Möhtəşəm
20 il
2003-cü il oktyabrın
1-də Azərbaycan xalqının
yetirdiyi nadir şəxsiyyət, müstəqil
Azərbaycan Respublikasının
memarı, görkəmli
siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev ölkədə keçiriləcək
prezident seçkiləri
ilə əlaqədar
xalqa müraciət etmişdir.
Müraciətdə deyilir: "Üzümü
sizə - həmvətənlərimə
tutaraq, qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm".
Qədirbilən xalqımız
Ulu Öndərin bu tarixi müraciətini
böyük ruh yüksəkliyi ilə qəbul edərək
2003-cü ilin oktyabr ayında keçirilən
prezident seçkilərində
Yeni Azərbaycan Partiyasının (YAP) namizədi
İlham Əliyevi dəstəklədi və
o, Azərbaycan xalqının,
Azərbaycan seçicisinin
mütləq əksəriyyətinin
səsini qazanaraq Prezident seçildi.
Həmin tarixdən
keçən 20 illik dövrdə cənab İlham Əliyev Ümummilli Liderin ideyalarına sadiqliyini nümayiş etdirərək
xalqımızın ən
layiqli oğullarını
öz ətrafında
sıx birləşdirərək
Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
istiqamətində çox
uğurlu nəticələr
əldə edilməsinə
nail olmuşdur. İlk növbədə
"Əsrin müqaviləsi"
bütün parametrlər
üzrə icra olunaraq ölkəmizin sosial-iqtisadi inkişafını
təmin edən əsas maliyyə mənbəyinə çevrilmişdir.
"Azəri", "Çıraq"
və "Günəşli"
neft yataqlarından və "Şahdəniz"
qaz yatağından, habelə digər neft-qaz yataqlarından hasil olunan neftin
və qazın xarici bazarlara çıxarılması üçün
magistral neft və qaz xətləri
tikilib istifadəyə
verilmişdir. Hazırda
ölkəmiz İlham
Əliyevin həyata keçirdiyi sabit və davamlı xarici və daxili siyasət nəticəsində Avropanı
və bir sıra digər ölkələri neft və qazla təmin
edən tərəfdaş
ölkə imicini qazanmışdır.
Bu gün neft və qazdan
əldə edilən gəlir Prezidentin təşəbbüsü və
birbaşa rəhbərliyi
altında ölkəmizin
sosial-iqtisadi inkişafı
və əhalinin firavanlığı üçün
səmərəli istifadə
olunur. Bu məqsədlə hələ
2004-cü ildən regionların
sosial-iqtisadi inkişafına
dair dörd dövlət proqramı qəbul edilmiş, onun üçü uğurla icra olunmuşdur. Hazırda dördüncü proqram icra edilir. Bu
dövlət proqramlarının
həyata keçirilməsi
regionların simasını
kökündən dəyişmiş,
bölgələrdə 70 illik
sovet dövründəki
uğurlardan dəfələrlə
çox uğurlu nəticələr əldə
edilmiş, paytaxt Bakı ilə birlikdə digər şəhərlərimiz də
müasir tələblərə
uyğun olaraq yenidən qurularaq tanınmaz dərəcədə
dəyişmişdir. İndi
bir çox insan regionlarda yaşamağa daha çox üstünlük
verir.
Prezident İlham
Əliyev dəfələrlə
qeyd etmişdir ki, bizim apardığımız
siyasətin əsasında
insan amili dayanır. Bu, həqiqətən belədir.
İndiyəcən bu
məqsədlə respublikamızda
yoxsulluğun ləğv
edilməsi, məşğulluğun
artırılması və
əhalinin ərzaq təhlükəsizliyinin təmin
edilməsi üçün
bir neçə dövlət proqramı qəbul edilərək icra olunmuşdur. Həm Bakıda, həm də regionlarda çoxlu sayda yeni müəssisələr,
tikinti təşkilatları,
ticarət obyektləri
və digər istiqamətlər üzrə
məşğulluq obyektləri
yaradılmışdır. Bunun nəticəsidir ki, ölkəmizdə son 20 ildə yoxsulluğun səviyyəsi
5 faizə enmiş, məşğul əhalinin
sayı kəskin artmışdır.
