Tarixin inkarolunmaz
dərsləri və həqiqətləri var:
"Dünya insanı
yox, insan dünyanı dəyişdirir".
Qurub-yaradan, şəhər
və kəndləri gülüstana çevirən,
arzuları çiçəkləndirən,
əməlləri, amalları
ilə hörmət qazanan, ucalan da, müharibələr, qırğınlar törədən,
ölkələri xaraba
qoyan, vəhşi, zalım xisləti ilə bəşər övladına bəlalar gətirən, qan töküb ev yıxmaqdan həzz alan və sonda
nifrət qazanan da insandır.
Ulu Öndərimiz
Heydər Əliyev bildirirdi ki, "Həyatda şərəflə
şərəfsizliyi, şəxsi
rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər
kəs özü seçir". Ümummilli
Liderimizin fikirlərinə
istinad edərək deyə bilirik ki, dünyanın xoşbəxtliyi, gələcəyi,
firavanlığı, əlbəttə,
insanın özündən
asılıdır.
Heydər Əliyevin
söylədikləri, həyata
keçirdikləri qəlbdən
gəlirdi və həyat amalı idi. Qurmağı, yaratmağı, insanlara səadət bəxş etməyi, vətənini, xalqını, xoşbəxt
görməyi ömrünün
mənası hesab edən bu dahi
şəxsiyyət son
nəfəsinə kimi
bəşəri duyğularla,
nəcib məqsədlərlə
yaşadı və xalqının qəlbində
əbədi bir heykəl kimi ucaldı.
Azərbaycan tarixinə
qurucu, yaradıcı,
islahatçı, xilaskar,
qəhrəman kimi imza atan və
əbədiləşən Ulu Öndərin xalq, vətən, insan qarşısında xidmətləri şərəfli
ömrə, ictimai borca, vicdanlı əməllərə münasibətindən
qaynaqlanırdı və
həm xalqın, həm də öz ömrünü, həyatını mənalandırırdı.
Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün illərdə vətənin,
xalqın inkişafı,
rifahı üçün
yaşadı, yaratdı.
Geridə qalan bir respublikanı ittifaqın ən qabaqcıl regionları sırasına çıxaranda,
ölkəni vətəndaş
müharibəsindən, qardaş
qanı tökülməsindən
qurtaranda, tarixdə misli olmayan neft
kontraktına, böyük
layihələrə imza
atanda, beynəlxalq tribunalardan ölkəmizin
haqq səsini dünyaya yayıb erməni təcavüzkarlarını
ifşa edəndə,
məhz dövlətimizin
suverenliyini, torpaqlarımızın
azadlığını, xalqımızın
xoşbəxtliyini və
gələcək inkişafını
düşünürdü.
Heydər Əliyev
Azərbaycanın ictimai-siyasi,
iqtisadi, mədəni həyatında tarixi dönüş yaradan, bu günümüz, inkişafımız üçün
bünövrə qoyan
və yüksəlişimizə
nail olmağın yollarını öz ideyaları ilə əsaslandırıb təqdim
edən bir rəhbər idi. O, həm də dünya azərbaycanlılarının
birliyini, həmrəyliyini
xoşbəxt gələcəyimizin
uğuru kimi dəyərləndirən və
bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirən əsl azərbaycanlı, sədaqətli,
vətənpərvər vətəndaş
idi.
İlham Əliyev
kimi uzaqgörən, cəsarətli, milli xüsusiyyətlərə, bəşəri
dəyərlərə sahib
olan bir oğul, övlad tərbiyə etməsi və layiqli vətəndaş kimi formalaşdırması Azərbaycan
xalqının, torpaqlarımızın
xilaskarı kimi yetişdirməsi Heydər
Əliyevin ən böyük xidmətlərindən
biridir. O, özü kimi inandığı və gələcəyinə
böyük ümidlər
bəslədiyi bir oğulu Azərbaycana, xalqa bəxş etdi və İlham
Əliyevin böyük
siyasətinin, qalib gələn əməllərinin
bəhrəsində özünün
müdrikliyini, ölməzliyini
bir daha sübuta yetirdi.
