Son
iki onillikdə Lənkəran sürətli inkişaf yolu
keçmişdir
Yaxşı
yadımdadır: 2002-ci ilin dekabr ayı idi. O zaman Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Yaşar Əliyev idi. Günün
ikinci yarısında görüşmək üçün
ŞİH-ə getdim. O qədər də böyük olmayan
yarıqaranlıq otağa daxil olanda iş masasının
arxasında oturan Y.Əliyevi güclə seçdim.
Bunu ona görə
misal gətiririk ki, o vaxt nəinki Lənkəran şəhərində,
onun qəsəbə və kəndlərində, ölkənin
bütün bölgələrində elektrik enerjisi
böhranı yaşanırdı. Gün ərzində bir
neçə saat aşağı gərginlikli işiq
verilirdi. Yollar, küçələr bərbad halda idi. Bu, hələ
yaxşı zaman idi. Ölkədə həyat
canlanmış, islahatlar başlanmışdı. 90-cı illərin
əvvəllərində isə vəziyyət daha
acınacaqlı idi. Zavod və fabriklər işini
dayandırmış, çay plantasiyaları, sitrus meyvə
bağları mal-qaranın otlaq sahəsinə
çevrilmişdi. İş yerlərini itirmiş adamlar nə
edəcəklərini bilmirdilər.
"Yaman
günün ömrü az olar" deyiblər. 1993-cü il
iyun ayının 15-də xalqımızın təkidli tələbi
ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə
gəldikdən sonra ölkədə sabitlik yarandı, daxili və
xarici siyasət yeni istiqamətə yönəldi. Mövcud
çətinliklər tədricən aradan
qaldırıldı.
Heydər
Əliyev siyasi kursunun 2003-cü ilin oktyabr ayından Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Lənkəranın da inkişafında başlıca rol
oynamışdır. Son 20 il ərzində rayonda yeni zavod və
fabriklər yaradılmış, uzun illər fəaliyyətini
dayandırmış müəssisələr müasir tələblərə
cavab verən avadanlıqlarla yeniləşdirilərək
istifadəyə verilmişdir. Bu dövr ərzində meyvə-tərəvəz
emalı ilə məşğul olan "Lənkəran
Konserv" MMC, "Lənkəran Konserv" ASC, süd və
dondurma emalı ilə məşğul olan "Pal Food"
MMC, şirniyyat məhsulları istehsal edən Qənnadı məhsulları
fabriki, "Azərxalça" ASC-nin Lənkəran
filialı, çay emal edən "Beta" MMC,
"Yaşıl Çay" FT, "Gilan Tea" MMC, "Sun
Tea" MMC, çəltik emal edən "Green East" MMC,
"Cənub Aqro" MMC, "Faran" MMC, yetişdirilmiş
kənd təsərrüfatı məhsullarının
saxlanılması üçün müasir soyuducu anbarlar və
digər onlarca irili-xırdalı müəssisələr fəaliyyətə
başlamışdır. Həyata keçirilən tədbirlər
nəticəsində keçən il rayon üzrə istehsal
olunan sənaye məhsullarının dəyəri 135,8 milyon
manat təşkil etmişdir ki, bu da 2003-cü ildəkindən
12,7 dəfə çoxdur.
Birinci regional
inkişaf dövlət proqramı ilə başlayan bölgələrin
sosial-iqtisadi sahələrdə dirçəlişi sonradan qəbul
edilmiş analoji sənədlər əsasında
ardıcıllıqla davam etdirilmişdir. Bunu Lənkəran
rayonunun kənd təsərrüfatında baş verən
dinamika da özündə əks etdirir. Prezident İlham
Əliyevin 2018-2025-ci illər üçün respublikada
çəltikçiliyin və sitrus meyvəçiliyinin,
2018-2027-ci illər üçün
çayçılığın inkişaf etdirilməsinə
dair dövlət proqramlarını imzalaması həmin sahələrdə
əsaslı dönüş yaratmış, kənd təsərrüfatı
məhsulları istehsalçılarında torpağa yeni
münasibət formalaşdırmışdır. Rəqəmlərin
dili ilə bu münasibət özünü daha qabarıq
göstərir: Lənkəranda keçən il kənd təsərrüfatı
üzrə istehsal edilən ümumi məhsulun dəyəri
162,6 milyon manat olmuşdur və bu, 2003-cü illə
müqayisədə 1,4 dəfə çoxdur. Ötən il
çay plantasiyalarının ümumi sahəsi 552,8 hektara
çatdırılmış və 268,5 ton yaşıl
çay yarpağı tədarük edilmişdir. 933,5 hektar
sitrus meyvə bağlarından 9 min 684,7 ton məhsul
toplanmışdır. Artırılaraq 802,3 hektara
çatdırılan çəltik sahəsindən isə 2
min 828 tondan çox məhsul əldə edilmişdir.