Bu dövr həyata keçirilən
siyasətin əsas istiqamətlərindən biri
də ölkə ərazisində sosial infrastrukturun və kommunikasiya xətlərinin
yaradılması, bərpası
və yenilənməsi
olmuşdur. 20 il ərzində respublika əhəmiyyətli magistrallar,
eləcə də yerli əhəmiyyətli,
kəndlər arasında,
kənd və qəsəbələr daxilində
yollar yenidən qurulmuşdur. Bu illər ərzində ölkəmizin bütün
şəhərlərində və digər yaşayış məntəqələrində
məktəb, xəstəxana,
uşaq bağçası
və digər sosial binaların tikintisi böyük vüsət almış, həmin obyektlərdə gənc nəslin tərbiyəsi və təhsil alması, insanlara yüksək səviyyədə tibbi yardım göstərilməsi
üçün hər
cür şərait yaradılmışdır. Yaşayış
məntəqələrinin işıq, qaz, su sarıdan təminatı ən yüksək səviyyəyə
çatdırılmışdır.
Prezidentin həyata
keçirdiyi siyasətdə
insan amilini önə çəkməsinin
bariz nümunələrindən
biri də vətəndaşların məmnunluğuna
səbəb olan
"ASAN", "DOST" xidmətləri
kimi mərkəzlərin
yaradılması və
onların əhatə
dairəsinin genişlənməsidir.
Eyni zamanda internet şəbəkəsinin
respublikamızın bütün
ərazisini əhatə
etməsi də vətəndaşlarımız və ölkəmizin qonaqları tərəfindən
yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin təşəbbüsü
və tapşırığına
əsasən yaranan bu xidmət mərkəzləri nəinki
ölkə vətəndaşlarının,
həm də bir çox xarici ölkənin də marağına səbəb olmuşdur.
Cənab İlham
Əliyevin 20 illik prezidentliyi dövründə
insanların firavan həyat sürmələri
üçün neft və qaz satışından
əldə olunan gəlirin böyük bir hissəsi əhalinin aylıq əməkhaqqının, pensiya
və müavinətlərin,
digər sosial xərclərin artırılmasına
yönəldilmişdir. Bu
məqsədlə həmin
xərclərə yönələn
dövlət büdcəsi
vəsaitləri bir neçə dəfə artmışdır. Hazırda
bu ödəmələrin
səviyyəsinə görə
respublikamız postsovet
məkanında öncül
yerlərdən birini tutur.
İlham Əliyevin
həyata keçirdiyi
iqtisadi siyasətin əsas istiqaməti isə neft sektorundan
əldə olunan vəsait hesabına dayanıqlı inkişafı
təmin edən qeyri-neft sektorunu, o cümlədən kənd
təsərrüfatını və turizmi inkişaf etdirməkdir. Milli təhlükəsizliyin
tərkib hissəsi olan ərzaq təhlükəsizliyi Azərbaycan
Prezidentinin həmişə
diqqət mərkəzindədir.
Dövlət başçısı
əhalinin ərzaq təhlükəsizliyinin əsas
bazası olan aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Çünki
ərzaq təhlükəsizliyi
istənilən ölkədə
iqtisadi, sosial və siyasi sabitliyi təmin etdiyindən bu sahənin inkişafı dövlətin qarşısında
duran ən ümdə vəzifələrdən
biridir. Odur ki, Prezident kənd
təsərrüfatında struktur dəyişikliyinin
aparılması, ərzaq
təhlükəsizliyi haqqında
dövlət proqramlarının
qəbul edilməsi, aqrar və torpaq
islahatlarının dərinləşdirilməsi,
islahatlar nəticəsində
yaranmış çoxlu
sayda və müxtəlif formada fəaliyyət göstərən
kənd təsərrüfatı
məhsul istehsalçılarının
maddi marağının
artırılmasına dair
və digər stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsi
barədə bir neçə sənəd imzalamışdır.
