Qarabağda
yaşayan erməni əhalinin hüquqları
təmin ediləcək
Qarabağ bölgəsində
separatçı qüvvələrə
qarşı həyata
keçirilən antiterror
tədbirlərindən sonra
ərazidəki şəhər
və qəsəbələr
Azərbaycan Ordusunun və hüquq-mühafizə
orqanlarının nəzarətindədir.
Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan
silahlı qüvvələrinin
birləşmələri tərəfindən
tərk edilmiş döyüş mövqeləri
və dayaq məntəqələri ləğv
edilir. Ərazidə kommunikasiya xətləri bərpa olunur. Azərbaycan Müdafiə
Nazirliyindən verilən
məlumata görə,
sentyabrın 29-da Tərtər
və Ağdərə
yaşayış məntəqələrini
birləşdirən yol
üzərindəki döyüş
mövqeyi ləğv
olunaraq, nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkəti təmin
edilib.
Qəhrəman Azərbaycan
Ordusunun lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaət
nəticəsində kriminal
xunta rejiminin sonu çatdı. Saxtakarların, quldurların
qondarma "artsax respublikası" qaranlıqlara
gömüldü.
Ermənistanın Azərbaycan
ərazilərində qurduğu
separatçı rejimin
dağıdılması bölgədə
sülhə, əmin-amanlığa
yol açdı. Bu qələbə, əslində illərdir ki, kriminal xunta
rejiminin girovuna çevrilən erməniəsilli
sakinlərin də qurtuluşu oldu. Artıq nə separatçıların təhdidləri,
nə də onlardan asılılıq var. Azərbaycan dövləti erməniəsilli
sakinlərin təhlikəsizliyinə
təminat verir. Ünvanına çatan və davam etdirilən
humanitar yardımlar da Azərbaycan dövlətinin onlara diqqətinin, qayğısının
təzahürüdür.
Müdafiə Nazirliyi
Azərbaycanın Qarabağ
bölgəsində keçirilən
lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş
texnikası, silah və sursat barədə məlumatı
açıqlayır. Atıcı
silahlar, qumbaraatanlar, top və haubitsalar,
minaatanlar, tank əleyhinə silahlar, zirehli texnika, raketlər... Ermənistan silahlı qüvvələri
birləşmələrinə məxsus bu silah-sursat Azərbaycan Ordusu tərəfindən Qarabağın müxtəlif
ərazilərində aşkar
edilərək müsadirə
olunur. Ermənistan bu cəbbəxanaları bölgədə təxribatlar
törətmək, sülhə,
sabitliyə imkan verməmək üçün
yaratmışdı.
Azərbaycan dövləti
bütün bölgələrində
olduğu kimi, Qarabağda da erməniəsilli vətəndaşlarının
qorxusuz, təlaşsız,
sülh və əmin-amanlıq içərisində
yaşamalarını istəyir,
bunun üçün
böyük səy göstərir.
Ermənistanın işğal zaman xarabalığa çevirdiyi,
Azərbaycanın yenidən
qurduğu Zəngilanda
sentyabrın 29-da keçirilən
BMT-nin Məskunlaşma
Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
əməkdaşlığı ilə keçirilən
"Şəhərsalma Həftəsi
2023" tədbirləri çərçivəsində
Zəngilanda "Davamlı
şəhərlər iqtisadi
inkişafın hərəkətverici
və bərabərsizliklərlə
mübarizə aparan qüvvəsi kimi" mövzusunda II Azərbaycan
Milli Şəhərsalma
Forumunun açılış
mərasimində çıxış
edən Prezident İlham Əliyev diqqətə çatdırdı
ki, 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik, bundan sonra da sülh
sazişinin tezliklə
imzalanması daha asan olacaqdır: "Biz Qafqazda sülh
və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".