Cənab İlham
Əliyev atasının
- Ulu Öndərimizin
ümidlərini şərəflə
doğrultdu, inamını
həqiqətə çevirdi,
arzularını çiçəkləndirdi,
vəsiyyətlərini ölməz
amala çevirib həyata keçirdi. O, xalqına Prezident, ordusuna Ali Baş
Komandan, torpağına,
vətəninə vətəndaş
kimi şöhrət bəxş etdi, qürur gətirdi.
Cənab İlham
Əliyevin rəhbərliyi
ilə xalqımız
son 20 ildə Azərbaycanın heç
vaxt unudulmayan qəhrəmanlıq və
inkişaf tarixini yazdı. Hər biri əsrə bərabər olan bu illərin mayası xalqa, vətənə, torpağa
məhəbbət, bəşər
övladına, insanlığa,
milli-mənəvi dəyərlərə
hörmət, bəşəri
ideyalara sədaqətlə
yoğrulduğu üçün
həm qələbələrimizin
memarının - cənab
İlham Əliyevin, həm də ona dəstək verənlərin, rəğbət
bəsləyənlərin, etimad göstərənlərin
- xalqımızın başını
ucaltdı, adını
şöhrətləndirdi, uğurlarını möhkəmləndirdi.
Son 20 il Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni
həyatında inkişaf
dövrü kimi xarakterikdir. 2023-cü ildə
1 milyard 220,9 milyon büdcə gəlirləri
olan ölkəmiz indi 40 milyard manata yaxın büdcə gəlirinə
malikdir. 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib olan dövlətimizin valyuta ehtiyatları 37 dəfə artmış,
67 milyard ABŞ dolları
səviyyəsinə çatmışdır.
Bu illər ərzində orta aylıq əməkhaqqı
77,4 manatdan 900 manata yüksəlmiş, əməkhaqları,
pensiyalar, sosial müavinət və təqaüdlər üzrə
ödənişlər dəfələrlə
artmışdır. "Bizim
siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı,
onun qayğıları,
rifahı sağlamlığı
və təhlükəsizliyi
dayanır" fikirlərini
əməli fəaliyyətə,
işə çevirən
cənab İlham Əliyev bir an belə, xalqının
qayğılarını unutmamış
və bunu ölkənin, regionların
sosial - iqtisadi inkişafı, qlobal enerji təhlükəsizliyinin
təmin edilməsi, beynəlxalq əhəmiyyətli
neft-qaz kəmərlərinin
çəkilməsi, mühüm
nəqliyyat infrastrukturunun
yaradılması ilə
sübut etmişdir.
Ötən 20 ildə
3 min 200-dən çox
məktəb binasının,
750-dən çox tibb
müəssisəsinin tikilməsi
və əsaslı təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif
idman qurğularının
inşası, 21 min kilometrə yaxın yolun çəkilməsi,
körpülərin salınması,
2 milyondan artıq yeni iş yerlərinin
yaradılması, yoxsulluğun
səviyyəsinin 5 faizə
düşməsi insanlara
göstərilən qayğının,
sosial siyasətin uğurlarıdır. Şəhid
ailələrinə, müharibə
ilə əlaqədar
əlilliyi olan şəxslərə 14 mindən
çox mənzilin və evin verilməsi
bu qayğının bir nümunəsidir. Bu nümunələr saysız- hesabsızdır. Azərbaycanın
beynəlxalq aləmdə
böyük nüfuz qazanması, haqq-ədalət
mübarizəsinin dəstəklənməsi,
BMT Təhlükəsizlik Şurasında,
Qoşulmama Hərəkatında,
İslam Əməkdaşlıq
Təşkilatında, Türk
Dövlətləri Təşkilatında,
İqtisadi Əməkdaşlıq
Təşkilatında dövlətimizin
nüfuz və etimada malik olması,
ölkəmizin çox
mühüm beynəlxalq
tədbirlərə evsahibliyi
etməsi dövlətimizin
rəhbərinə bəslənən
hörmət və etimadın ifadəsidir. Cənab İlham Əliyev öz əməlləri və amalları ilə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin xoşbəxtliyi,
gələcəyi, insanların
rifahı üçün
mübarizə apardığını
sübut etmiş və dünya xalqları tərəfindən
bir humanist, vətənpərvər, uzaqgörən
siyasətçi, dövlət
rəhbəri kimi qəbul edilmişdir.
