Can
dostlarımızın şəfqət
ünvanı
"Bir xalqın
böyüklüyü və
əxlaqi inkişafı
onun heyvanlara münasibəti ilə ölçülür" deyib
Mahatma Qandi. Ali dəyərlərə,
mərhəmətli ürəyə
sahib Azərbaycan xalqı da hər
zaman digər canlı varlıqlara kömək, dayaq durur, onları bu dünyanın bir parçası kimi cani-dildən sevir.
Ölkəmizdə Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
Leyla xanım Əliyeva tərəfindən
təməli qoyulan
IDEA Heyvanlara Qayğı
Mərkəzi 2017-ci ildən
etibarən fəaliyyət
göstərir. Bu mərkəz əlacsız
vəziyyətdə olan
heyvanları yerləşdirməklə
yanaşı, sahibsiz olanların problemlərinin
həlli üçün
əsas diqqətini sterilizasiya, xəstəliklərin
qarşısının alınması,
eləcə də himayə, məsuliyyətli
heyvan sahibliyi və onlara humanist yanaşmanın təşviqinə yönəldir.
Azərbaycanda evdə
saxlanılan heyvanların
sayı gündən-günə
artır və buna görə veterinar klinikalara, baytarlara müraciətlər
də çoxalır.
Lakin o da həqiqətdir ki, xəstələnən heyvanlarımızı
etibar edəcəyimiz
müasir veterinar
klinikalar, eyni zamanda onlara düzgün diaqnoz qoyaraq müalicə edəcək ixtisaslı veterinar həkim tapmaq da hər
zaman asan olmur.
Buna görə
də qərara aldıq ki, budəfəki "Bazar günü reportajı"
rubrikamızı Bakıda
fəaliyyət göstərən
veterinar klinikalardan birinə həsr edək. Baş çəkdiyimiz ünvan
isə Hasvet Bakı Beynəlxalq Veterinar Xəstəxanası
oldu.
İmdad yeri
"Neçə gün
idi ki, nə
gecəmiz var idi, nə gündüzümüz.
Bulud heç nə yemirdi, hərəkətsiz halda yerdə uzanıb qalmışdı. Dilsiz-ağızsız
heyvanın güc-bəla
ilə başını
qaldıraraq, sanki
"kömək edin"
deyircəsinə, səssiz-səmirsiz
yalvarışlı gözlərlə
üzümüzə baxması
ürəyimizi dağlayırdı...
Bu xəstəxanaya
müraciət etdiyimiz
andan Bulud gündən-günə sağalmağa,
əvvəlki nəşəli,
əyləncəli halına
qayıtmağa başlayıb"
- kömür kimi qara gözləri bəyaz tükləri arasından diqqət və maraqla ətrafı seyr edən bapbalaca itini bağrına basaraq sevinc içərisində veterinar
xəstəxanasından çıxan
Cavid adlı oğlan bizimlə sevincini bölüşüb
şən halda yoluna davam edir...
Bu əsnada yanımızdan ötüb
keçərək boz
rəngli yaralı pişiyini təcili tibbi yardıma çatdırmaq üçün
tələsən qadına
qoşulub biz də xəstəxanaya daxil oluruq. Tibb
işçiləri dərhal
yaralını rentgen otağına aparır, pişiyə kömək etmək üçün lazımi prosedurlara başlayırlar. Sahibinin göz yaşları içərisində anlatdığına
görə, bir anlıq diqqətsizliyi nəticəsində pişiyi
parkdan avtomobil yoluna çıxmış
və onu maşın vurmuşdu...
Dörd mərtəbədən
ibarət səliqəli,
işıqlı binada
müxtəlif cinsli it və pişiklərə
sahib olan xeyli qadın, kişi, uşaq var: kimisi heyvanını
peyvəndlətdirməyə, kimisi müalicəyə, əməliyyata, kimisi də təmizlik xidmətlərinə gətirib.
Baxırıq ki,
heyvan sahibləri ağır vəziyyətdə
olan pişiyin sahibinin başına yığışıb ona
ürək-dirək verir,
boz pişiyin vəziyyəti ilə bağlı həyəcanla
həkimdən məlumat
gözləyirlər. Nəhayət, gülə-gülə müayinə
otağından çıxan
həkim sahibinə pişiyinin ciddi xəsarət almadığı
gözaydınlığını verir. Bir anda
xəstəxananı alqış
sədaları bürüyür,
hamı sevinclə bir-birini təbrik edir...
Əslində, kənardan
baxanda qəribə, bir o qədər də heyrətamiz görünən bu mənzərə heyvan xəstəxanasında hər
gün yaşanan, demək olar ki, adi vəziyyətdir...
Çünki bura heyvanları ilə gələn, öz can dostunu bu
şəfqət ünvanına
etibar edən hər kəs həm də burada bir ailəyə
çevrilir, birlikdə
üzülüb, birlikdə
sevinir.