Azərbaycan heç
zaman müharibə istəməyib. Bölgədə
bütün münaqişələr,
qarşıdurmalar, müharibələr
Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
baş verdi. Qarabağ və Şərqi Zəngəzur
ərazilərimiz otuz
ilə yaxın Ermənistanın işğalı
altında qalanda da Azərbaycan dövləti məsələni
yalnız dinc yolla həll etməyə çalışdı.
Dövlətimizin başçısı
qeyd etdiyimiz forumda çıxışında
vurğuladı: "Azərbaycan
buna hazır idi, beynəlxalq vasitəçilər bunu
bilirdilər. Keçmiş
həmsədrlər bilirdi
ki, biz bunu
Azərbaycanın ərazi
bütövlüyünün bərpası əsasında
dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın
hüquqlarını bərpa
etməyə, təmin
etməyə hazır
idik. İndi isə müharibədən
sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl
biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin
edəcəyik. Artıq
biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim
etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə
hüquqları - beynəlxalq
konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu
bütün konvensiyalara,
bizim konstitusiyamıza
və beynəlxalq öhdəliklərimizə uyğun
həyata keçiriləcək".
Qeyd edək ki, lokal xarakterli
antiterror tədbirlərindən
sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və
Azərbaycan mərkəzi
hakimiyyətinin təmsilçiləri
arasında görüşlər
keçirilir, Azərbaycan
Respublikasının Konstitusiyası
və qanunları əsasında Qarabağın
erməni əhalisinin
reinteqrasiyası, infrastrukturunun
bərpası və fəaliyyətinin təşkil
olunması məsələləri
üzrə müzakirələr
aparılır. İlk
görüş Yevlaxda,
ikincisi Xocalıda təşkil edildi. Sentyabrın 29-da Qarabağın
erməni sakinlərinin
nümayəndələri və
Azərbaycan mərkəzi
hakimiyyətinin təmsilçiləri
arasında üçüncü
görüşün yeri
yenə də Yevlax şəhəri oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına
əsasən, görüşdə
humanitar məsələlər,
Qarabağın erməni
sakinlərinin reinteqrasiyası
və bu xüsusda Azərbaycanın
təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə
olunub.
Məlumatda qeyd
edilib ki, mülki şəxslərin
sərbəst hərəkətinin
təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq,
qida ehtiyaclarının
qarşılanması yüksək
qiymətləndirilib: "Qarabağ
iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri
Xankəndi şəhəri
yaxınlığında baş
vermiş yanğın
zamanı Azərbaycanın
müvafiq dövlət
qurumlarının həyata
keçirdiyi tədbirlərə,
xüsusilə yanğının
söndürülməsi, xəsarət
alanlara ilkin tibbi yardımın göstərilməsi üçün
zəruri tibbi ləvazimatların, dərman
preparatlarının və
təcili tibbi yardım avtomobillərinin
əraziyə göndərilməsinə
görə xüsusi minnətdarlıq ifadə
ediblər. Xahiş olunub ki, Azərbaycanın
müvafiq dövlət
qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində
tədbirlər görsünlər".
Görüşdə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş
məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Təsərrüfat, kommunal
və digər bu kimi məsələlərin
yerində həll edilməsi məqsədilə
Qarabağ bölgəsində
sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri
üzrə yaradılmış
İşçi qrupun
üzvlərinin oktyabrın
2-də Xankəndi şəhərinə
səfəri nəzərdə
tutulduğunu bildirib.
Göründüyü kimi, Qarabağda erməniəsilli əhalinin
qalıb yaşamaları
üçün heç
bir problem yoxdur. Öz istəyi ilə, könüllü şəkildə
gedənlərin də
"Laçın" dövlət
sərhədindən buraxılış
məntəqəsindən maneəsiz
keçidi təmin olunur. Ermənistan istiqamətində hərəkət
edən erməniəsilli
sakinlər onlarla çox yaxşı davranıldığını söyləyərək,
minnətdarlıqlarını bildirirlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.8.