Dövlət rəhbərimizin
vətən, xalq, tarix qarşısında ən böyük xidməti isə Azərbaycanın suverenliyinin
təmin olunması, ərazilərimizin azğın
düşməndən təmizlənməsi,
Qarabağda separatizmin
kökünün kəsilməsi,
şəhidlərimizin ruhunun
sevindirilməsidir. 44 günlük
müharibədə qazanılan
qələbə və
24 saatlıq antiterror tədbirlərində erməni
təcavüzkarlarının məhvi İlham Əliyev siyasətinin, qətiyyətinin, hərbi
bacarığının, vətəndaşlıq
qayəsinin elə yüksək zirvəsidir ki, o zirvədən Azərbaycan hər an müstəqil, azad və qalib
görünür. Cənab İlham Əliyevin fəaliyyəti sayəsində
ölkədə yaradılan
ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi,
siyasi partiyalara və vətəndaş cəmiyyətinə göstərilən
qayğı və diqqət uğurlarımızın
əsasıdır. Milli
təhlükəsizliyimizin təmin olunmasında da bu amillər
başlıca rol oynamışdır. Cənab
İlham Əliyev milli təhlükəsizlik
sistemini yeni dövrün tələbləri
əsasında qurmağı,
təkmilləşdirməyi və ölkəmizə qarşı yönələn qəsdlərin,
çağırışların qarşısını vaxtında
almağı bacardı.
Əlbəttə, bütün
bunlar ölkə iqtisadiyyatının sürətli
inkişafına, ordu quruculuğuna, insanların
rifahının yaxşılaşdırılmasına,
çox mühüm beynəlxalq əhəmiyyətli
layihələrin, dövlət
proqramlarının həyata
keçirilməsinə zəmin
yaratdı. 2020-ci ilin
10 noyabrında Ermənistanın
təslimçilik aktına
imza atması və bu ilin
19 sentyabrında keçirilən
antiterror tədbirləri
Azərbaycan Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasətinin, cəsarətinin,
ordumuzun gücünün,
məharətinin, xalqımızın
birliyinin nümayişi
olmaqla bərabər, həm də iqtisadiyyatımızın davamlılığının və ictimai - siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi
idi.
Bu gün işğaldan azad olunan ərazilərdə infrastrukturun yaradılması,
yeni yaşayış
binalarının, məktəblərin,
xəstəxanaların, uşaq
bağçalarının tikintisi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi,
elektrik stansiyalarının
quraşdırılması, "ağıllı kənd",
"ağıllı şəhər"
layihələrinin həyata
keçirilməsi və
həmin tədbirlərə
7 milyarddan çox vəsaitin ayrılması
göstərir ki, Azərbaycan Prezidentinin hazırladığı və
istiqamətləndirdiyi strateji-iqtisadi
xətt önəmlidir
və davamlıdır.
İqtisadiyyatı güclü
olmayan dövlətin müharibədə qalibiyyəti,
ictimai həyatda uğurları, beynəlxalq
aləmdə söz sahibi olması mümkünsüzdür. Cənab
İlham Əliyev 20 illik fəaliyyəti dövründə məhz
Azərbaycan iqtisadiyyatını
inkişaf etdirməklə,
çox mühüm qaz-neft, nəqliyyat layihələrinə imza atıb, onu iqtisadi yüksəlişə
yönəltməklə tarixi
uğurlara nail oldu.
Prezidentimiz özü
bu barədə deyir: "Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə
etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf
edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə
bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir".
