Nəhayət, 30 ildən
sonra Azərbaycana gələn BMT-nin missiyası Ağdamdan keçərək Əsgəran-Xankəndi
istiqamətində hərəkət
edib...
Xatırladaq ki,
BMT ilə fəal qarşılıqlı əlaqəmiz
Ermənistanın təcavüzü
nəticəsində başlamışdır.
1992-ci ilin martında
BMT-yə üzv qəbul edilən Azərbaycan BMT-yə müraciət edərək
Ermənistanın təcavüzkar
siyasətinə münasibət
bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin
qarşısını almağı
xahiş etmişdir. O
zaman BMT-nin nümayəndə heyəti
Azərbaycanın müraciətinə
əsasən regiona səfər etmişdi.
1993-cü ildə Təhlükəsizlik
Şurasının beynəlxalq
səviyyədə tanınan
ərazilərimizdən erməni
qoşunlarının dərhal,
tam və qeyd-şərtsiz çıxarılması
tələbi ilə 4
qətnaməsi qəbul
olunmuşdu.
Adətən, bu
mühüm beynəlxalq
təşkilatın qətnamələri
çox qısa müddət ərzində
icra edilir. Lakin Azərbaycana gəldikdə, BMT-nin qərarları icra olunmamış qaldı...
BMT-nin qətnamələrinə
məhəl qoymayan Ermənistan işğalçılıq
siyasətini davam etdirərək yeni ərazilərimizi işğal
edərək xarabazara
çevirməkdən çəkinmədi.
Şəhərlərimiz, kəndlərimiz
böyük dağıntılara
məruz qaldı. İşğalçı dövlət
tarixi abidələrimizi
məhv etdi, dini ocaqlarımızı dağıtdı, tərəfdaşları
ilə təbii sərvətimizi qanunsuz istismar edərək gəlir götürdü.
Torpaqlarımızda qanunsuz
məskunlaşmalar apardı.
Dövlətimiz dəfələrlə
bu beynəlxalq təşkilata müraciət
edərək işğalçı
dövlətin qanunsuz
fəaliyyətinin nəticələri
ilə tanış olmaları, törədilən
vandalizmi yerində görmələri üçün
regona nümayəndələrinin
səfərlərinin təşkil
olunmasını xahiş
etsə də, Ermənistan və himayədarları buna əngəl oldular.
Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in
Minsk qrupuna həmsədrlik edirdi. Onlar özləri qəbul etdikləri qətnamələrin icra olunması üçün
nəinki səy göstərdilər, hətta
bunun əksi olaraq problemin dondurulması, status-kvonun saxlanması üçün
bütün imkanlarından
istifadə etməyə
çalışdılar. Əfsuslar
olsun ki, 28 il ərzində problemin həllində vasitəçilik edən
Minsk qrupu Azərbaycanın çoxsaylı
israrlı xahişlərinə
rəğmən Ermənistana
qarşı sanksiyaların
tətbiq edilməsi məsələsini gündəliyə
gətirmədilər. Əvəzində
Ermənistana hərbi
yardım göstərdilər.
Cəzasızlıq isə
azğınlaşmış Ermənistanı müharibəyə,
yeni əraziləri işğal etməyə həvəsləndirirdi. Dövlətimizin
başçısının dediyi kimi, müharibəyə
görə məsuliyyət
yalnız Ermənistanın
üzərində deyil,
həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək
istəməyənlərin üzərinə düşür.
2020-ci il sentyabrın
27-də başlayan Vətən
müharibəsi zamanı
Azərbaycan bu qətnamələri beynəlxalq
hüququn normaları
çərçivəsində özü həyata keçirərək ədaləti bərpa etdi. Bildirək ki, BMT-nin Nizamnaməsinin
51-ci maddəsi hər
bir ölkənin özünümüdafiə hüququnu
tanıyır. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazi bütövlüyümüzü
bərpa etdik...
Dövlətimiz hər
zaman şəffaflığın
təmin olunmasına xüsusi önəm verir. Sentyabrın 19-da Qarabağda lokal xarakterli antiteror əməliyyatı başlamazdan
öncə də ölkəmizdə fəalliyyət
göstərən diplomatik
korpusun və beynəlxalq təşkilatların
nümayəndələrinin Qarabağa səfərləri
təşkil edildi. Məqsəd səfər iştirakçılarının mövcud vəziyyəti və reallıqları görüb dəyərləndirməsi
idi.
Sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra
da Azərbaycan ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq
təşkilatların, diplomatik
korpusun nümayəndələrinin
bir daha Qarabağa səfərini təşkil etdi. Eyni zamanda dövlətimiz
BMT-nin müvafiq qurumlarını da Qarabağ bölgəsinə
səfərə dəvət
etdi. Yəni rəsmi Bakı heç vaxt həqiqətləri olduğu
kimi göstərməkdən
narahat olmayıb. Ümid etmək olar ki, BMT-nin
Qarabağa səfər
etmiş bu missiyası da Azərbaycana əlavə dividendlər qazandıracaq.
Hazırda bu missiyanın səfəri
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisinin
himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı
İnkişaf üzrə
Əməkdaşlığa dair Çərçivə
sənədinə (2021-2025) uyğun olaraq həyata keçirilir. Missiyanın məqsədi
yerdə vəziyyətlə
tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Tərkibində BMT-nin
müxtəlif qurumlarının
üzvləri olan heyət üzvlərinə,
işğaldan azad olunmuş ərazilərdə
infrastrukturun bərpası,
qeyri-qanuni erməni silahlı qüvvələrindən müsadirə
edilmiş külli miqdarda silah-sursat arsenalı, minaların yaratdığı
təhlükələr də nümayiş etdirilir.
Prezident İlham
Əliyev ABŞ Prezidentinin
xüsusi nümayəndəsi,
ABŞ-nin Beynəlxalq
İnkişaf Agentliyinin
(USAID) rəhbəri Samanta
Paueri, ABŞ Dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Yuri
Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları
üzrə baş müşaviri Lui Bononu qəbul edərkən ölkəmizdə
akkreditə olunmuş
BMT-nin Rezident Əlaqələndirici Ofisinin
yaxın zamanda Azərbaycanın Qarabağ
bölgəsinə səfərinin
təşkilinə hazır
olduğunu bildirmişdi.
Bu yerdə daha mühüm bir məqamı da yada salmaq
yerinə düşər.
Dövlətimizin başçısı
İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi
xanım Vladanka Andreyevanı qəbul edərkən xüsusi olaraq vurğulamışdır: " ... bizim BMT institutları ilə daha çox
qarşılıqlı əlaqəyə
ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə
yaxındır gözləyirik.
Bilmirəm bunu bilirsiniz, ya yox biz, bir
neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu
buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini
görməyə dəvət
etmişdik. Çünki
ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə
artıq iki faktaraşdırıcı missiya
göndərmişdi. Biz
onlardan yenidən bir missiya göndərməyi
xahiş etdik, lakin onlar göndərmədilər.
Biz UNESCO-dan tarixi abidələrimizə
erməni təcavüzkarları
tərəfindən dəymiş
ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər.
UNESCO rəsmiləri dedilər
ki, UNESCO siyasi məsələlərə qarışmır.
Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların
gəlmək istədiyinə
dair siqnallar aldıq. Əlbəttə,
biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki,
biz onları çağıranda gəlmirdilər.
Müharibədən sonra
isə gəlməyə
qərar verdilər. Buna görə biz buna razılaşdıq
və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya
artıq yaradılıb,
amma indi Ermənistan yenə etiraz edir".
"Xain xoflu olar", deyiblər. 30 il işğal etdikləri əraziləri
xarabazara çevirən
Ermənistanın "əl
işləri", etdikləri
vandallıqlar göz qabağındadır. Azərbaycan
isə işğaldan
azad olunmuş bu
torpaqlara yenidən həyat verir, qurur, yaradır, yol salır, işıq çəkir...
35 il silahların
"danışdığı" Qarabağı cənnətə
döndərmək, sülh,
sevgi diyarına çevirməkdir...
Təsadüfi deyil
ki, ABŞ Dövlət
Departamentinin sözçüsü
Metyu Miller də ölkəsinin Azərbaycanın
evsahibliyi etməyə
hazır olmasından məmnunluğunu bildirdi. İnanmaq istərdik ki, missiya öz
işini başa vurduqdan sonra həqiqətləri deyəcək,
biz də məmnun olacağıq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
3 oktyabr.- S.10.