Fransanın erməni sevgisi
sonsuz deyil
Hələ ötən
əsrin 80-ci illərinin
sonlarında ermənilər
Qarabağda qanlı hadisələr törətməyə
başlayanda ətraflarına
özlərinə oxşar
xeyli "dost-tanış"ları
toplaşmışdı. Bu
"dost-tanış"lardan bəziləri indiyə qədər
də onların yanındadır. Hələ də yeri
düşdükcə-düşmədikcə ermənilərin
Qarabağdakı cinayət əməllərinə haqq
qazandırır, arxalarında dayanırlar, xalqımıza
qarşı törətdikləri cinayətləri
ört-basdır etməyə çalışırlar.
Ermənilərin
belə canbir, qəlbbir "dost"larından biri də
Fransadır. Təbii ki, Fransa xalqı bu işlərə
çox qarışmır. Hələ məqamı
düşəndə Makrona şillə vurub, yumurta, pomidor
atıb deyirlər ki, ağıllı ol. Baxmayaraq ki, uzun illərdir
ad-soyadından, kimliyindən asılı olmayaraq Fransada
hakimiyyətə gələn dövlət
başçılarının hamısı Ermənistanı,
erməniləri müdafiə edirlər. Elə bil onların
ermənilər qarşısında əbədi bir öhdəliyi
var. Daim özlərini oda-közə vurub bu öhdəliyi
yerinə yetirməyə çalışırlar.
Fransa hakimiyyətinin
bu ürəkbulandıran hərəkətləri kiçikdən
tutmuş böyüyə qədər hamımızı əsəbiləşdirir.
Bu məqamda sabiq deputat mərhum Şamil Qurbanovun bir vaxtlar
Fransanın Prezidenti olmuş Mitteran haqqında dediyi sözlər
yadıma düşdü. Ş.Qurbanov
Milli Məclisdə çıxış edərkən
Mitteranın erməniləri müdafiə etdiyinə,
haqqı nahaqqa verdiyinə, ağa qara dediyinə yaman hirslənmişdi.
Elə hirsli-hirsli də demişdi ki, Mitteran qudurub. Şamil
Qurbanov BDU-nun müəllimi idi və adətən, müəllimin dediyi söz
heç vaxt yalan olmaz. Yəqin ki, professor Mitteranın
qudurduğunu hiss etmişdi, yoxsa bu sözü deməzdi.
Həmin vaxtlar
heç bilmirəm Mitteranın Şamil müəllimin dediyi
sözlərdən xəbəri oldu, yoxsa yox? Yəqin ki, hər
halda xəbər aparanları bu sözü də ona
çatdırıblar. Müəllimin dediyi "qudurmaq" məsələsinə
o vaxtlar inananlar da oldu, inanmayanlar da. Hətta bu sözü
dilinə gətirdiyinə görə onu qınayanlar da oldu.
Bir müddətdən sonra baş verən hadisə Şamil
müəlimin fikrinin düz olduğunu təsdiq etdi.
İndi Makron
Mitteranın yarımçıq qoyduğu planları həyata
keçirərək harada gəldi erməniləri müdafiə
edir, sanki bütün iş-gücü "kiçik
bacısı"nı təzyiqlərdən qorumaqdır. Hərdən
adama elə gəlir ki, o, Fransanın yox, elə
işğalçı Ermənistanın prezidentidi.
Paşinyanla da çox yaxındırlar. Gün ərzində
dörd-beş dəfə zəngləşir,
mesajlaşırlar. Heç elə bil ki, Makron öz ölkəsinin
problemləri ilə maraqlanmır, camaatının
qayğısına qalmır. Ona görə də "həftə
səkkiz, mən doqquz" Fransada iğtişaşlar, mitinqlər,
tətillər baş verir. Onun yürütdüyü
yarıtmaz siyasətdən narazı qalan xalq küçələrə
axışır, istefasını tələb edir.
Fransızşünas
bir dostumuzdan Makronun ermənilərə olan sevgisinin haradan
qaynaqlandığını soruşduq. Dedi ki, Fransada xeyli
sayda zəngin erməni var. Bu Avropa ölkəsinin mətbuatının
müəyyən faizi onların əlindədir. Həmin zənginlər
məqsədli şəkildə seçkilərdə
prezidentlərin təbliğatına xeyli pul buraxır və
qaşılarına şərt qoyurlar ki, Qarabağ ermənilərini
müdafiə etsinlər, "artsax"a müstəqillik
verilməsinə çalışsınlar. Seçilən
prezidentlər də onların yanında gözükölgəli
olmamaq üçün haqsızcasına erməniləri
müdafiə edirlər.
Elə buna
görə də Fransa 30 ilə yaxın ATƏT-in Minsk
qrupunun üzvü olaraq heç vaxt ədalətli mövqe
tutmadı. Elə iş-gücü yalnız erməniləri
müdafiə etmək oldu. 30 il ərzində bir dəfə də
olsun Azərbaycanın torpaqlarını işğal etmiş,
əhalisinə qarşı soyqırımlar törətmiş
ermənilərin xətrinə dəyən bir söz demədi.
Onları "işğalçı" deyib öz adları
ilə çağırmadı. Həm aşkarda, həm də
gizlində ermənilərə dəstək verdi. Təəssüflər
olsun ki, bu dəstək hələ də davam edir. Bu gün
Fransa Ermənistana silah-sursat, döyüş texnikası
verir, hərbi təlimatçılar göndərməyə
hazırlaşır. Nə qədər ki Fransanın erməni
lobbisindən asılı qalan Makron kimi prezidenti var, bu, həmişə
belə olacaq. Ona görə də çox hirslənməyə
dəyməz. Ermənilər bu dostluqdan çox sevinməsinlər.
Çünki Fransanın erməni sevgisi günlərin birində
bitəcək. Onda ermənilər "böyük
bacı"sız qalacaqlar.
Biz tarixən
görmüşük ki, kiçik xalqlar böyük xalqlara
yaltaqlanar, onun qulluğunda dayanar, üst-başını
çırpar. Fransa-eməni bacılığında isə
məsələ başqa cürdür, necə deyərlər,
əksinədir. Böyük bacı kiçik bacıya
yaltaqlanır. Qədim mədəniyyəti, zəngin tarixi
olan fransızları, daha doğrusu, onların dövlət
başçıları ermənilərin qarşısında
quyruq bulayırlar. Hərdən adama elə gəlir ki, Makron
erməniləri fransızlardan çox istəyir.
Azərbaycan
dövləti, xalqımız üçün onların
bacılığının təbii ki, heç bir əhəmiyyəti
yoxdur. Biz uğurlara, zəfərlərə aparan düz
yolumuzla heç kimdən qorxmadan, çəkinmədən
inamla gedirik. Nə ermənilər, nə də onların
birnömrəli havadarı olan Fransa vecimizədir. Onu da
unutmasınlar ki, "dəmir yumruq" yerindədir.
Vahid
MƏHƏRRƏMOV
Azərbaycan.-2023.- 18 noyabr,
№ 251.- S.9.