Qisas qiyamətə
qalmadı
Erməni terrorçular
artıq Azərbaycan qanunları qarşısında
cavab verirlər
"Xocalı soyqırımında,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasında,
qəbirlərin qazılmasında
biz erməni xalqını
günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda
duranlarını ittiham
etmişik və biz onları məsuliyyətə
cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar,
bəziləri də alacaqlar".
Sentyabrın 20-də xalqa
müraciəti zamanı
Prezident İlham Əliyevin
də söylədiyi
kimi, milli kimliyimizə
düşmən kəsilən,
heysiyyətimizlə oynayan
cinayətkar separatçılar,
bir zamanlar Qarabağda at oynadan qondarma qurumun oyuncaq prezidentləri, deputatları, nazirləri...
indi qolları qandallı, başları aşağı halda Azərbaycan qanunları qarşısında cavab vermələri üçün
Bakıya gətirilirlər.
Törətdikləri çoxsaylı
cinayət əməllərinə
görə saxlanılan
xuntaçıların siyahısında
sabiq "dövlət
naziri" Ruben Vardanyan, "Daşnaksütyun" partiyasının
"Qarabağ təmsilçisi"
və separatçı
rejimin keçmiş parlament sədri David İşxanyan, qondarma
"Dağlıq Qarabağ
Respublikasının Müdafiə
Ordusu komandanının
birinci müavini"
Davit Manukyan, eləcə də
qondarma qurumun "prezident"ləri Arkadi Qukasyan,
Bako Sahakyan, Arayik Harutyunyan da var...
Bu siyahının daha da uzanacağı, xalqımıza
qarşı cinayət
əməlləri törədən
separatçıların hamısının
bir-bir tutularaq layiqli cəzalarını
alacaqları zamanın
hökmüdür...
Gəncəlilərin qatili
Bu da İlahi ədalətin öz yerini tapmasının daha bir nümunəsidir
ki, cinayətkar qondarma
rejimin quldur başçısı, Vətən
müharibəsi dövründə
Gəncə şəhərində
və Bərdə rayonunun yaşayış məntəqələrində əli
çoxsaylı mülki
insanlarımızın qanına
batan Arayik Harutyunyan məhz elə Gəncə terrorunun üçüncü ildönümü
ərəfəsində həbs
olunaraq cinayət məsuliyyətinə cəlb
edildi.
Bu il oktyabrın 3-də Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən
Xankəndi şəhərində
saxlanılan Arayik Harutyunyana Cinayət Məcəlləsinin çoxsaylı
maddələri ilə
ittiham elan edilib.
DTX-nin bununla bağlı
ötən gün yaydığı məlumatda
bildirilir ki, istintaq-əməliyyat
tədbirləri nəticəsində,
həmçinin Arayik
Harutyunyan tərəfindən terror aktlarının törədilməsi
məqsədilə Azərbaycan
Respublikasının ərazilərinin
davamlı şəkildə
minalanması, cəbhə
zonasından kənarda
yerləşən, əhalinin
sıx məskunlaşdığı
Azərbaycan Respublikasının
Gəncə şəhəri
və Bərdə rayonunun yaşayış məntəqələri və
mülki obyektlərini
hədəfə alaraq
ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi
və onlara müxtəlif dərəcəli
bədən xəsarətlərinin
yetirilməsi, mülki
və hərbi infrastruktura ağır ziyan vurulması ilə nəticələnən
terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər
törədilməsinə əsaslı
şübhələr müəyyən
edilmişdir.
Hazırda DTX və
Baş Prokurorluq tərəfindən
zəruri və təxirəsalınmaz istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
Arayik Harutyunyan Serj Sarkisyanın qanlı yolunu davam etdirirdi
Son iki yüz il ərzində milli düşmənçilik
zəminində ard-arda
Azərbaycan xalqına
qarşı qətliamlar,
soyqırımları törədən
ermənilər Birinci Qarabağ
müharibəsində də
bu mənfur əməllərini davam etdirərək xalqımıza
qarşı saysız-hesabsız
müharibə cinayətləri,
Ballıqaya, Ağdaban,
Başlıbel kimi faciələr yaşadıblar.
1992-ci il fevralın 26-da Xocalı
sakinlərinə qarşı
soyqırımı həyata
keçirən erməni
qatilləri 613 günahsız
insanı xüsusi amansızlıqla qətlə
yetiriblər. 8 ailəni
tamamilə Yer üzündən
siliblər. Həmin gün 1275 Xocalı sakini girov götürülüb
və erməni cəlladları tərəfindən
amansız işgəncələrə
məruz qalıblar.
