Ata vəsiyyətini yerinə yetirən,
arzuları reallaşdıran Ali Baş Komandan
Azərbaycanın qədim və şanlı tarixində
çox sayda dövlət başçıları və sərkərdələr
olub. Onların hər biri Azərbaycan xalqının
qarşısında xidmətlərinə görə tarixə
düşüb, daim xatırlanır. Azərbaycan tarixində
ən problemli məsələlərdən biri isə
Qarabağla bağlı olub. Bu problemlə dünyanın ən
nüfuzlu dövlətləri, təşkilatları,
kiçik dövlətlər belə maraqlanıb, hətta
Qarabağla bağlı fikir və mülahizələr
söyləyiblər.
Hələ XVIII əsrdə belə bir fikir var idi ki,
bu ərazilərdə erməni, xristian dövləti yaratmaq
olar. Amma II Yekaterinanın
ölümü çar Rusiyasının Qarabağla
bağlı arzu və istəklərini yarımçıq
qoydu və bu fikri müdafiə edən, uğrunda mübarizə
aparan ermənilər bu arzu və istəklərini
reallaşdıra bilmədilər. Ən nəhayət,
çarizmin Cənubi Azərbaycan torpaqlarını, o cümlədən
müstəqil Azərbaycan xanlıqlarını işğal
etməsi, Qarabağ xanlığı ilə Kürəkçay
müqaviləsi imzalaması, daha sonra Gülüstan və
Türkmənçay müqavilələrinin bağlanması
ilə Şimali Azərbaycan torpaqları çar
Rusiyasının əlinə keçdi. Bu, ermənilərə
imkan verdi ki, on minlərlə erməni həm Cənubi Azərbaycan,
həm də Osmanlı torpaqlarına
köçürülsün. Hətta
köçürmə komissiyasına rəhbərlik edən
general Lazarev mənşəcə erməni idi. O, ermənilərə
müraciətində deyirdi ki, sizin üçün təzə
vətən tapmışıq. Bu yeni vətən haradır?
Qarabağdır, Naxçıvandır, təbii ki, İrəvan
torpaqlarıdır. Qısa müddət ərzində yüz
minlərlə erməni Azərbaycan torpaqlarına
köçürüldü. Burada demoqrafik vəziyyət dəyişildi
və azərbaycanlı əhalinin torpaqları zorla əllərindən
alınıb ermənilərə verildi. Beləliklə, azərbaycanlıların
faciəli və dəhşətli tarixi başladı.
1918-20-ci illərdə mövcud olan Xalq Cümhuriyyəti də
Qarabağla bağlı mümkün olanları etdi.
Qarabağ general-qubernatorluğunu yaratdı və
buradakı-erməni separatçılarının
böyük hissəsini ərazidən uzaqlaşdırdı.
Amma bolşevik işğalı Qarabağla bağlı erməni
iddialarına birdəfəlik son qoyulmasına imkan vermədi.
Sovet dönəmi, əslində, Azərbaycan xalqı
üçün yeni faciələr yaratdı. Bu faciələrin
ən birincisi isə sovet
Rusiyasının bilavasitə rəhbərliyi ilə
1923-cü ildə Azərbaycanın Qarabağ torpaqlarında
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
oldu. Bu qara yara Azərbaycanı içəridən
dağıtmaq, həmişə narahat etmək
üçün ermənilərin, sovet Rusiyasının əlində
bir qılınc idi. Doğrudan da, 70
illik sovet dönəmində ermənilər imkan
düşən, şərait yaranan kimi Qarabağın Azərbaycandan
ayrılıb Ermənistana birləşdirilməsini dövlət,
Moskva səviyyəsində tələb edirdilər. Amma sovet
dövləti buna razılıq vermirdi, çünki bu,
SSRİ-ni dağıda, zəiflədə bilərdi və ona
görə də hər dəfə bu məsələ təxirə
salınırdı. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində
sovet dövlətinin zəifləməsi və süqutu ermənilərə
imkan verdi ki, onlar Qarabağı Azərbaycandan ayırıb
Ermənistana birləşdirməyə cəhd göstərsinlər.
Azərbaycan dövlət müstəqilliyini bərpa edən ərəfədə
erməni silahlı dəstələri, xaricdəki
havadarları sovet rəhbərliyinin bilavasitə xeyir-duası
ilə Azərbaycana qarşı müharibəyə
başladılar. Azərbaycan torpaqlarının 20 faizi
işğal olundu. Azərbaycanlı əhali həm Qərbi
Azərbaycanı, həm də Qarabağı və ətrafındakı
torpaqları belə tərk etməyə məcbur edildi. Bir milyon insan qaçqın və
köçkün həyatı yaşamağa başladı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə
gəlişi Azərbaycanda qardaş
qırğınını, vətəndaş müharibəsini
dayandırdı və müstəqil Azərbaycan
yavaş-yavaş çətinlikləri aradan qaldıraraq, ərazi
bütövlüyünü təmin etmək
üçün mümkün olanları etdi. Amma bizim
mübarizəmiz və müharibəmiz təkcə Ermənistanla
deyildi. Ermənistanı müdafiə edən qüvvələr
o qədər çox idi ki, hətta BMT Təhlükəsizlik
Şurasının ermənilərin torpaqlarımızı
işğalı ilə bağlı dörd qətnaməsi də
yerinə yetirilmirdi. ATƏT-in
Minsk qrupu da uzun illər ərzində, sadəcə, Azərbaycana
turist səfərləri edir, yalnız tövsiyələr, təkliflər
verirdi. Bu təkliflərin əksəriyyəti də Azərbaycanın
ərazi bütövlüyünün əleyhinə idi.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin
xeyir-duası ilə İlham Əliyev prezidentliyə namizəd
oldu və bütün xalq onu dəstəklədi. Hakimiyyətə
gələn İlham Əliyev Azərbaycan iqtisadiyyatı, təsərrüfatı,
xarici siyasəti, ümumiyyətlə, bütün sahələrdə
uğurlar qazandı və bunlarla bağlı kifayət qədər
əsərlər yazılıb.