Ümumiyyətlə, rayonda son illər çəltik
istehsalına maraq artmışdır. Bu gün Lənkəranda
çəltik emalı ilə məşğul olan "Green
East" MMC, "Cənub Aqro" MMC və "Faran" MMC fəaliyyət
göstərir. Osaküçə kəndində
"Beta" şirkəti, İstisu qəsəbəsində
"Yaşıl Çay" fermer təsərrüfatı,
Haftoni qəsəbəsində, Vilvan və Xanbulan kəndlərində
fermer və ailə təsərrüfatları tərəfindən
yeni çay plantasiyaları salınmışdır.
"Beta" şirkəti isə tinglik təsərrüfatı
yaratmışdır. Onu da qeyd edək ki, kənd təsərrüfatı
sahəsində əldə olunmuş uğurları təşviq,
fermerlər tərəfindən istehsal olunan məhsulları
nümayiş etdirmək üçün Lənkəranda
2017-ci, 2018-ci və 2019-cu illərdə "Çay, çəltik
və sitrus meyvələri festivalı"
keçirilmişdir.
Yollara
iqtisadiyyatın qan damarları deyirlər. Son 20 ildə
bütün ölkədə olduğu kimi, Lənkəranda da
yerli əhəmiyyətli, habelə kəndarası avtomobil
yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri
istiqamətində çox işlər
görülmüşdür. 40 min əhalinin
yaşadığı Lənkəran-Vilvan-Osaküçə-Türkəncil,
28 min əhalinin yaşadığı
Şürük-Vel-Qamışovka, 47 min əhalinin
yaşadığı Vilvan-Zövlə-Liman, 10 min əhalinin
yaşadığı Liman-Nərimanabad-Balıqçılar,
13 min əhalinin yaşadığı Aşağı Nüvədi-Kənarmeşə-Şürük,
7 min əhalinin yaşadığı Hirkan-Daştatük-Biləsər,
11 min əhalinin yaşadığı Hirkan-Mamusta-Siyavar, 33
min nəfər əhalinin yaşadığı Səpnəkəran-Şürük-Sütəmurdov-Velədi-Gərmətük-Bala
Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəllədur-Qurumba
avtomobil yolları yenidən qurulmuşdur. Bunlardan başqa,
dağ kəndlərinə gedən yollar əsaslı və
cari təmir edilmişdir.
Abonentləri
davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək
üçün yaşayış məntəqələrinin
elektrik təsərrüfatı yenidən qurulmuş,
çoxlu sayda elektrik dirəkləri təzələnmiş,
xətlər, məftillər SİP kabellə əvəzlənmiş,
transformatorlar və digər avadanlıqlar yenilənmişdir.
2018-ci ildə "Azərişıq" ASC tərəfindən
Lənkəran-2 yarımstansiyası istifadəyə
verilmişdir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası çərçivəsində rayondakı 93
yaşayış məntəqəsindən 73-ü tam olaraq
qazlaşdırılmış, əhali üzrə abunəçilərin
sayı 48,4 minə, qeyri-əhali üzrə 582-yə
çatdırılmışdır. Bu il həmçinin
Daştatük, Moloja, Aşağı Apu kəndlərinə
qaz çəkilişi nəzərdə tutulur.
Rayonda içməli
su təchizatının və kanalizasiya sisteminin
yaxşılaşdırılması ilə əlaqədar həyata
keçirilən tədbirlər nəticəsində Lənkəran
şəhərinə, Şiləvar, Digah, Sütəmurdov,
Velədi kəndlərinə yeni xətlər çəkilmiş,
sakinlərin fasiləsiz və təmiz içməli su təminatı
yaxşılaşdırılmışdır. 2013-cü ildə
isə Lənkəran Sukanal Sahəsinin Xanbulan sutəmizləyici
qurğusu inşa edilmişdir.
