44 günlük Vətən
müharibəsindən əvvəl
savaş istəmirdim. Döyüşün qan qoxusunu oğullarımıza
yaxın buraxmamaq hissindən yaxa qurtara bilmirdim. Anayam, axı! Analar müharibə istəmirlər. Analar övlad itkisinə dözə bilmirlər. Oğul yolu gözləməkdən bağrı
çatlayan, ürəyi
dayanan analar olub. Oğlu II Dünya müharibəsindən
dönməyən 90-100 yaşlı ana var ki, hələ
də qulağı səsdə, gözü yoldadır.
Müharibə istəməməyimin
ikinci bir səbəbi də var idi. Bəzən
söz düşəndə,
yaxud müharibə
haqqında soruşanda
bir şübhəmi ortaya qoyurdum. Deyirdim ki, müharibə
başlasa, döyüşə
kasıb balaları gedəcək, varlı-imkanlı
ailələrin övladları
kənarda qalacaq, öz keflərində olacaqlar. Ölkədə çox adam belə düşünürdü.
(Varlı-kasıb balaları
arasında seçim
aparanlara indi də ara-sıra rast gəlmək olur). Amma indi
bunun səhv olduğunu etiraf edirəm. 44 günün savaşı göstərdi
ki, Vətən həm də imkanlı ailələrdə
böyüyən övladlar
üçün əziz,
doğma imiş. Savaş günlərində
bunu sübut edən xeyli fakt sadalaya bilərəm.
Vətən millətin
doğulduğu, doyduğu,
sığındığı və maddi-mənəvi varlığını davam
etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Evini qorumayandan, ailəsinə biganə qalandan nə ölkə vətəndaşı,
nə də "vətən daşı"
olar. Vətən müharibəsi sübut etdi ki, böyük-kiçikliyindən,
qadın-kişiliyindən asılı
olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu torpaq uğrunda can verməyə qadirdir və bunu özünə şərəf
sayır.
Vasif və Rasif Alıyev qardaşları Vətən
sevgisindən yoğrulan,
Azərbaycan adını,
torpaq andını uca tutan qardaşlardır.
Torpağı Vətən
edən bir millətin cəsur oğullarıdır. Vasif
və Rasif qardaşları bu millətin demək olar ki, "şah damarı" hesab edilən işğal altındakı Qarabağ torpaqlarının azadlığı
uğrunda 44 gün döyüşüblər. Düşmən
Qarabağı işğal
edəndə onlar körpə idilər. Hələ bu dünyada Qarabağ adında bir Vətən torpağının
mövcudluğundan xəbərləri
yox idi. Amma qanla keçən,
ana südü ilə içilən Vətən sevgisi, torpaq eşqi onları şərəfli,
məğrur, dönməz
və cəsur etdi.
Gün gəldi
ki, həmin şərəfin işığında
əllərində silah
düşmənə qarşı
döyüşdülər, müharibənin ən qaynar nöqtələrində
Vətəni qorudular.
Analarının göz
bəbəyi, atalarının
ləyaqət ölçüsü
olan bu Vətən
oğullarının böyük
ürəkləri, möhkəm,
əyilməz biləkləri var. Mübarizlik ruhu 44 gündə döyüşdən-döyüşə
atılan bu oğulların dəyanətinə,
cəsarətinə yol
açdı. Həmin
günlərdə döyüş
yolunun başlanğıcındakı
ilk addımı böyük qardaş atdı - Azərbaycan Ordusunun hərbçisi,
"N" saylı hərbi
hissənin giziri Vasif Alıyev.
Müharibənin birinci
günündən döyüşə
Füzulidən başlayan
Vasifin kiçik qardaşı Rasif dözmədi. Tovuz rayon hərbi komissarlığına onu
döyüşə göndərmələri
üçün müraciət
etdi. "Hələ sənə ehtiyac yoxdur, lazım olarsa çağırarıq"
deyən komissarlıq
nümayəndəsinə verdiyi
"qardaşım ordadı,
mən də istəyirəm döyüşüm,
onun yanında vuruşum" cavabını
verib durdu. Günlərlə komissarlığın
binasından aralanmadı,
necə deyərlər,
əməkdaşları sözün
yaxşı mənasında
"bezdirdi". Məqsədinə
çatmaq üçün
evlərinə də getmədi, komissarlığın
həyətində səhərləri
dirigözlü açdı
ki, qardaşını
tək qoymasın. Nəhayət, beş gündən sonra Rasiflə
birlikdə bir qrup könüllü gənc müharibəyə
yollandı. Qardaşlar
yan-yana, çiyin-çiyinə döyüşməsələr
də, bir-birinə yaxın olan məsafələrdən erməniyə
qan uddurdular.
