“Bakı
Təşəbbüs Qrupu”nun BMT-də təşkil etdiyi müzakirələr dünya
mediasında böyük
rezonans doğurub
“Bakı
Təşəbbüs Qrupu”
tərəfindən sentyabrın
22-də ABŞ-ın Nyu-York
şəhərində yerləşən
Birləşmiş Millətlər
Təşkilatının qərargahında
keçirilən “Dekolonizasiya:
Sakit inqilab” adlı konfrans
dünya mediasında,
xüsusən Fransanın
müstəmləkəsi olan
ölkələrin kütləvi
informasiya vasitələrində
geniş işıqlandırılıb,
həmçinin sosial
şəbəkələrdə böyük rezonans doğurub.
AZƏRTAC xəbər verir ki,
“France-Antilles” nəşrində dərc olunan Qvadelupanın Azadlığı
Uğrunda Xalq İttifaqının (UPLG) nümayəndəsi
Jan-Yacob Bisepin "Qvadelupa
mütləq tarixin qatarına minməlidir"
sərlövhəli müsahibəsində
tədbirin əhəmiyyəti
vurğulanıb. Nəşrin
müsahibi qeyd edib ki, Qvadelupanın
UPLG təşkilatı “Bakı
Təşəbbüs Qrupu”nun dəvəti ilə BMT-nin kürsüsündən adanı,
onun müstəmləkəçi
keçmişini və
indiki nəticələrini
təqdim edib. O əlavə edib ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı
hələ də neokolonistlərin hökmranlığı
altında olan ölkələrin qurtuluşuna
töhfə vermək
üçün təşəbbüs
qrupunu dəstəkləyir.
2023-cü il iyulun 4-də
bu məsələ Bakıda müzakirə edilib və mövzu ilə bağlı işlərin
davam etdirilməsi üçün BMT-nin mənzil-qərargahında ikinci
toplantının təşkili
qərara alınıb.
J.Bisep vurğulayıb
ki, konfransın Yekun Bəyannaməsində
Qvadelupanın müstəmləkə
əsarətindən azad
edilməsində Qoşulmama
Hərəkatının dəstəyi
əks olunub. “Artıq bir çox əlaqələrimiz
var. İyul ayında biz Kubada Karib hövzəsi
və Latın Amerikası ölkələri
arasında görüş
keçirdik. Bu toplantı zamanı Puerto-Riko da daxil olmaqla, bu təşəbbüsü
bölüşən Karib
ölkələri ilə
dekolonizasiya məsələləri
üzrə əməkdaşlıq
əlaqələri qurduq
və mübarizəmizi
qarşılıqlı şəkildə
razılaşdırdıq. Biz Qoşulmama Hərəkatı ölkələri
ilə birlikdə irəliləyirik və artıq bir çox ölkələr
bizim mübarizəmizlə
həmrəylik nümayiş
etdirir. Bizim beynəlmiləlləşdirmə kampaniyamız qarşıdakı
aylarda da davam edəcək”, -deyə o diqqətə çatdırıb.
Müsahibədə qeyd edilib ki,
Qvadelupa tarixi haqqında məlumat əldə edən ölkələr tez-tez Fransanın müstəmləkəçilik
siyasəti və onun son müstəmləkələrinə
göstərdiyi rəftardan
təəccüblənir. Çoxları
başa düşür
ki, Parisin beynəlxalq səhnədəki
diskursu onun xaricdəki ərazilərin
idarə olunmasında
etdiyi seçimlərə
uyğun gəlmir. “Biz siyasi mübarizəmizi
beynəlmiləlləşdirmək üçün bu kampaniyaya qoşuluruq, çünki Fransanın bizi tələyə salmağa çalışdığı
ölümcül baş-başa
vəziyyətdən çıxmaq
bizim üçün
vacib görünür.
Qvadelupa mütləq tarixin qatarına minməlidir, çünki
biz geosiyasəti və dünya iqtisadi nizamını sarsıdacaq böyük hərəkat ərəfəsindəyik.
Artıq BRICS dolların
gücünə qarşı
mübarizə aparmaq üçün təşkilatlanır.
Afrika ölkələri
neokolonializmdən və
“FrancAfrique” sistemindən
xilas olmaq üçün bir araya gəlir. Gələcək dəyişiklikləri
qəbul etməyin vaxtıdır. Biz Qvadelupada və digər Fransa koloniyalarında özümüzə
siyasi vasitələr əldə etməliyik”, -deyə J.Bisep vurğulayıb.
“La1ere.Francentvinfo” nəşrində
Qvadelupa Milli Alyansının (GNA) təmsilçisi
Natali Minatçinin konfransın yekunları ilə bağlı fikirləri dərc olunub. Alyansın nümayəndəsi qeyd edib ki, 1945-ci ildə Birləşmiş
Millətlər Təşkilatı
yarananda dünya əhalisinin təxminən
üçdəbiri, yəni
750 milyon insan müstəmləkəçi dövlətlərdən
asılı idi. O vaxtdan bəri 80-dən çox keçmiş müstəmləkə müstəqillik
qazandı və BMT onların dekolonizasiyasını
təşviq etmək
üçün geniş
işlər gördü.