Prezident sosial-iqtisadi,
mədəni tədbirləri
həyata keçirəndə,
milli-mənəvi, əxlaqi
dəyərləri önə
çəkəndə, humanist
gedişlərini planlaşdıranda
hörmətli Mehriban
xanım Əliyeva ilə birlikdədi, həmrəydir.
Cənab İlham
Əliyevin uğurlarında,
qələbələrində ictimai-siyasi xadim, humanist və vətənpərvər insan,
həm də mehriban ana, sədaqətli
həyat yoldaşı
kimi Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. O, Azərbaycan qadınının
həqiqət, ədalət,
dəyanət, xeyirxahlıq
simvolu, milli dəyərlər təbliğinin
fədaisi olmaqla bərabər, öz çoxsahəli, səmərəli
fəaliyyəti ilə
dünyaya nümunə
olan bir siyasətçi, dövlət
xadimidir. Mehriban xanımın baxışlarındakı
mərhəmət, qayğı,
vətənpərvərlik insanlarda ona rəğbət yaradır. O, haqsızlığa,
ədalətsizliyə qarşıdır.
Mehriban xanım xalqına, torpağına
məhəbbətindən güc
alır və ali məqsədlərə
xidmət edir.
Tarixin dərsləri
və həqiqətləri
onu dərk edənlər, öyrənənlər,
qiymətləndirənlər, həm də gələcək nəsillər
üçün çox
vacibdir. Ulu Öndərimizin xatırlatdığı
kimi, "tarix həmişə hər şeyi öz yerinə qoyur". Bəli, bu gün
tarix təkrar olunur. Ümummilli Liderimiz tərəfindən
əsası qoyulan Azərbaycan iqtisadiyyatı,
mədəniyyəti, ordu
quruculuğu, sosial həyat cənab İlham Əliyevin təşkilatçılığı və rəhbərliyi sayəsində yenidən qurulur, inkişaf etdirilir. Azərbaycan dünyaya inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm rol oynayır və sürətli inkişafı,
humanist, sülhsevər
çağırışları, tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə
sadiqliyi ilə bəşəriyyətin
rəğbətini qazanır. Erməni təcavüzkarları üzərində
tarixi qələbə,
ermənipərəst dövlətlərə
qarşı cəsarətli
mövqe, beynəlxalq
normalara, dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə
hörmət, Cənubi
Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin
təmin olunmasına göstərilən cəhdlər,
haqqın, ədalətin,
demokratiyanın, insan azadlığının qorunması
üçün göstərilən
səylər cənab
İlham Əliyevə
dünya siyasətçiləri,
dövlət rəhbərləri
arasında böyük
rəğbət qazandırmış,
ona olan inamı və etimadı qat - qat artırmışdır.
20 il dövlətə
və xalqa sədaqətlə xidmət
etmək, insanların
böyük hörmətini
qazanmaq, dünyanın
sülhsevər vətəndaşlarının
sevimlisinə çevrilmək
rəhbər üçün
böyük şərəf
və dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti
və dəyəri öz fəaliyyəti, xalqına və insanlara xidməti ilə qazanmışdır.
20 illik bir yolun başlanğıcı
çox çətin
olsa da, dayanacağı uğurlu,
keçiləcək məsafələri
işıqlı və
inamlıdır. Cənab
İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O, bu yolda həmişə
xalqı ilə, dünyanın dəyərli
insanları ilə bir olub, Vətəninin
mənafeyini qoruyub, xalqına sədaqətlə
xidmət etməkdən,
torpaqlarını qorumaqdan,
Azərbaycanı ucaltmaqdan
və şöhrətləndirməkdən
şərəf duyub,
yeni uğurlara, zəfərlərə yollar
açıb.
Cənab İlham
Əliyevin əməllərinin,
amallarının şahidi
zaman və insan, adını, şöhrətini əbədiləşdirən,
unudulmaz edənsə tarixdir. Tarix Prezidentimizin adını öz səhifəsinə
silinməz hərflərlə
yazıb və zaman bundan sonra
da onun yeni
uğurlarının şahidi
olacaqdır.
Tahir RZAYEV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.7.