1992-ci ildə Xocalı soyqırımını törədən
qüvvələrin komandanlarından
olan Ermənistanın
keçmiş prezidenti
Serj Sarkisyan sonralar Tomas de Vaalın
"Qara bağ" kitabında
yer alan müsahibəsində insanlıq
cinayəti olan bu əməlini fəxr hissi ilə belə dilə gətirib: "Xocalıya qədər azərbaycanlılar elə
bilirdilər ki, bizimlə
zarafat etmək olar, onlar elə
fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi
sındırdıq".
Erməni faşizminin
xalqımıza qarşı
qanlı əməlləri
bununla da bitmədi və getdikcə daha qabarıq formada özünü göstərməyə başladı.
44 günlük Vətən müharibəsi zamanı dəfələrlə müharibə
meydanından kilometrlərlə
uzaqda yerləşən
şəhər və
kəndlərimizin qatil
ermənilər tərəfindən
raket atəşinə
tutularaq terrora məruz qalmasını, mülki vətəndaşlarımızın
qətl edilməsini bütün dünya gördü.
Lakin beynəlxalq ictimaiyyət Xocalı hadisələrində
olduğu kimi, Ermənistan və separatçıların Gəncədə
də soyqırımı
törətməsinə, Bərdədə,
Tərtərdə və
digər yaşayış
yerlərimizdə insanlarımızı
qətl etməsinə
səsini çıxartmadı.
Baxmayaraq ki, uşaq
qatili Serj Sarkisyanın
davamçısı, qondarma
rejimin cinayətkar
başçısı Arayik
Harutyunyan 2020-ci ildə Gəncə
şəhərini vur
əmrini verdiyini, Azərbaycanın digər
böyük şəhərlərinə
də zərbə endirəcəklərini həyasızlıqla,
ağzı köpüklənə-köpüklənə,
"fəxrlə" videokamera
önündə etiraf
edib.
Azərbaycan dövləti
dəfələrlə Ermənistan
və onun himayə etdiyi qondarma qurumun xalqımıza qarşı
törətdiyi cinayətləri
faktlarla beynəlxalq təşkilatların diqqətinə
çatdırıb, lakin
bununla bağlı Ermənistana hər hansı sanksiyalar tətbiq edilməyib, qondarma qurumun özünü buraxması
ilə bağlı hansısa təzyiqlər edilməyib. Elə bu cəzasızlıq mühitindən yararlanan Ermənistan və separatçılar azərbaycanlılara
qarşı cinayət
əməllərini davam
etdiriblər.
Əsrlərin qisası
2020-ci ildə torpaqlarını işğaldan azad edən Azərbaycan cəmi üç ildən sonra Qarabağ bölgəsində
suverenliyini tam təmin
etdi. Dövlətimiz Qarabağda kök salmış quldur yuvasını dağıdaraq
kriminal rejimin ünsürlərini də
bir-bir cinayət məsuliyyətinə cəlb
edir. Əminik ki, Azərbaycan qanunları qarşısında cavab verən cinayətkarlar sırasına Serj Sarkisyan, Robert Koçaryan da qoşulacaq...
Biz illərlə Xocalıda, Ballıqayada, Başlıbeldə,
Gəncədə, Bərdədə,
Tərtərdə və
daha neçə-neçə
sadalamadığımız ərazilərdə erməni
faşizminin qurbanına
çevrilən, başlarına
faciələr gətirilən
günahsız insanlara, körpələrə,
uşaqlara, cavanlara, yaşlılara yandıq,
Yer üzündən silinən
ailələrin müsibətlərinə,
ömrü qundaqda qırılan körpələrin
yarımçıq talelərinə
ağladıq.
Ürəyimizdə alışan
qisas alovu ilə torpaqlarımız uğrunda şəhid olan, əsir, girov götürülərək
min-bir işgəncəyə
məruz qalan soydaşlarımızın qisasını
alacağımıza and içdik...
Bəli, indi Azərbaycan xalqı olaraq faşizm ideyalı separatçılardan
əsrlərin qisasını
aldığımız, onları
bir-bir haqq-ədalət
divanına çəkdiyimiz
fəxrli, qürurlu günlər yaşayırıq.
Qisasımız qiyamətə
qalmadı!
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2023.- 6 oktyabr.-
S.5.