Bu fəaliyyət indi də davam
edir. Bu kontekstdə Azərbaycanın
sədrlik etdiyi Qoşulmama Hərəkatının
səyləri, xüsusən
“Bakı Təşəbbüs
Qrupu”unun fəaliyyəti təqdirəlayiqdir.
“Musulmans en
France” nəşrində konfransın
əhəmiyyəti ilə
bağlı dərc edilən materialda diqqətə çatdırılıb
ki, Fransa bütün dünyada müstəmləkələrindən məhrum olur və bu proses
1955-ci il sentyabrın
30-da Əlcəzairdən başlayıb.
Həmin gün BMT öz gündəliyinə
Əlcəzair məsələsini
daxil edib. Bundan sonra Fransa
nümayəndə heyəti
etiraz əlaməti olaraq iclası tərk edib və bu ölkənin
xarici işlər naziri deyib: “Mən Fransanın sivilizasiya missiyasının
şübhə altına
alınmasına icazə
verməyəcəyəm”.
Yazıda qeyd olunub ki, BMT-nin özünü müstəmləkə vəziyyətində hesab edən və suverenliyinə can atan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyan dekolonizasiya üzrə xüsusi Komitəsi var. Bu günə qədər Birləşmiş Millətlər Təşkilatı 17 ərazini müstəmləkəçi güclərdən asılı olaraq tanıyır. Məqalədə vurğulanıb: “Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasında hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Qvadelupa nümayəndə heyətini dekolonizasiya ilə bağlı iclasda iştirak etməyə dəvət etdi, bu iclasda “son Fransız koloniyaları məsələsi” müzakirə edildi. Bu dəvət Qoşulmama Hərəkatının (Azərbaycan Respublikasının sədrlik etdiyi) Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş birinci konfrans zamanı qəbul edilmiş qərardan sonra verilib. Yaradılan “Bakı Təşəbbüs Qrupu” müstəqillik uğrunda mübarizə aparan bir neçə təşkilatın üzvlərindən ibarətdir. Azərbaycan, təbii olaraq, bloka daxil olmayan ölkələrin sədri rolunda idi, lakin düşünməyə bilməzdik ki, bu, həm də öz hüquqlarını müdafiə etmək naminə separatçı erməniləri dəstəkləyən Fransaya yaxşı cavabdır. Müstəmləkəçilik və ya neokolonializm siyasəti bu gün geniş şəkildə pislənilir, xüsusən də son vaxtlar münasibətləri pisləşən Əlcəzairdə və Fransa mətbuatının Mərakeş zəlzələsi ilə bağlı alçaldıcı rəftarını tənqid edən Mərakeşdə bu proseslər daha barizdir.
“Madinin-art”,
“Caraibcreole”, “Le Club de Mediapart”
“Angladvoup” portalları , “Justice” jurnalında “Dekolonizasiya: Sakit inqilab” adlı
konfransın Yekun Bəyannaməsinin mətni
dərc edilib.
Sənəddə qeyd edilib ki, Nyu-Yorkda keçirilən konfransın
iştirakçıları “Bakı Təşəbbüs
Qrupu”nun fəaliyyətə başlamasını
alqışlayır və
Azərbaycan Respublikasının
Birləşmiş Millətlər
Təşkilatı yanında
Daimi Nümayəndəliyinin yardımı ilə bu mühüm tədbirin ikincisini təşkil etdiyinə görə “Bakı Təşəbbüs Qrupu”na
təşəkkür edir.
“Nyu-Yorkda
Yeni Kaledoniya, Fransa Polineziyası,
Martinika, Qayana və Qvadelupa antimüstəmləkə hərəkatları
bu gün öz səslərini mümkün qədər ucadan qaldırmaq, onların əsas azadlıqlarına, təzminatlara,
xalqların inkişafına
hörmət edilməsini
təmin etmək səylərini dəstəkləmək
üzrə dünyaya,
eləcə də BMT
də daxil olmaqla, beynəlxalq təşkilatlara təcili
müraciət edir.
“Bakı
Təşəbbüs Qrupu”
və Cənubi
Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki
son Fransa müstəmləkələrinə
qarşı fəaliyyət
göstərən təşkilatlar
xalqlarımız arasında
zəruri həmrəyliyin
möhkəmləndirilməsi və Qoşulmama Hərəkatı ilə əməkdaşlıq əlaqələrinin
qurulması məqsədilə
öz işlərini davam etdirəcəklər”,
-deyə Bəyannamədə
vurğulanıb.
Azərbaycan.-2023.-
3 oktyabr.- S.7.