Azərbaycan tarixinə
yeni missiya ilə daxil olmuş Lider
Prezident İlham
Əliyev Azərbaycan
tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl "Əsl siyasət konkret, real iş görməkdən
ibarətdir" deyərək,
ictimai fəaliyyətə
başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə
söylədiyi "Mən
hər bir Azərbaycan vətəndaşının
Prezidenti olacağam, hər bir Azərbaycan
vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm"
fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin
başlanğıc nöqtəsi
2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab
İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini
toplayaraq (76,86 faiz) dövlətin ali rəhbəri seçilməsi
ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə
mərasimindəki çıxışında
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər
Əliyev siyasətini
davam etdirəcəyini
bir daha bəyan etdi: "Oktyabrın 15-də Azərbaycan
xalqı seçki məntəqələrinə gələrək
Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə,
inkişafa, quruculuğa,
sabitliyə səs veribdir. Bu siyasətə
Azərbaycanda alternativ
yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə
Azərbaycan inkişaf
edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu
artıbdır. İndi
Azərbaycanla hesablaşırlar,
Azərbaycana hörmət
edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr
Azərbaycanın iştirakı
ilə, onun milli maraqlarının nəzərə alınması
ilə həyata keçirilir".
Prezidentliyinin
ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz
tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda
bir çadır şəhərçiyinin belə,
qalmayacağı, məcburi
köçkünlərin sosial
müdafiəsinin təşkilinin
əsas məsələ
olacağı, yoxsulluğun
aradan qaldırılması
üçün daha səmərəli tədbirlər
görüləcəyi, 600 min yeni iş
yerinin açılması
istiqamətində qısa
zamanda real nəticələr əldə
olunacağı, regionların
sosial-iqtisadi inkişafı
və aqrar islahatların ikinci mərhələsi ilə
bağlı dövlət
proqramları hazırlanacağı,
sahibkarlığa dövlət
qayğısının artırılacağı,
transmilli layihələr
çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına
nail olunacağı və sairə daxil idi.
İlham Əliyevin
prezidentlik fəaliyyətinin
qeyd edilən dövrü ərzində
sadalanan bütün istiqamətlər üzrə
nəzərəçarpacaq nailiyyətlər əldə
olundu. Neft gəlirlərindən istifadə
olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın
inkişafına əlverişli
şərait yaradılması,
əhalinin aztəminatlı
hissəsinin sosial müdafiəsinin gücləndirilməsi,
hər bir azərbaycanlı ailəsi
üçün rifahın
və təhlükəsizliyin
təmin edilməsi, dövlət strukturlarının
işinin səmərəli,
dünya standartlarına
uyğun şəkildə
qurulması, rəhbər
işçilərin məsuliyyətinin
artırılması, milli
birliyin və həmrəyliyin möhkəmləndirilməsi,
beynəlxalq standartlara
cavab verən demokratik parlament seçkilərinin keçirilməsi,
Ermənistan-Azərbaycan münaqişəsinin
beynəlxalq hüquq prinsiplərinə uyğun,
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab
oluna bilər.
Növbəti seçkilərdə
də xalqın mütləq əksəriyyətinin
etimadı nəticəsində
Prezident seçilən
İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf
etdirilməsini, siyasi islahatların keçirilməsini
və ölkənin modernləşdirilməsini qarşıda
duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi,
siyasi islahatlar, modernləşmə, enerji
sektorunda asılılığın
azaldılması, təhsil
və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü.
Optimal məqsəd və vəzifələrin
müəyyən edilməsi
və onların yerinə yetirilməsi yollarının düzgün
tapılması nəticəsində
Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində
analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu
inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Məsələyə bu prizmadan yanaşdıqda
Prezident İlham Əliyevin bütövlükdə
20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın
beynəlxalq aləmdə
mövqelərinin möhkəmlənməsi
mənafeyinə xidmət
göstərmişdir. Təkcə
daxili siyasətdə deyil, xarici siyasətdə
də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa
sözlə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil
və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın
geosiyasi reallıqlarına
adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla
davam etdirir. Milli dövlətçilik
maraqlarının müdafiəsi
həm ikitərəfli,
həm də çoxtərəfli formatda
həyata keçirilən
bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında
birinci mövqedə dayanan amil Prezident
İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı
ilə bağlıdır.
