2003-cü il oktyabrın
15-də Azərbaycan xalqı
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
İlham Əliyevi Prezident seçməklə
sülhün, əmin-amanlığın,
tərəqqinin, inkişafın,
quruculuğun və sabitliyin tərəfində
olduğunu nümayiş
etdirdi və ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Bununla da ölkəmizin inkişafında
yeni bir mərhələ başlandı.
Prezident İlham
Əliyevin ali dövlət vəzifəsində
ilk günlərdən
başlayaraq nümayiş
etdirdiyi yüksək idarəçilik məharəti,
qətiyyətli və
milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz
müsbət nəticələrini
verdi. Zəmanəmizin
dühasından "Ona
özüm qədər
inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm",
- qiymətini alan dövlət başçısı
İlham Əliyev Azərbaycanın bugünkü
və gələcək
inkişafının təminatçısıdır.
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
son 20 il ərzində özünün
milli dövlət quruculuğu və idarəçiliyinin növbəti
şərəfli mərhələsini
yaşayır.
Beynəlxalq siyasətçilər,
ekspertlər tərəfindən
də təsdiqlənir
ki, Azərbaycanda həyata keçirilən
siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının
müəyyənləşdirilməsinə
geniş imkanlar açır. Ölkəmizin
evsahibliyi etdiyi beynəlxalq səviyyəli
tədbirlər ayrı-ayrı
sahələrdə mövcud
imkanların, həmçinin
təcrübənin təqdimatında
əhəmiyyətli rol
oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik
ki, güclü, qüdrətli Azərbaycan
harada yaşamasından
asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qürur
mənbəyidir.
Prezident İlham
Əliyevin hakimiyyətinin
20 ilinin zirvəsində
işğal altındakı
torpaqlarımızın azad
olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən
müharibəsi dayanır.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazanılmış
Qarabağ Zəfəri
xalqımızın qəhrəmanlıq
tarixinə qızıl
hərflərlə yazıldı.
Azərbaycan qalib ölkəyə, xalqımız
qalib xalqa çevrildi. Bu Qələbə sayəsində
regionda yeni reallıqlar yarandı. Tarixə diqqət yetirsək görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması,
Silahlı Qüvvələrin
maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində ardıcıl
tədbirlər görülüb.
Bunun nəticəsidir
ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Məhz, bu ordu
öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi
ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın
hərbi təcavüzünə
cavab olaraq Vətən müharibəsini
başladı və dünyanı heyrətə
salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə
işğal altında
qalan torpaqlarımız
44 gün ərzində
azad olundu. Qarabağın tacı, döyünən ürəyi
olan Şuşanın
fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan
kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik
Şurasının 27 il
kağız üzərində
qalmış qətnamələrini
Azərbaycan özü
icra etdi.
Döyüşlər, sadəcə, səngərdə
və diplomatik masada deyil, informasiya
məkanında da qızğın xarakter aldı. İnformasiya məkanında da ən ali vəzifəni
öz üzərinə
götürən cənab
Prezident 26 xarici
KİV-ə müsahibələr verdi, Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi,
səbəbləri, Azərbaycanın
mövqeyini əsaslandıran
hüquqi, siyasi, mənəvi və digər amilləri dünyaya bəyan etdi, ölkəmizin haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və
sual doğuran məsələlərə aydınlıq
gətirərək, reallıqları
bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Bütün cinahlarda gedən döyüşlərə
şəxsən rəhbərlik
edən cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə
müdafiə edərək
tarixi qələbəyə
imza atdı.
Əgər üç
il bundan əvvəl İkinci Qarabağ müharibəsi
nəticəsində biz
işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində
Azərbaycan-Ermənistan sərhədində
nəzarət-buraxılış məntəqəsini qoymaqla
ərazi bütövlüyümüzü
tam bərpa etmişdiksə, sentyabrın
19-da isə suverenliyimizi
tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin
silahı yerə qoyması, döyüş
mövqelərindən və
hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
Azərbaycan ərazilərini
tərk etməsi, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın
növbəti Qələbəsinin
təntənəsidir. Müzəffər
Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı sübut etdilər ki, şəhidlərimizin
qisası alındı.
Ərazi bütövlüyümüzün
bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün Azərbaycan,
məhz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Prezident İlham
Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə
yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə
sürətli inkişafına
nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi,
iqtisadi imkanları genişləndirilib, ölkəmizin
beynəlxalq arenadakı
mövqeləri möhkəmləndirilib.
Bu gün regionda reallaşdırılan
bütün beynəlxalq,
irimiqyaslı layihələr
Azərbaycanın iştirakı
və milli maraqlarının nəzərə
alınması ilə
həyata keçirilir.
Neft-qaz sahəsində
qazandığı uğurları
davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start
verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin
aparıcı qüvvəsi
kimi çıxış
etdi. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq"
və "Günəşli"
yataqlarının birgə
işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışı
kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin
icrasına nail olundu.
Bu gün Azərbaycan dünyanı
həm də azad edilmiş ərazilərdə sürətli
bərpa və yenidənqurma işlərilə
heyrətləndirir. Yeni
yollar çəkilir,
elektrik stansiyaları tikilir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı
strateji infrastruktur obyektlərinin açılışını
edir, yenilərinin təməlini qoyur.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərin ölkəmizin
iqtisadiyyatına reinteqrasiyası
məqsədilə 7 iyul
2021-ci il tarixdə imzaladığı fərmanla
Azərbaycan Respublikasında
iqtisadi rayonların yeni bölgüsü müəyyən edildi və bununla da regionun yeni
iqtisadi və siyasi reallığı rəsmiləşdirildi. Fərmana
əsasən, ölkəmizdə
yaradılmış 14 yeni
iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı
təmin edir. Ölkəmizin şəhər
və rayonlarının
davamlı və tarazlı inkişafının
təmin olunması məqsədilə qəbul
edilmiş regionların
sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının uğurlu
icrası nəticəsində
şəhər, qəsəbə
və kəndlərimizin
siması köklü
şəkildə dəyişmiş,
regionların iqtisadi potensialı artmış,
infrastruktur təminatı,
əhaliyə göstərilən
dövlət xidmətlərinin
keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış,
əhalinin rifah halı yüksəlmişdir.
Kamran BAYRAMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
15 oktyabr, № 225.- S.12.