Mingəçevir son 20 ildə daha abad və
yaraşıqlı olub
Dövlətçilik
tariximizin son 200 ilində nələr qazanmışıq, nələr
itirmişik?! Parçalanmışıq,
bölünmüşük. Dövlətimizə, ərazilərimizə,
dilimizə dəfələrlə qəsdlər olub.
Haqqımız tapdalanıb, sərvətlərimiz
talan edilib. Tarixin sınaqlarına sinə gərib,
yıxılıb-durmuşuq.
Tarixin səhifələrindən
baxanda 20 il elə də böyük zaman deyil. 20 ilin
yolçuluğunda haradan
başladıq, haralara gəlib çıxdıq?! Ərazilərimizin
20 faizi 30 il Ermənistan silahlı qüvvələrinin
işğalı altında qaldı. Bir milyon
soydaşımız Qarabağdan, Şərqi Zəngəzurdan,
Göyçə mahalından qovulub qaçqına, məcburi
köçkünə çevrildi. Ölkənin hər
bucağında salınan çadır şəhərciklərinin
miskin görkəmi ürək
dağladı. Daxili müxalifətin hakimiyyət
ehtirasları, dünyanın aparıcı dövlətlərinin
ikili standartları məngənəsində sıxılan xalqımız 2003-cü ilin
prezident seçkilərində öz taleyini Ulu Öndər
Heydər Əliyev siyasi kursunun layiqi davamçısı
İlham Əliyevə etibar etməyə yekdilliklə qərar
verdi. Ən böyük hakim olan zaman sübut etdi ki, xalq
yanılmayıb, ən doğru seçimini edib.
Prezident İlham
Əliyev qəbul etdiyi qərarlar, atdığı
addımlarla məqsədlərini,
hədəflərini zaman-zaman
aydınlaşdırdı. Qarabağın işğalına
son qoymaq, ərazi bütövlüyümüzü bərpa
etmək məramı Prezidentin fəaliyyətində prioritet
istiqamətə çevrildi. Necə deyərlər, bütün yollar Qarabağ zəfərinə,
şanlı qələbəyə aparmağa başladı.
Bu gün Azərbaycan
vətəndaşı olaraq çox qürurluyuq. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qəhrəman
oğullarımız üzərlərinə düşən
tarixi missiyanı şərəflə yerinə yetirib ərazi
bütövlüyümüzü bərpa edərək,
"Qarabağ Azərbaycandır" şüarının
sonuna böyük bir nida işarəsi qoyublar! Uğurla,
qüdrətli, sərkərdə məharəti ilə
hesablanan, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri
ilə Qarabağ tamamilə erməni separatçıları
və quldurlarından azad olunub. Artıq Xankəndidə
qondarma qurumun bayraq
adlandırdıqları əski parçaları
yığışdırılıb, qondarma dövlətin
qondarma qurumu özünü buraxmaq haqqında qərar qəbul
edib. İndi Xankəndidə Azərbaycanın müvafiq
dövlət qurumlarının fəaliyyəti bərpa olunur.
Bu möhtəşəm
hadisədən sonra Azərbaycanın son 200 illik dövlətçilik
tarixində ən böyük uğurun Qarabağ Zəfəri
olduğunu qəbul etməyə haqqımız var. Prezident
İlham Əliyev Azərbaycanın dövlətçilik
tarixinə öz xilaskar adını qızıl hərflərlə
yazmağı çox məharətlə bacardı,
bütün dünya azərbaycanlılarının ürəyində özünə əzəmətli
məhəbbət və ehtiram abidəsi ucaltdı. Ata vəsiyyətini və
xalqımızın istəyini böyük məsuliyyət
hissi ilə reallaşdıran və bundan sonsuz xoşbəxtlik
duyan layiqli dövlət başçısı olduğunu bir
daha sübut etdi.
Möhtəşəm
20 ilin hər günü, hər ayı, hər ili yüksəliş,
tərəqqi, genişmiqyaslı
quruculuq prosesinin uğur dolu mərhələsidir. Bu illər
ərzində Azərbaycan, sözün həqiqi mənasında,
dünyaya günəş kimi doğdu. Beynəlxalq tədbirlərin
yüksək tribunalarında Prezident İlham Əliyev təmsil
etdiyi xalqın və dövlətin mövqeyini cəsarətlə
dilə gətirdi, Azərbaycanın regionda güc mərkəzinə,
söz sahibinə çevrildiyini konkret faktlarla, günün
reallıqları ilə dünya liderlərinin şüuruna
yeritdi.
