AMİP ötən
20 ili uğurlu inkişaf yolu kimi səciyyələndirir:
“İlham Əliyevin Ali Baş Komandanlığı
ilə başımızı
dik tutmağa layiq olduğumuzu isbatladıq”
Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin
20 ili tamam olur. Bu dövr
ərzində ölkəmiz
böyük inkişaf
yolu keçmiş, dayanıqlı iqtisadi göstəriciləri özündə
əks etdirən uğurlu nəticələrə
yiyələnmişdir.
Azərbaycan Respublikası
olaraq iqtisadi, siyasi və hərbi cəhətdən
regionun aparıcı dövlətinə çevrilməklə
yanaşı, həm də dünya çapında ciddi uğurlara imza atılmışdır. İqtisadi
uğurları və nailiyyətləri ilə diqqət mərkəzində
olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən respublikamıza
qoyulan sərmayələrin
həcmi xeyli dərəcədə artmışdır.
Azərbaycanın son
illərdə iştirakçısı
olduğu qlobal layihələr Avropanın
enerji xəritəsini
dəyişib. Bu gün regionda reallaşdırılan bütün
beynəlxalq və irimiqyaslı layihələr
Azərbaycanın iştirakı
ilə, həmçinin
milli maraqlarımız nəzərə
alınmaqla həyata keçirilir. Neft-qaz sahəsində əldə
edilən uğurlar sayəsində Trans-Anadolu
və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start
verilmiş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynamaqla yanaşı, "Cənub
qaz dəhlizi" layihəsinin aparıcı
qüvvəsi kimi də çıxış
etmişdir. Ötən
dövrdə Asiyanı
Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars
dəmir yolu kimi nəhəng layihələrin icrasına
da nail olunub.
Azərbaycan bu gün həm də bütün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı
və uğurlu icraçısı, etibarlı
tərəfdaş kimi
tanınır. Azərbaycan
siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik
beynəlxalq nəqliyyat
dəhlizlərində fəal
iştirak etməklə
bütövlükdə Avrasiya
məkanında mühüm
tranzit və logistika mərkəzlərindən
birinə çevrilib.
Bütün bunlarla
və əldə olunan digər uğurlarla yanaşı, bir məsələni xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Prezidentinin bu dövr ərzində gördüyü işlərin
zirvəsində ərazi
bütövlüyümüzün bərpası və 30 ilə yaxın müddət ərzində
işğal altında
qalan torpaqlarımızın
azad olunması dayanır. 44 gün davam edən İkinci Qarabağ savaşında əldə
edilən möhtəşəm
qələbə sayəsində
Azərbaycan qalib ölkəyə, xalqımız
isə qalib xalqa çevrildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı
ilə, ən azından son iki əsrdə ilk dəfə olaraq, işğal altındakı ərazilərimizi
geri qaytara bildik, bununla da zədələnmiş
milli qürurumuzu bərpa etdik, başımızı dik tutmağa layiq olduğumuzu isbatladıq.
İkinci Qarabağ
savaşından sonrakı
üç il ərzində də dayanmadan hədəfə doğru yürüdük.
Addım-addım irəliləməklə
bir sıra strateji yüksəklikləri
və yolları nəzarətə götürdük.
Bu il aprelin
23-də Laçın yolu
üzərində nəzarət-buraxılış
məntəqəsini təsis
etməklə ərazi
bütövlüyümüzü bərpa etdik. 1991-ci ildən sonra ilk dəfə olaraq, bütün sərhədlərimiz boyunca
nəzarəti ələ
aldıq. 19-20 sentyabrda
həyata keçirdiyimiz
23 saatlıq antiterror tədbirləri sayəsində
isə tam olaraq ərazilərimizdə
suveren hüquqlarımızı
təsbit etdik. Nəticə etibarilə bu davamlı zəfərlərimiz sayəsində
regionda Azərbaycanın
liderliyi ilə tam yeni reallıqların
yarandığını deyə
bilərik. Bütün
bu uğurlar isə sözsüz ki, Müzəffər Sərkərdə, Prezident
İlham Əliyevin sayəsində xalqımıza
nəsib olur.
Arzuxan ƏLİZADƏ,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri
Azərbaycan.-2023.-
15 oktyabr, № 225.- S.16.