Heç kim ailəsini seçmir. Hərə bir ailədə dünyaya göz açır və onun sonrakı
taleyi aldığı
tərbiyəyə, təhsilə,
ətrafına bağlıdır.
Vasif-Rasif qardaşlarının ailəsi
bu Vətənin, bu torpağın hər qarışını
sevən, canını,
qanını Vətənə
qurban verməyə hazır olan övladlar tərbiyə edib. Həmin günlərdə bütövlükdə
azərbaycanlı gənclər
müharibəyə getmək
üçün "yarışa"
durmuşdular. Hərbi
komissarlıqların qarşısında
Rasif kimi gecələyən oğlanlar
çox idi. Hər kəs düşməni diz çökdürməyin həzzini
yaşamaq istəyirdi.
Rasif hələ
Tovuz döyüşləri
zamanı çox həyəcanlı, evə-eşiyə sığmayan
düşüncələrlə gününü başa vururdu, döyüşə
can atırdı. Məhz o günlərdə
ürəyi ilə gözünün arasındakı
məsafədə yuva
quran Vətən sevgisi daha da
böyüdü. Düşmənə
nifrət hissi alovlandı. Vasifin də
xidmət etdiyi hərbi hissədə ürəyi Tovuzda oldu, 4 gün davam edən döyüşün həyəcanını
uzaqdan-uzağa
damarları ilə
axan qanında, canında hiss etdi. General Polad Həşimovun şəhid olmasından sonra hər iki qardaş möhkəm-möhkəm Vətən
sevgisinə bürünüb
qisas gününü
gözləməyə başladılar.
Rasiflə Vasifin
valideynləri bilirdilər
ki, bir gün
müharibə başlayacaq,
bu xalq ayağa
qalxıb torpaqlarını
geri alacaq, qoyub gəldiyi yuvalarına dönəcək.
Bilirdilər ki, savaş başlayan kimi oğlanları durmayacaq, birbaşa döyüşə yollanıb
Qarabağ torpağını
düşməndən təmizləyəcəklər. Doğulduqları kənd
Qarabağdan yüzlərlə
kilometr aralıda olsa da, ürəklərində
Qarabağ sevdası gəzdirən qardaşlar
həyatın ən ağır sınağı
olan Vətən müharibəsindən alnıaçıq,
başıdik çıxdılar.
Vasif motoatıcı
diviziyanın tərkibində
döyüşürdü, Rasif isə tankçı kimi düşməni diz çökdürürdü.
Qardaşlar Füzuli,
Cəbrayıl, Hadrut,
Xocavənd, Şuşa
rayonlarının düşməndən
azad olunmasında şücaət göstəriblər.
Qarabağdakı döyüş
ab-havasını birlikdə
udub, birlikdə nəfəs alan bu igid qardaşlar
aldıqları orden-medeallarla
fəxr edir, qürur duyurlar. Baxmayaraq ki, hər ikisinin evi, ailəsi ayrı-ayrı yerlərdədi,
amma "Füzulinin azad olunmasına görə",
"Qubadlının azad
olunmasına görə",
"Şuşanın azad
olunmasına görə",
"Vətən uğrunda", "Vətən
müharibəsi iştirakçısı"
medeallarını bir yerdə eyni qutuda saxlayırlar. Sanki demək istəyirlər ki, yenə də birlikdə vətən keşiyində dayanıblar.
Müharibə imkanlı,
imkansız tanımır.
Avtomat gülləsi, top mərmisi, əl bombası, ən müasir silahlar prokuror oğlunu, ya da fəhlə, əkinçi oğlunu seçmir. Savaşdan sağ çıxmaq Allahın
lütfüdü. Şəhid,
ya da qazi
olmaq isə bir başqa duyğudu. Çox şükür ki, Alıyev qardaşları savaşda ağır yaralanmadılar, od
püskürən texnika,
ən müasir silah onlardan yan keçdi.
Yüngül yara ilə "kifayətlənən" Rasif xəsarət aldı. Qürur hissi, fəxr duyğusu ilə "yüklənərək" qalib
ordunun qalib əsgəri kimi evə döndü, yolunu gözləyən ailəsinin həsrətinə
son qoydu.
Zəfərdən sonra
Vasif xidmət etdiyi hərbi hissəyə dönmədi,
"N" saylı hərbi
hissəsinin tərkibində
7 ay Qarabağ torpaqlarında xidmət etdi. Hazırda 22 ildi xidmət etdiyi hərbi hissədə vətənə
qulluğunu
davam etdirir. Rasif isə hələ də "döyüşür".
Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində
əmək sərf edir, özü də sevə-sevə çalışır. 44 günlük
savaşın qəhrəmanı
indi də bərpa-quruculuq "müharibəsində"
qəhrəmanlıq göstərir...
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-
2023.- 12 oktyabr, ¹ 222.- S.11.