Son 20 il Azərbaycan
büsbütün dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü
və tövsiyələri ilə hazırlanıb uğurla həyata
keçirilən regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramları şəhər və kəndlərimizin
simasını tanınmaz edib, əhalinin həyat səviyyəsini,
güzəranını əhəmiyyətli dərəcədə
yaxşılaşdırıb. Ölkənin böyük
potensiala malik sənaye mərkəzlərindən
olan Mingəçevirin bu illər ərzindəki
inkişafı ölçüyəgəlməzdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev
energetika şəhərinin tikilib-qurulmasına, burada fabrik və
zavodların işə salınmasına vaxtilə
böyük əmək sərf etmişdir. Qədirbilən
mingəçevirlilər Ulu Öndərin bu bölgəyə
xüsusi diqqət göstərdiyini hər zaman minnətdarlıqla
xatırlayırlar. Çoxşaxəli fəaliyyətinin
bütün isqtiqamətlərində
öz varislik missiyasını şərəflə yerinə
yetirən Prezident İlham Əliyev də nur şəhərinə münasibətdə bu ənənəni
davam etdirir. Son illər Mingəçevirə
8 dəfə səfər edən Prezident İlham Əliyev
şəhərin sosial-iqtisadi
inkişafına yönəlik 15 sərəncam imzalamış,
böyük məbləğdə vəsait
ayırmışdır.
Bu diqqətin nəticələri
isə yetərincə çoxdur. Şəhər üzrə
ümumdaxili məhsul buraxılışının həcmi
2003-cü illə müqayisədə 2022-ci ildə 89.4 faiz, əsas
kapitala yönəldilmiş vəsait 52,6,
tikinti-quraşdırma işlərinin həcmi 43,7 dəfə
artmışdır. 2003-2022-ci illərdə 20,4 min yeni iş
yeri açılmış, 196 sahibkara 19 milyon manata yaxın
güzəştli şərtlərlə kredit verilmişdir.
293 kilometr şəhərdaxili
və məhəllədaxili yollara asfalt çəkilmişdir.
Tikinti-quruculuq və abadlıq işləri bu illər ərzində
böyük vüsət almışdır. Dövlətin dəstəyindən
yararlanan energetiklər şəhərinin sakinləri doğma
yurdun hər qarışını cənnətə döndərmək
üçün ürəklərinin hərarətini, əllərinin
gücünü əsirgəmirlər. Şəhərdə
Ulu Öndərə sonsuz məhəbbət və ehtiramdan
doğan möhtəşəm Heydər Əliyev Mərkəzi
yaradılmış, Ümummilli Liderin adını
daşıyan meydanda əzəmətli abidəsi
ucaldılmışdır. Mingəçevirlilər sözün həqiqi mənasında
tikib-qurmaqdan, gözəllik yaratmaqdan zövq alırlar. Son 20
ildə görülmüş işləri sadalasaq,
böyük bir siyahı alınar. Sadəcə, bəzilərini
yada salaq: Bayraq meydanı, "Ağsaray" və "River
side" mehmanxanaları, Uşaq-gənclər şahmat-idman məktəbi,
"Gənclər evi", şəhid və əlil ailələri
üçün 140 mənzilli 4 yaşayış binası,
1098 məcburi köçkün ailəsi üçün 2
yaşayış kompleksi, "Kür" Olimpiya Tədris İdman Mərkəzi,
Dostluq, Sahil, "Nəsimi" parkları, Dövlət Rəmzləri
muzeyi, "ASAN" Xidmət Mərkəzi, Sənaye
Parkında 2 müəssisə, İstilik və Su Elektrik
stansiyalarının əsaslı şəkildə yenidən qurularaq istehsal gücününü
artırılması və s. Bunlar məhz son illərin
ünvanlarıdır. Hazırda şəhərin sənaye
müəssisələrində ahəngdar ritm davam edir.
"Az.İES" MMC, "Mingəçevir SES silsiləsi"
MMC, "Azyolneftmaş" ASC, "Azərkabel" ASC, "Akkord Mingəçevir"
maşınqayırma zavodu ASC,
"Mingəçevir-Tekstil" MMC və "Htech
İnvest" MMC-lər şəhərin iqtisadi gücünə
əlavə güc qatırlar.
