uşaqların iştirak
hüquqları” mövzularında
fikirlərini bölüşüblər,
təkliflərini səsləndiriblər.
Tədbirin sonunda iştirakçı uşaqlara hədiyyələr verilib.
Azərbaycan.-2023.-
18 noyabr, ¹ 251.- S.5.