İlham
Əliyevin liderliyi ilə Azərbaycan tarixinin şərəfli dövrünü yaşayır
Müstəqil Azərbaycan
hazırda beynəlxalq
münasibətlər sistemində
yüksək nüfuza
sahib olan dövlətdir. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə
çevrilib. 20 il öncə -15 oktyabr 2003-cü
ildə keçirilən
prezident seçkilərində
xalqımızın düzgün
seçim edərək,
Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək
cənab İlham Əliyevə səs verməsi möhtəşəm
nailiyyətlərimizin əsasını
təşkil etdi.
Bu gün bölgəmizdə reallaşdırılan
bütün beynəlxalq,
irimiqyaslı layihələr
Azərbaycanın iştirakı
və milli maraqlarının nəzərə
alınması ilə
həyata keçirilir.
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən,
siyasi sistemin xüsusiyyətindən asılı
olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında
və inkişafında
həlledici rola malikdir. Lider, həmçinin mənəvi
birliyi təmin edən, cəmiyyətdə
müəyyən əhvali-ruhiyyənin,
ideya və dəyərlər sisteminin
formalaşmasına təsir
göstərən mühüm
qüvvədir. Məhz
cənab İlham Əliyevin bu keyfiyyətləri sayəsində
ölkəmizdə siyasi
sabitlik təmin olunub və gələcək inkişaf
üçün zəmin
yaradılıb.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən çoxvektorlu
xarici siyasət nəticəsində Azərbaycan
regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə
beynəlxalq münasibətlər
sistemində müstəqil
xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.
Regional təşəbbüslər
Azərbaycanın möhkəmlənməsinə,
bölgədəki əməkdaşlığın
dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin
həllinə həssas
və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı.
Azərbaycan Prezidentinin
yürütdüyü uğurlu
xarici siyasət nəticəsində ölkəmiz
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçildi. Dünyada beynəlxalq təşkilatlar
Ermənistanı işğalçı
dövlət kimi tanıdı. Azərbaycanın
155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməsi,
həmçinin 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına
2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın
beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərdi.
Bundan əlavə,
neft-qaz sahəsində
qazandığı uğurları
davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start
verdi. Bu layihələr artıq reallığa çevrilib.
Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı
qüvvəsi kimi çıxış etməyə
başladı. Xəzərin
Azərbaycan sektorunda
"Azəri", "Çıraq"
və "Günəşli"
yataqlarının birgə
işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışı
kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin
icrasına nail olundu.
Ümummilli Lider
Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan
dövləti Prezident
İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət
olunan şərəfli
bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə
Azərbaycan daha da qüdrətlənəcək,
dünyada nüfuzunu artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu
uğurlu yoldan döndərə bilməyəcək.
44 günlük Vətən
müharibəsində qazanılan
şanlı Zəfər
isə Müzəffər
Ali Baş Komandan, Prezident İlham
Əliyevin liderliyinin təntənəsi oldu. Bu möhtəşəm Zəfər nəticəsində
torpaqlarımız Ermənistanın
işğalından azad
olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə
son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin
sülh yolu ilə həllinə nail olmaq üçün
səylər göstərsə
də, Ermənistanın
ötən müddət
ərzində işğalçılıq
siyasətindən əl
çəkməməsi, son
illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq
şəkildə dilə
gətirmələri, tez-tez
təhrikedici açıqlamalar
vermələri, 2019-cu ildə
baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır
və nöqtə"
ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar
prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır.
Ermənistanın qeyri-konstruktiv,
təxribatçı mövqeyi
onun kapitulyasiyası ilə nəticələndi.
Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın
siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın
milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bu Zəfərin
əsas qəhrəmanı
Prezident İlham Əliyevdir. Dövlətimizin
başçısı Vətən
müharibəsi dövründə
bütün təzyiqlərə
mətanətlə sinə
gərərək, Azərbaycanın
haqlı mövqeyini qətiyyətlə müdafiə
etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi
həlli yoxdur. Lakin Prezident İlham Əliyev "Dəmir yumruq" əməliyyatı ilə
sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik
Şurasının münaqişə
ilə bağlı dörd qətnaməsini özü icra etdi. Ötən ay ordumuzun 23 saatlıq antiterror tədbiri nəticəsində
Qarabağda qondarma rejim özünü buraxdığını elan
etdi və bununla da dövlətimiz
öz suverenliyini tam təmin etdi.
Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın
beynəlxalq səviyyədə
mövqeləri güclənib
və bundan sonrakı mərhələdə
bu mövqe daha da möhkəmlənəcək.
Əminik ki, qarşıdakı dövrdə
də Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan
yeni-yeni zəfərlərə
imza atacaq.
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini
Azərbaycan.-2023.-
15 oktyabr, № 225.- S.12.