Bu gün Mingəçevirdə
bayram ovqatı yaşanır. Qarabağ Zəfəri, bir
günlük lokal xarakterli antiterror tədbirlərinin
qürurverici nəticələri şəhərdə hər
evi, hər ailəni xoş əhvali-ruhiyyəyə
kökləyib. Aşıb-daşan sevincin başqa bir səbəbi
də qarşıdan əlamətdar
yubileyin gəlməsidir. Noyabrın 11-də Mingəçevirin
şəhər statusu almasının 75 ili tamam olur.
Bayramın bayrama
qarışdığı bu günlər nur şəhərinin
qonağı olduq. Ana
Kürün ikiyə böldüyü Mingəçevirin
payızı da baharı xatırladırdı. Parklar,
meydanlar, xiyabanlar, küçələr, prospektlər səliqə-sahmanı,
sarı libası, al-əlvan
gül-çiçəyi ilə üzə
gülürdü. Bu gün Mingəçevirin Azərbaycanın
sənaye, elmi, mədəni, turizm mərkəzləri
sırasında özünəməxsus yeri vardır. Şəhər
icra hakimiyyətinin başçısı İlham
İsmayılov nur şəhərinin bu günü və
sabahı haqqında düşüncələrini bizimlə
bölüşdü, Prezident İlham Əliyevin hər zaman Mingəçevirə
xüsusi diqqət göstərdiyini minnətdarlıqla
vurğuladı:
- Ölkənin ən böyük elektrik enerjisi
istehsalçısı olan Mingəçevirin sosial-iqtisadi inkişafına
dövlət dəstəyinin, xüsusi diqqətin davamlı
xarakter almasını hər bir şəhər sakini hədsiz
minnətdarlıq və razılıq hissi ilə
qarşılayır. Tamamilə səmimi deyirəm: bu gün
hər bir mingəçevirli qalib dövlətin məğrur
vətəndaşı olmaqdan qürur duyur. Bu sevinci, bu
xoş novrağı bizə yaşadan Prezident İlham
Əliyev və ordumuzdur. Müqəddəs Qarabağ
savaşında, ərazi bütövlüyümüzün bərpası
uğrunda döyüşlərdə mingəçevirli
oğullar da sinələrini düşmən gülləsinə
sipər edib şəhid olublar. Şəhid valideynləri ilə
görüşəndə onlar
övlad itkisini bir anlığa unudub "təki Vətən
yaşasın" deyirlər. Belə bir millətin övladı olduğumuz
üçün biz çox xoşbəxtik. Prezident İlham
Əliyevin tapşırıq və tövsiyələri fəaliyyətimizin
əsas istiqamətini müəyyən edir. Biz davamlı
olaraq şəhid ailələrinə
baş çəkir, qazilərlə
görüşürük. Onların üzləşdikləri
çətinlik və problemləri öyrənib aradan
qaldırmağa çalışır, qayğıkeşlik
və köməyimizi əsirgəmirik.
İlham müəllim
söhbətinə davam edib deyir ki, 75 yaşı tamam olan Mingəçevirin son 20 ili Prezident
İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. "Bu
dövrü nur şəhəri üçün qızıl
dövr də adlandırmaq olar. Otuz il ərzində şəhərimizin
sənaye gücü müqayisə edilməz dərəcədə
artıb. Şəhər sakinlərinin məşğulluq səviyyəsi
yeni yaradılan istehsal müəssisələri
hesabına xeyli yüksəlib.
Kommunal xidmətlər
yaxşılaşıb. Əhalinin qaz, su, elektirik enerjisi ilə
təminatında heç bir problem yoxdur. Mingəçevirlilər
inanırlar ki, onların sabahkı həyatları daha firavan
olacaq, yeni sosial layihələrdən hər kəsə yetərli
pay düşəcək", - deyə həmsöhbətimiz
bildirdi.
Ölkəyə
nur paylayan bir şəhər üçün 75 yaş nədir
ki... Mingəçeviri həmişə gənclik şəhəri
adlandırıblar. Burada məntiqin olduğu şübhəsizdir.
Geniş və yaraşıqlı küçələri, məğrur
görkəmli xan çinarları, ürəyi sevgi dolu sakinləri
ilə həmişə cavan qalmağı çox təbii
görünür bu nur şəhərinin.
Lazım
QULİYEV,
Azərbaycan.-2023.- 15 oktyabr, ¹ 225.- S.20.