İlham Əliyevin
təşəbbüsü ilə hazırda ölkəmizdə 40-dan çox
iri kənd təsərrüfatı müəssisəsi
və aqroparklar yaradılaraq fəaliyyət
göstərir. Bunun nəticəsidir ki, 10 milyondan çox əhalisi olan Azərbaycanda əhalinin taxıl və bitki yağı istisna olmaqla digər kənd təsərrüfatı məhsullarına
olan tələbatı
əsasən yerli istehsal hesabına təmin edilir. Eyni zamanda bəzi
məhsullar, xüsusən
meyvə və tərəvəz məhsullarının
bir qismi xarici ölkələrə
ixrac olunur.
Ölkəmizdə qeyri-neft
sektorunun əsas istiqamətlərindən biri
də turizmdir. Turizmin inkişafı üçün ölkəmizin
əlverişli təbii
iqlim şəraiti, çox sayda memarlıq və tarixi abidə, ziyarətgah mövcuddur. Bunun nəticəsidir ki, 2019-cu ildə (COVID-19 pandemiyasından əvvəl)
2,9 milyon nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs turizm məqsədilə respublikamıza səfər
etmişdir. Həmin il daxili turistlərin
sayı isə 4,3 milyon nəfərdən çox olmuşdur. Turistlərin yerləşdirilməsindən
və onlara göstərilən ictimai
iaşə xidmətindən
əldə olunan əlavə dəyər ölkə üzrə istehsal edilən ümumi daxili məhsulun 2,4 faizini təşkil etməklə
1,98 milyard manat təşkil etmişdir. Bu sahədə çalışan işçilərin
sayı isə 108 min nəfərdən çoxdur.
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində bütün
vətəndaşlar özlərini
çox rahat hiss edir, Konstitusiyamızda
təsbit edilmiş bütün hüquqlardan istifadə edərək əmin-amanlıq şəraitində
yaşayırlar. Milli
mənsubiyyətinə görə
ölkəmizdə heç
bir ayrı-seçkilik
yoxdur. Xarici ekspertlərin qiymətləndirməsinə
görə, Azərbaycan
Respublikası dünyanın
ən multikultural ölkələrindən biridir.
Məhz buna görə də ölkəmizdə dəfələrlə
multikulturalizmə dair
beynəlxalq konfranslar
və görüşlər
keçirilmişdir.
Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi altında
dünyada analoqu olmayan iqtisadi inkişafa nail olub. Ötən dövrün bəzi illərində ÜDM istehsalı
əvvəlki ilə nisbətən 30-35 faiz artmışdır. Ölkəmizin
son 20 ildə əldə etdiyi bu iqtisadi tərəqqi
onun ardıcıl olaraq bir çox
beynəlxalq tədbirin
keçirildiyi məkana
çevrilməsini təmin
etmişdir. Keçən
dövr ərzində
Azərbaycan "Avroviziya"
musiqi yarışmasına,
I Avropa Oyunlarına, dördüncü İslamiadaya,
bir sıra idman növləri, o cümlədən gimnastika,
güləş və
futbol üzrə ən mötəbər yarışlara yüksək
səviyyədə evsahibliyi
etmişdir.
Ölkəmizin yüksək
sürətlə iqtisadi
inkişafı və geniş maliyyə imkanlarına malik olması vətəndaşlarımızın
sovet dönəmində
banklarda yerləşdirdikləri
əmanətlərin qaytarılmasına
imkan vermişdir. Prezidentin sərəncamı
ilə həmin vəsaitlər indeksləşdirilərək
tam olaraq əhaliyə qaytarılmışdır.
İlham Əliyevin
həyata keçirdiyi
düşünülmüş və uzaqgörən siyasət sayəsində Azərbaycanın dünya
dövlətləri arasında
nüfuzu yüksəlmiş,
həm ölkəmizə,
həm də onun liderinə olan etibar və
etimad möhkəmlənmişdir.
Məhz buna görə Azərbaycan Respublikası BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilmiş
və cənab İlham Əliyev şuranın iclasına sədrlik etmişdir.
Azərbaycan Respublikası
BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına
üzv seçilmiş
və qısa müddətdən sonra bu quruma sədrlik
etmişdir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində
təşkilatın üzv
dövlətləri Azərbaycanın
sədrlik müddətini
yenidən bir il artırmışdır.