Yaradıldığı çox az, cəmi beş aylıq müddətdən
bəri ev heyvanlarının şəfqət
ünvanına çevrilən
Hasvet Bakı Beynəlxalq Veterinar Xəstəxanasındayıq.
Bakıda heyvansevər
insanlar çoxdur
Ən müasir
tibbi cihaz və avadanlıqlarla təchiz olunan Hasvetdə heyvanların müayinə və müalicəsi üçün
bütün xidmətlər
mövcuddur. Burada USM,
Rentgen, KİT, MRT, Təcili
Tibbi Yardım, müayinə, endoskopiya, o
cümlədən əməliyyat
otaqları var. Xəstəxanada it və pişiklər üçün hotel, qruminq (baxım və qulluq) xidmətləri də mövcuddur.
Xəstəxanada it-pişik
daxiliyyə xəstəlikləri,
eyni zamanda tibbi görüntüləmə
sahəsində mütəxəssis
olan türkiyəli veterinar həkim Salih Turqut Okutturan
söhbətimizdə Bakıda
həddindən çox
heyvansevər insan olduğunu bildirdi.
Salih həkim İstanbul Universitetinin Baytarlıq fakültəsini
bitirib: "Kiçik
yaşlarımdan heyvanları
sevirdim. Həddindən
çox yaralı heyvan görür və onları əlimdən gələn
qədər müalicə
etməyə çalışırdım.
Atam bu istəyimi
görüb 14 yaşımdan
etibarən məni Türkiyədə baytar sağlıq peşə liseyinə yazdırdı,
sonra bu sahənin ikiillik uzmanlığını oxudum, daha sonra isə İstanbul Universitetinin Baytarlıq fakültəsinin
məzunu oldum. Bu sahəyə xüsusi marağım olduğu üçün
daim yeni biliklər əldə etməyə, professor müəllimlərimizdən öyrənməyə,
yəni özümü
uzman olaraq yetişdirməyə çalışdım,
bu günə qədər də öyrənirəm".
Salih həkim deyir ki, Türkiyədə
baytarlıq sahəsində
böyük bir qurum olan Hasvetin
rəhbəri Hidayet Şimşek Azərbaycanda
olarkən baytarlıq
sahəsinin geridə olduğunu görüb və Bakıda veterinar xəstəxana açmaq qərarına gəlib: "Azərbaycanda
çox dəyərli
baytar həkimlər var. Hazırda altı nəfər azərbaycanlı veterinar bizimlə birlikdə çalışır. Onların
çox çalışqan,
həvəsli, öyrənmək
istədiklərini biz
də görürük.
Sadəcə bu cür müasir heyvan xəstəxanaları
olmadığı üçün
bəzi imkanları yox idi. Biz
də həm azərbaycanlı baytar həkimlərə bu imkanları yaratmaq, həm də heyvanlara kömək etmək məqsədilə
Hasveti açdıq".
İnsan xəstəlikləri
ilə heyvan xəstəliklərinin yüzdə
doxsan faizinin eyni olduğunu bildirən həkim sadəcə virus, parazit qaynaqlı
yoluxucu xəstəliklərin
fərqli olduğunu dedi: "Məsələn,
heyvanda da damar daralması, ürək, qaraciyər, böyrək çatışmazlığı
və sair olur. Buna görə
heyvanlarda istifadə olunan dərmanlar da müəyyən qədər eyni olur. Yəni xəstə heyvana da insanların müalicəsi üçün
lazım olan dərmanı yazmaq mümkündür, sadəcə
dozası fərqlidir".
Pediatrlara bənzəyən
veterinarlar
Salih həkim Azərbaycanda çox ağcaqanad olduğunu və onların qan parazitləri, qan qurdları, mədə-bağırsaq qurdları,
ağciyər qurdları
və sair kimi bir çox
xəstəlik daşıdıqlarını
söylədi: "Müşahidə
edirik ki, Azərbaycanda ağcaqanadların
yoluxdurduğu parazitar
xəstəliklər Türkiyədən
daha yüksəkdir. Həmçinin burada it və pişiklərdə
sidik yolu problemləri yüksəkdir.
Səbəb isə suyun bir az
duzlu olmasıdır. Buna görə it və pişiklərin
böyrəklərində, sidik yollarında həddindən çox kristal, daş yaranır".
"Necə ki
2-3 yaşındakı uşaq
harası ağrıdığını
söyləyə bilmir,
it-pişiklər də
elədir. Dilsiz olduqları üçün
xəstəliklərini, ağrılarını
söyləyə bilmirlər"
deyən Salih həkim vurğulayır ki, baytar həkimlər
özlərini uşaq
həkimlərinə çox
bənzədirlər. Çünki
onlar da diaqnoz qoymaqda çox çətinlik çəkirlər, baytar
həkimlər də:
"Amma günümüzün
texnologiya şərtləri
ilə bu məsələ bir az asanlaşıb və daha da
irəli gedəcək".