Amma tarixçi olaraq bir məsələnin üzərində
xüsusi dayanmaq istəyirəm.
İlham Əliyev Azərbaycan dövlətçilik
tarixində zirvədir. Çünki XVII əsrdən sonra
Qarabağla bağlı erməni iddiaları, erməni
iddialarını reallaşdırmaq üçün 1980-ci illərin
sonu, 90-cı illərin əvvəllərində
Qarabağın Azərbaycandan ayrılması, azərbaycanlı
əhalinin öz evlərindən didərgin salınması,
Qarabağdakı Azərbaycan tarixi, dini abidələrinin məhv
edilməsindən sonra İlham Əliyev Azərbaycan dövlətçilik
tarixində ilk dəfə olaraq, 2020-ci ildə 44 günlük
müharibə ilə erməniləri darmadağın etdi və
Qarabağı düşməndən azad etdi. Düşmən
ilk dəfə Azərbaycanın gücünü, Azərbaycan
Ordusunun qəhrəmanlığını, Azərbaycan
Prezidentinin cəsarətini, inadkarlığını və təcrübəsini
gördü. Bu, təbii ki, Qarabağın tarixində ilk
hadisə idi.
Ermənistanı müdafiə edən havadarları 44
gün ərzində əllərindən nə gəldisə
etdilər, ancaq Azərbaycan Prezidenti bir addım belə geri
çəkilmədi, o qələbə üstünə qələbə
gətirdi. İşğaldan azad edilən kənd və şəhərlərin
sayı hər gün artdı və sonda isə
Şuşanın azad edilməsi dövlət
başçısının ən böyük uğuru, ən
böyük qəhrəmanlığı və zəfəri
oldu.
Prezident İlham Əliyev bununla da kifayətlənmədi.
Erməni məkrinin kökünü kəsmək, ermənilərin
azərbaycanlılara qarşı törətdiyi təxribatları
birdəfəlik sona çatdırmaq üçün
2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata
keçirməklə bütün Qarabağda Azərbaycanın
suverenliyini təmin etdi, Vətən bütövləşdi.
1923-cü ildə bu ərazidə Dağlıq
Qarabağ Muxtar Vilayəti adlı bir bədnam qurum
yaradılmışdı. 100 ildən sonra isə həmin
qurum tarixdən silindi. Bu, Azərbaycan tarixi üçün ən
böyük hadisədir və bu hadisələrin də qəhrəmanı
birmənalı olaraq dövlət başçımız, Ali
Baş Komandan İlham Əliyevdir.
Üç il ərzində Azərbaycan Ermənistana
sülh müqaviləsi imzalamaq üçün müraciətlər
edib və bu məqsədlə
dünyanın ayrı-ayrı mötəbər şəhərlərində
görüşlər də baş tutub. Amma erməni tərəfi
belə başa düşürdü ki, nə vaxtsa Qarabağı
geri qaytara biləcək. Ancaq bu il sentyabrda olan birgünlük
antiterror əməliyyatı ermənilərin bütün arzu
- istəklərini məhv etdi və dünya erməniləri
bununla başa düşdülər ki, Azərbaycanın
dövlət başçısı heç bir zaman geri
çəkilməyəcək və geri çəkilmək
xarakterində olan bir adam deyil.
2023-cü ildə Qarabağ probleminin həll
olunması Heydər Əliyevin 100 illiyinə Azərbaycanın
dövlət başçısının ən böyük
töhfəsidir. Çünki vaxtilə Heydər Əliyev Azərbaycan
xalqına müraciətində deyirdi ki, O, İlham Əliyevə
inanır. İnanır ki, İlham Əliyev Azərbaycanın
ərazi bütövlüyünü, suverenliyini təmin edəcək
və işğal altında olan bütün torpaqlar azad
olunacaq. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə
yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin
arzularını reallaşdırdı. Bu gün həm Ulu
Öndərin, həm də Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olan insanların
ruhları şaddır. Onlar Vətən üçün əllərindən
gələni etdilər və son olaraq Ali Baş Komandan
bütün Azərbaycan xalqını və Azərbaycanı
istəyən insanların arzu və istəklərini
reallaşdırdı. Azərbaycan xalqı bu gün xoşbəxtdir,
ona görə ki, onun güclü, dünyanın nəhəng
dövlət xadimləri ilə müqayisə olunan dövlət
başçısı var. Prezident İlham Əliyevin
2003-cü ildə hakimiyyətə
gələrkən ilk sözü bundan ibarət olmuşdu ki,
o, bütün Azərbaycan xalqının Prezidenti olacaq. Bəli,
cənab İlham Əliyev
bütün Azərbaycan xalqının Prezidentidir.
Anar İSGƏNDƏROV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.14.