İlham Əliyevin
siyasətinin mərkəzində
insan amilinin dayanması özünü
ən çətin anlarda da göstərmişdir.
2020-ci ildə dünyanı
çox amansız və dəhşətli dərəcədə çənginə
almış "COVID-19" pandemiyası dövründə
insanların sağlamlığını
qorumaq, pandemiyanın yayılmasının qarşısını
almaq, peyvəndləmə
prosesini sürətləndirmək
və karantin tətbiq etməklə əhali arasında itkiləri minimuma endirmək üçün
ölkəmizdə təsirli
tədbirlər həyata
keçirildi. Paralel olaraq Prezident gəliri az olan ölkələrə
kömək göstərmək
üçün Ümumdünya
Səhiyyə Təşkilatına,
eləcə də kasıb, xüsusilə Qoşulmama Hərəkatına
üzv olan ölkələrə maddi
yardımlar göstərdi.
Həyata keçirilən
bu tədbirlər Azərbaycanın pandemiyadan
az itki ilə
çıxan ölkələr
sırasında öncül
yerlərdən birini tutmasına imkan verdi və ölkəmizi
çətin anlarda dünyanın digər dövlətlərinə yardım
göstərən bir
ölkə kimi tanıtdı.
Əlbəttə ki,
Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə
ölkəmizin qazandığı
heyrətamiz uğurların
zirvəsində Ermənistan-Azərbaycan
- Qarabağ münaqişəsinin
Azərbaycanın xeyrinə
həll edilməsi dayanır. İlham Əliyevin nəyi necə və nə vaxt həll
etməyi çox düzgün müəyyən
etməsi, bu illər ərzində həyata keçirdiyi davamlı daxili və xarici siyasət öz bəhrəsini verdi və 30 illik işğala son qoyularaq 20 faiz ərazimiz düşmən
tapdağından azad edildi. Bununla da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ata vəsiyyətinə əməl edərək ölkəmizin qarşısında
duran bir nömrəli problemi həll etmiş oldu.
Şübhəsiz ki,
uzun illər arxasında böyük dövlətlərin dayandığı
amansız və qəddar düşməni
diz çökdürüb
işğala son qoymaq heç də asan başa
gəlməmişdir. İlham
Əliyev işğalçı
ölkənin rəhbərləri
ilə dəfələrlə
görüşlər keçirərək,
məsələnin beynəlxalq
norma və prinsiplərinə uyğun
həll olunmasına səylər göstərsə
də, qarşı tərəf verilən təkliflərlə razılaşmamış,
özlərindən razı
halda əgər müharibə olarsa, yeni ərazilər işğal etmək iddiasında olduqlarını
bəyan etmişlər.
Düşmən atəşkəs
razılaşmasını işğal
dövründə dəfələrlə
pozaraq həmişə
gərginlik yaratmağa
çalışırdı. Belə gərginlik
2016-cı ilin aprelində
və 2020-ci ilin iyul ayında daha geniş miqyas almış, ordumuz düşmənə
layiqli cavab verərək bəzi ərazi və yüksəklikləri azad
etmişdir. Eyni zamanda 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında Ermənistanın
törətdiyi təxribata
cavab olaraq ordumuzun həyata keçirdiyi Günnüt
əməliyyatı düşmənə
böyük və sarsıdıcı zərbə
olmuşdur.
Lakin Ermənistan
və onun Qarabağın dağlıq
hissəsində məskən
salmış separatçı
qüvvələri bunlardan
ibrət dərsi götürüb məsələni
diplomatik yolla həll etməyə çalışmadılar və
özlərinin işğalçılıq
siyasətlərini davam
etdirməyə üstünlük
verdilər. İlham Əliyev düşmənin
bu məkrli niyyətini lap əvvəldən bildiyinə
görə ordumuzun maddi-texniki təminatını
yüksəltmək, yeni
texnika və texnologiyalar əldə etmək, kadr hazırlığına xüsusi
diqqət yetirməklə
Silahlı Qüvvələrimizi
müasir tələblərə
cavab verən ordu kimi formalaşdırdı.
