Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindəndir
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab
Sədr,
Ölkənizin milli
bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə
və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı çatdırmaqdan
məmnunluq duyuram.
Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir.
Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin
hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına
çıxarmış, beynəlxalq
aləmdə mövqeyini
daha da gücləndirmişdir.
Yaxın dost və etibarlı tərəfdaş ölkə
olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindəndir.
Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan
Azərbaycan-Çin münasibətləri
yüksələn xətlə
inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni
məzmunla zənginləşir.
Məmnunluqla qeyd
etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz
geniş gündəliyə
malikdir. Qarşılıqlı
faydalı əməkdaşlığımızın
iqtisadiyyat, ticarət,
nəqliyyat-logistika, bərpaolunan
enerji, humanitar və digər sahələrdə çox
aydın və böyük perspektivləri
vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə
qərb istiqamətində
daşınan yüklərin
həcminin artması
“Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı
fəaliyyətimizin növbəti
bariz nümunəsidir.
Çin şirkətləri
uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət
göstərir və dövlətlərarası münasibətlərimizin
inkişafında vacib
rol oynayırlar. Biz bu əməkdaşlığın
işğaldan azad olunmuş ərazilərimizdə
də davam etdirildiyini görmək istərdik.
Azərbaycan vahid
Çin siyasətini,
Çinin ərazi bütövlüyünü və
suverenliyini daim birmənalı şəkildə
dəstəkləmişdir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və
suverenliyinə göstərdiyi
dəstəyi yüksək
qiymətləndiririk.
Əminəm ki,
xalqlarımızın mənafeləri
naminə Azərbaycan-Çin
çoxşaxəli münasibətlərinin
daha da inkişafı,
ikitərəfli və
çoxtərəfli qaydada
əməkdaşlığımızın
dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi yolunda
birgə səylərimizi
bundan sonra da müvəffəqiyyətlə
davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2023-cü il
Azərbaycan.-2023.-
1 oktyabr.- S.1.