Azərbaycanın
Milli Qəhrəmanı
Riad Əhmədovun vida və dəfn
mərasimi keçirilib
Sentyabrın 30-da Azərbaycanın
Milli Qəhrəmanı Riad Əhmədovun vida və dəfn mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın ailə
üzvlərinin, döyüş
yoldaşlarının, ayrı-ayrı
qurumların nümayəndələrinin,
tanınmış ziyalıların,
təhsil işçilərinin
və tələbələrin
iştirak etdikləri
vida mərasimində əvvəlcə Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib, ölkəmizin
ərazi bütövlüyü
və suverenliyi uğrunda mübarizədə
canlarından keçmiş
şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla anılıb.
Vida mərasimində çıxış
edən Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) rəis müavini
Şərafət Həsənov bildirib ki, dövlətimiz
Riad Əhmədovun axtarışları
ilə hər zaman məşğul olub. Riadın tapılması istiqamətində müxtəlif
vaxtlarda Ermənistanın
siyasi rəhbərliyi
ilə danışıqlar
olub. Lakin bu danışıqlar heç
bir nəticə verməyib.
O deyib
ki, Vətən müharibəsindən
sonra Şuşa və Daşaltı ətrafında Milli Qəhrəmanın
axtarışları davam
etdirilib. Axtarışlar
nəticəsində şəhidlərimizin
nəşi tapılıb.
“Biz 9-u hərbçi,
1-i mülki şəxs
olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının
eyniləşdirilməsinə nail olduq. Onlardan
biri də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov idi”, - deyə DTX-nin rəis müavini bildirib.
O qeyd edib ki, Birinci Qarabağ
müharibəsində 3 890 nəfər itkinimiz olub, onların tapılması istiqamətində
axtarışlar davam etdirilir.
Azərbaycanın Milli
Qəhrəmanı Riad
Əhmədovun döyüş
yoldaşı, Daşaltı
əməliyyatının iştirakçısı
İlyas İsmayılov
çıxışında deyib: “Riadın Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş
məşhur Daşaltı
əməliyyatı olub.
Əməliyyat planına
görə, Qızılqaya
hündürlüyünə qalxaraq oradan Daşaltıdan Sığnaxa
və Şuşakəndə
aparan yolu kəsmək olub”.
O vurğulayıb ki,
Riad döyüş zamanı yaralansa da, bunu büruzə
vermirdi, döyüşə
yaralı vəziyyətdə
davam edirdi.
“Riad döyüş
zamanı yaralanmışdı.
Amma o, döyüşdən
çıxmağa razı
olmadı. Nəticədə
Riadın necə şəhid olduğunu görə bilmədik. Onu çağırsaq da, Riaddan səs
gəlmədi”,- deyə İ.İsmayılov
qeyd edib.
Azərbaycanın Milli
Qəhrəmanı Riad
Əhmədovun bacısı
Mehriban Əhmədova
çıxışı zamanı
bildirib: “Qardaşım
Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.
Onu çox vətənpərvər biri
kimi tanıyıblar. Bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. Biz bu faciəni 31 il bundan öncə
yaşamışıq. Ona
həsr olunmuş bu vida mərasimi
bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda
canlarını fəda
edənlər heç
vaxt unudulmur”.
M.Əhmədova qeyd
edib ki, Riad kimi vətənpərvərlərin
həyat və döyüş yolları
gənclərə örnəkdir.
“Riad çox xeyirxah, sadə və vətənpərvər
insan idi. O, döyüşlər zamanı,
mühasirədə olanda
belə yoldaşlarında
ruh yüksəkliyi yaradırdı, onlarla zarafat edirdi. Bu da Riadin
həm də yüksək insani keyfiyyətlərindən xəbər
verirdi”, - deyən şəhidin bacısı
Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə
göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə və dövlətimizə
dərin minnətdarlığını
bildirib.
Digər çıxış
edənlər Azərbaycanın
Milli Qəhrəmanı
Riad Əhmədov barədə xatirələrini
bölüşüb, onun
vətənpərvərlik, qəhrəmanlıq, igidlik
rəmzi olduğunu vurğulayıblar.
Qeyd olunub ki, Riad Əhmədov
doğma Vətənini,
xalqını, ailəsini
sonsuz məhəbbətlə
sevən insan idi.
Sonra Azərbaycanın
Milli Qəhrəmanı
Riad Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib. Mərasimdə şəhidin
ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.
Riad Əhmədovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb,
Azərbaycan Respublikası
Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabrın 20-də Bakıda
anadan olub. O,
1976–1979-cu illərdə Azərbaycan
SSR Ədliyyə Nazirliyi
yanında Məhkəmə
Ekspertizası İnstitutunda
laborant işləyib.
1979–1980-ci illərdə həmin
nazirliyin Qanun Layihələrinin Hazırlanması
və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində
məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində
baş məsləhətçi
vəzifələrində çalışıb.
1981-ci ildə təhlükəsizlik
orqanlarında fəaliyyətə
başlayan Riad Əhmədov 1981–1982-ci illərdə
DTK-nin Minskdəki Ali Məktəbində təhsil alıb.
1984-cü ildə isə
DTK-nın Y. V. Andropov
adına institutu nəzdindəki kurslarda dinləyici olub.
1992-ci ildə Azərbaycan
Respublikası Müdafiə
Nazirliyi Kəşfiyyat
İdarəsinin rəis
müavini vəzifəsində
çalışıb. Riad
Əhmədovun başçılıq
etdiyi xüsusi kəşfiyyat dəstəsi
Qarabağ uğrunda gedən döyüşlərdə
düşmənin xeyli
sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
Riad Əhmədov
1992-ci il yanvarın
26-da rəhbərlik etdiyi
kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə
yaralanaraq itkin düşüb. Uzun illər onun yeri müəyyən olunmayıb. 2023-cü il sentyabrın 18-də Bakıda
keçirilən "İtkin
düşmüş şəxslərin
taleyinə aydınlıq
gətirmək üçün
milli və qlobal səylərin artırılması" üzrə
beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların
nəşlərinin tapıldığı
və müəyyənləşdirildiyi
açıqlanıb.
Riad Əhmədov 1992-ci il iyunun 7-də “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. R.Əhmədovun şərəfli döyüş yolunu əks etdirən “İgidnamə” sənədli, “Qayıt, Riad” bədii-sənədli və “İtirdiyimiz qəhrəman” filmləri çəkilib.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.12.