Ali Baş Komandan tam əmin
idi ki, əgər
müharibə olarsa, ordumuz qələbə çalmağa qadirdir.
2020-ci ilin 27 sentyabrında
düşmənin genişmiqyaslı
hücumunun qarşısını
almaq və hücuma keçmək barədə ordumuza əmr veriləndə hamı bir nəfər
kimi Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşdi. Ali Baş Komandanın möhkəm iradəsi və əzmi, xalqımızın və
ordumuzun qələbə
həsrəti Vətən
müharibəsini cəmi
44 günə yekunlaşdırdı.
Cəbrayıl, Füzuli,
Qubadlı, Zəngilan
rayonları və Şuşa şəhəri,
habelə keçmiş
Dağlıq Qarabağ
Muxtar Vilayətinə
aid olan bir çox kənd və qəsəbə düşməndən
azad olundu. Düşmən öz qüvvəsinin tükəndiyini
və müqavimət
göstərməyin böyük
itkilər verəcəyini
görərək təslim
olduğunu bildirdi və Ağdam, Kəlbəcər və Laçın rayonlarını
könüllü tərk
etdi. Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının rəhbərləri 2020-ci il
noyabrın 9-dan 10-na keçən
gecə müharibənin
dayandırılması barədə
bəyanat imzaladılar.
Bundan sonra işğaldan azad olunmuş ərazilərdə
möhtəşəm quruculuq
və bərpa işləri başladı.
Böyük qayıdış
üçün keçən
3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda
yüz kilometrlərlə
asfalt yollar çəkilib, yaşayış
evləri, inzibati binalar, sosial və digər obyektlər tikilib, infrastruktur yaradılıb
və s. Artıq Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında həyatın müasir tələblərə uyğun
yeni dövrü başlayır.
Bununla belə,
Ermənistan və Qarabağ separatçıları
bəyanatın tələblərini
yerinə yetirmir və ordumuza qarşı təxribatlar törədirdilər. Bunun
qarşısını almaq
və Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini tam təmin etmək üçün bu il sentyabrın
19-da Ali Baş Komandan İlham Əliyevin əmri ilə separatçılara
və Ermənistan ordusunun qanunsuz birləşməsinə qarşı
lokal xarakterli antiterror tədbirlərinə
başlandı və
24 saatdan da az bir vaxtda
düşmən ağ
bayraq qaldıraraq təslim oldu. Hazırda Qarabağın bütün şəhər
və kəndlərində
Azərbaycan bayrağı
dalğalanır.
İlham Əliyevin
Azərbaycan Respublikasının
Prezidenti və Ali Baş Komandan
kimi 20 illik fəaliyyəti ölkəmizin
qüdrətli bir dövlət kimi formalaşması, 30 illik işğala son qoyularaq respublikamızın
ərazi bütövlüyünün
və suverenliyinin bərpa olunması ilə tarixə düşüb. Bu müddət ərzində
Azərbaycan dünya dövlətləri sırasında
özünə layiq yer tutaraq dünya
sivilizasiyasına töhfə
verən, humanist və multikultural bir dövlət nüfuzu qazanıb. İlham Əliyevin adı isə dünya liderləri arasında sözünün
sahibi olan, adı Azərbaycan tarixinə Müzəffər
Ali Baş Komandan, Qalib və Xilaskar Sərkərdə kimi qızıl hərflərlə
yazılan bir şəxsiyyət kimi daxil olub. Biz
fəxr edirik və qürur hissi keçiririk ki, ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz sahibi kimi tanınan
İlham Əliyev başçılıq edir.
Həm də ona görə fəxr edir və qürur duyuruq ki, Prezidentimizin
bu illər ərzində qazandığı
möhtəşəm nailiyyətlərdə
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva kimi silahdaşı var. Son illər ölkəmizdə humanitar
məsələlərin həllinə
Mehriban xanımın verdiyi töhfələr danılmazdır və xalqımız tərəfindən
yüksək qiymətləndirilir.
Eldar İBRAHİMOV,
Milli Məclisin
İntizam komissiyasının
sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor
Azərbaycan.-2023.-
12 oktyabr, № 222.- S.6.