Müzəfər Ali
Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında
yenilməz Azərbaycan
ordusu torpaqlarımızı
Ermənistanın işğalçı
silahlı qüvvələrindən
azad etmək kimi müqəddəs vəzifəni şərəflə
yerinə yetirmişdir.
2020-ci il noyabr ayının 8-də qədim
Azərbaycan şəhəri,
Qarabağın incisi Şuşanın müasir
hərb elminin ən nadir və
unikal əməliyyatlarından
birinin həyata keçirilməsi nəticəsində
azad olunması düşmənin müqavimət
potensialını heçə
endirdi. Nəticədə,
noyabrın 10-da prezidentlər
İlham Əliyevin, Vladimir Putinin və baş nazir Nikol Paşinyanın
imzaladığı üçtərəfli
Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi
fazasını başa
çatdırdı və
faktiki olaraq işğalçı Ermənistan
dövlətinin kapitulyasiyası
aktı oldu. Noyabrın 20-də Ağdam,
noyabrın 25-də Kəlbəcər,
dekabrın 1-də isə
Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid vermədən
işğaldan azad olundu.
Onu da xüsusi olaraq qeyd edək ki, ermənilər hərbi qarşıdurma reallığında öz
ənənəvi xislətlərinə
sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır,
cəbhə xəttindən
xeyli kənarda yerləşən şəhər
və kəndlərimizi
atəşə tutur,
dinc sakinləri qətlə yetirirdilər.
Cəsur Azərbaycan Ordusu isə düşmənin yalnız
hərbi qüvvələrinə
və obyektlərinə
zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı.
Azərbaycan dövləti
müharibənin acı
reallıqlarını nəzərə
alaraq informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikasına üstünlük verdi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş
Komandan müharibə
zamanı müxtəlif
nüfuzlu əcnəbi
televiziya kanallarına
müsahibələr verdi
və beynəlxalq aləmdə formalaşmış
yanlış təsəvvürləri
büsbütün dağıtdı.
Bu müsahibələrin
hər biri, hər bir cümləsi
altından qırmızı
xətt çəkiləsi,
xalqın ürəyindən
xəbər verən sözlərdir. Türkiyənin
"A Haber", ABŞ-ın
"Fox News", İtaliyanın Rai-1, Almaniyanın ARD və digər televiziya kanallarına, Rusiyanın
TASS və İnterfaks,
İspaniyanın EFE informasiya
agentliklərinə, Yaponiyanın
"Nikkei", Fransanın
"Figaro", İtaliyanın "La
Repubblica" qəzetlərinə və başqalarına müsahibələr zamanı
dövlətimizin başçısı
erməni faşizminin
əsl simasını
açıb göstərmiş,
erməni vandallığının
ağlasığmaz cinayətlərini
faktlarla sübut etmişdir. Müdrik Prezidentimiz bəzi xarici müxbirlərin bəzən ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını
güclü məntiq,
əsaslı fakt və dəlillərlə
cavablandırmış, onları
dəmir məntiqli arqumentləri əsasında
susdurmuşdur.
8 Noyabr - Zəfər
Günü xalqımızın
qürur mənbəyinə
çevrilmiş şanlı
tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır:
Müzəffər Ali
baş Komandan, onun formalaşdırdığı
yenilməz ordu və "dəmir yumruğ"a çevrilmiş
xalq. Bu reallıqda Prezident-Ordu-Xalq
sözləri sinonimləşmiş,
tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər
sərkərdə olaraq
təkcə mənsub
olduğu ölkənin
deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi
qalibiyyət nəticəsində
ordumuzun yenilməzliyi,
qüdrəti və vətənpərvərliyi sözdə
deyil, qanlı döyüş meydanlarında
sübuta yetirildi. Xalq olaraq qəddimiz
düz, başımız
uca oldu. Qürurumuz özümüzə
qaytarıldı. Alnımızdan
xəcalət təri
birdəfəlik silindi.
Birləşdik və
bütövləşdik. Ən
qatı əleyhdarlarımız
belə, bu həqiqəti etiraf etmək məcburiyyətində
qaldılar.
Tarixi zəfər
nəticəsində təkcə
ərazi bütövlüyümüz
və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə
endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri
"miatsum" ideologiyası
- İrəvan və Qarabağ ermənilərini
vahid dövlət tərkibində görməyi
hədəfləyən, bu
prosesdə qonşu Gürcüstan ərazisinə
də ilhaq zonası kimi yanaşan irticaçı
ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni
məkanda "Ermənistan-diaspora-artsax"
ideoloji triadası da yer almışdır.