Heyvanlara orqan köçürülə bilinməməsinin
səbəbləri barədə
məlumat verən xəstəxananın cərrahiyyə
uzmanı Özgür
Eroğul bildirdi ki, səbəblərdən
biri insanlarda və heyvanlarda qan qruplarının fərqli olmasıdır və uyğunlaşma tapmaq daha çətindir:
"İkincisi, orqan köçürülən insanlar
ömürboyu dərmandan
istifadə etməli olurlar. Lakin bəzən bəlli bir çətinlik yarananda ömürboyu bu dərmanı istifadə etməli olan heyvan təbii
ki, problemlə üzləşəcəkdir".
Hasvetin daxili xəstəliklər üzrə
uzmanı türkiyəli
Denizhan Bilim söylədi ki, əsasən it-pişiklərin
və fermalardakı atların daxili xəstəliklərinə baxır:
"Salih həkimlə
birlikdə onların metobolik, hormonal problemləri, endokrin xəstəliklər, xərçəng,
ümumiyyətlə, bütün
daxili sistem problemləri ilə maraqlanırıq".
Bununla bərabər
xəstələrin peyvəndlənmə
proqramlarını da tərtib etdiyini, xəstə yaxınları
ilə mütəmadi
danışaraq it və pişiklərin peyvəndlənmə təqvimlərinin
nə qədər vacib olduğunu anlatdığını bildirən
baytar həkim xəbərdarlıq edir ki, bu həm
heyvan sahiblərinin, həm də onların heyvanlarının
sağlamlığı üçün
olduqca əhəmiyyətlidir.
Ailə üzvümüzə
çevrilən canlar
Fatimə və
sevimli pişiyi olan Barni ilə
xəstəxananın USM otağında
tanış oluruq.
İt və pişiklərin
qarın və sinə orqanlarının,
ürəklərinin müayinə
edilməsi imkanlarının
olduğu bu otaqda Salih həkim
əlindəki tibbi cihazla Barnini diqqətlə yoxlayır.
Barninin anadangəlmə
xəstəliyinin, yəni
limfa sistemindəki bir damarında problem olduğunu bildirən həkim məlumat verir ki, pişik bu xəstəxanada aparılan müalicəyə
çox müsbət
cavab verib və hazırda vəziyyəti yaxşıdır.
Həkim xüsusi vurğulayır ki, sahibi Barnini çox sevir, onunla ciddi maraqlanır
və mütəmadi müayinəyə gətirir.
Qeyri-adi baxışları,
parlaq və yumşaq tükləri, sevimli hərəkətləri
ilə buradakı hər kəsi özünə heyran edən Barni körpə uşaq kimi onu qucağına
alıb oxşayanların,
tumarlayanların köksünə
sığınır, doğmalığını
hiss etdirir.
Fatimə
söyləyir ki, bu klinikaya gələnə
qədər Barninin sağlıq vəziyyəti
pis olub. Amma müalicədən sonra onun tədricən
sağalmağa başladığını
görüblər, indi
isə sağlamlığında
heç bir problem yoxdur. Buna görə də Salih həkimə
çox minnətdardırlar.
Təcili tibbi yardım otağında ayağına sarğı
qoyulan körpə pişiyin miyoltusu eşidilir. Sahibi Leyla xanımdan öyrənirik ki, Miya adlı pişiyi divandan yıxılıb və ayağı çıxıb.
Həkimlər onun da imdadına çatır.
Xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyat otağına baş çəkirik. Qarnında
yırtığı olan
bir itin əməliyyat olunaraq reanimasiya şöbəsinə
yerləşdirildiyini görürük.
Həkimlər deyir ki, o, sürətlə sağalır və tezliklə evə buraxılacaq.
Xəstəxananı gəzdiyimiz müddətdə
Zeze adlı pişik də bizimlə bərabər buranı dolaşdı. Tibb işçiləri dedi
ki, Zeze sanki bu klinikanın stres topudur. Həkimlərin, digər
işçilərin onu sığallamaları ağır
iş günündən sonra onların bütün
yorğunluqlarını, streslərini aradan götürür.
Hasvet Bakı Beynəlxalq
Veterinar Xəstəxanasından olan reportajımızı
bitirib yavaş-yavaş bu məkanı tərk edirik. Qısa
zamanda burada görüb isinişdiyimiz sevimli it və
pişiklərdən ayrılmağın
üzüntüsü, xəstə, köməyə
ehtiyacı olan heyvanlara göstərilən həssas
qayğı və diqqətin onları yenidən həyata
bağlayacağının sevinc hissi ilə...
O da ən
böyük arzumuzdur ki, heç bir canlı varlıq xəstələnməsin
və yolu xəstəxanalara düşməsin...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.10.