Artıq müzəffər
Azərbaycan Ordusu xilaskar Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
altında torpaqlarımızı
Ermənistanın işğalçı
silahlı qüvvələrindən
azad etmək kimi müqəddəs vəzifəni şərəflə
yerinə yetirmişdir.
Azərbaycan 30 illik
münaqişəni hərbi-siyasi
yollarla həll etdi, ərazi bütövlüyünü və
tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə
qaldı. Azərbaycanda
artıq Dağlıq
Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı
ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.
Böyük fəxr
və qürur hissi ilə onu da qeyd
edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin
Əməldaşlıq Şurasının
(Türk Dövlətləri
Təşkilatı) İstanbulda
keçirilən VIII Zirvə
Göruşündə "Türk Dünyasının
Ali Ordeni" ilə təltif olundu.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın "Ali
Orden"in təqdimat
mərasimində səsləndirdiyi
fikirlər olduqca böyük məna kəsb edir: "Azərbaycanın ərazi
bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini
və bərabərliyini
genişləndirmişdir. Qarabağın
azadlığının rəmzi
olan xarıbülbül
türk dünyası
üçün Zəfərin
müjdəçisi olmuşdur."
Təəssüf hissi
ilə onu da qeyd edək
ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi
strateji məğlubiyyətlərindən
lazımi nəticə
çıxara bilmədi.
Bu xüsusda məsələlərə qiymət
verən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 11-də MDB-yə
üzv dövlətlərin
təhlükəsizlik və
xüsusi xidmət orqanları rəhbərləri
Şurasının 53-cü iclasının iştirakçılarını
qəbul edərkən
qeyd etdi ki, "Təxribat hərəkətlərinə son
qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar
təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət
daha da gərginləşdi,
çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ respublikası"nın yaradılmasının
ildönümü ilə
bağlı təbrik
məktubu göndərdi.
Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar
iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma
"Dağlıq Qarabağ"ın
qondarma hakimiyyət orqanları "seçki"
keçirdilər, özlərinə
yeni başçı
seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi."
Formalaşmış şəraitdə sentyabrın
19-da Azərbaycana antiterror
tədbirləri keçirmək
və öz suverenliyini tam şəkildə bərpa
etmək üçün
başqa seçim yolu qalmadı. Bir sutkadan da
az davam edən tədbirlər nəticəsində Ermənistanın
Qarabağdakı ordusu
tamamilə tərk-silah
edildi, 10-15 min nəfərlik çoxminli
kontingent silahsızlaşdırıldı
və ərazilərimiz
üzərində tam
nəzarət bərpa
olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı
kimi, "Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq
şəkildə dərc
etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi,
çünki bizim tədbirlərin hədəfləri
dəqiq xarakter daşıyırdı. Mülki
infrastruktur, mülki obyektlər və mülki şəxslər
zərər çəkmədilər.
Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam
etdi. Bu müddət Ermənistanın
qanunsuz hərbi birləşmələrinin tam
şəkildə demoralizasiyası
və mahiyyət etibarilə, təslim olması üçün
kifayət etdi".
Uzun illər ərzində ilmə-ilmə
işlənən, müxtəlif
dövrlərdə Cənubi
Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi
ilə reallaşdırılmağa
çalışılan "böyük Ermənistan"
planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti
və iradəsi sayəsində süquta uğradı, darmadağın
edildi. Erməni "miatsum"u, "ikinci erməni dövləti"
xəyalları birdəfəlik
məhv edildi.
Qarabağda Azərbaycan
xalqının qanını
tökmüş, Xocalıda
soyqırımı törətmiş
hərbi canilər artıq əliqandallı Bakıya gətirilmiş,
onlara qarşı istintaq hərəkətlərinə
başlanılmışdır. Ağır cinayətlər
törətmiş bu müharibə canilərinə
qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
Beləliklə, müharibədə
qalib gələn Ali Baş Komandanın
sülhü qazanacağı
da sırf zaman məsələsidir.
Bu, aksiomdur, isbata ehtiyacı yoxdur.
Yaşasın Xilaskar
Ali Baş Komandanımız! Yaşasın
Müzəffər Ordumuz!
Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
Elman NƏSİROV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.15.