Yeni tikilən
binalar, obyektlər, salınan park və xiyabanlar bu gün Lənkəran
şəhərinə xüsusi yaraşıq verir, onun gözəlliyinə
əlavə çalarlar qatır. "Sahil" istirahət
parkı, Heydər Əliyev xatirə parkı, Lənkəran
Beynəlxalq Hava Limanı, "Cənub" Televiziya Şirkətinin
binası, 7 mərtəbəli 14 yaşayış binası,
Bayraq meydanı, "Xocalı soyqırımı" abidə
kompleksi, Əsgər Əliyev parkı, Gənclər Mərkəzi,
habelə şəhid ailələri və Qarabağ
müharibəsi əlilləri üçün tikilən
yaşayış evləri, sosial əhəmiyyətli obyektlər,
digər binalar son 20 ilin ünvanlarıdır.
"Təhsil
millətin gələcəyidir" demişdir Ulu Öndər.
Prezident İlham Əliyev Ulu Öndərin bu tövsiyəsini
də prioritet götürərək təhsilin
inkişafını daim diqqət mərkəzində
saxlayır, məktəblərin tikilməsini, köhnələrinin
əsaslı təmir edilməsini, onların lazımi
avadanlıqlarla təchiz edilməsini ön plana çəkir.
Son illər ərzində 1076 şagirdlik Lənkəran şəhər
7 saylı, Gəgiran kəndində 264 şagirdlik,
Şıxakəran kəndində 432 şagirdlik tam orta məktəbləri
tikilib istifadəyə verilmişdir. Eləcə də Heydər
Əliyev Fondu hesabına 632 şagirdlik Haftoni kənd, 420
şagirdlik Nərimanabad qəsəbə və 360
şagirdlik Viravul kənd 2 saylı tam orta məktəbləri
üçün yeni binalar inşa olunmuşdur. Bunlarla
yanaşı, Əlizərin kəndində 20, Köhnəgəgir
kəndində 40, Jidi kəndində 96, Türkəncil kəndində
80 və Kosalar kəndində 96 şagirdlik modul tipli binalar
quraşdırılmışdır. Heydər Əliyev
Fondunun vəsaiti ilə inteqrasiya təlimli internat tipli
gimnaziya əsaslı şəkildə yenidən
qurulmuşdur. Ümumilikdə rayon üzrə 53 məktəb
tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Lənkəran gənclərin
ali və orta, habelə peşə təhsili üzrə
müxtəlif sənətlərə yiyələndikləri
bir şəhərdir. Təlim və tərbiyənin yüksək
səviyyədə qurulması məqsədi ilə Lənkəran
Dövlət Universitetinin yeni korpusu, yataqxanası və 1-ci tədris
korpusu üçün əlavə dördmərtəbəli
bina inşa olunmuş, habelə ali məktəbin 2-ci korpusunda
inşaat işləri başa
çatdırılmışdır. Universitetin Elmi
Kitabxanası üçün də bina tikilmişdir.
Vətəndaşlarımızın
sağlamlığı həmişə dövlətin diqqət
mərkəzindədir. Bu istiqamətdə Lənkəranda da
çoxsaylı işlər görülmüşdür.
2003-2023-cü illər ərzində Lənkəran Mərkəzi
Xəstəxanası əsaslı təmir edilmiş, Lənkəran
Rayonlararası Psixiatriya Xəstəxanası, 8 həkim ambulatoriyası,
7 feldşer-mama məntəqəsi tikilib istifadəyə
verilmişdir. Lənkəran Regional Diaqnostika Mərkəzinin
təyinatı dəyişdirilərək 70
çarpayılıq Regional Mərkəzə
çevrilmişdir. Rayonlararası Onkoloji Xəstəxanada,
Ağciyər Xəstəlikləri Dispanserində və uşaq
poliklinikasında təmir işləri
aparılmışdır. Səhiyyədən söz
düşmüşkən, onu da qeyd edək ki, cari il
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin dəstəyi ilə TƏBİB-in tabeliyindəki Lənkəran
Rayon Mərkəzi Xəstəxanasında tibbin müasir tələblərinə
cavab verən Kardiologiya üzrə ürək-damar cərrahiyyə
şöbəsi açılmışdır. Liman Şəhər
Ailə və Sağlamlıq Mərkəzində təcili və
təxirəsalınmaz tibbi yardım stansiyası, həmçinin
Lənkəran şəhərində Süd Vəzi Diaqnostika
Mərkəzi və Çin Təbabət Klinikası da
istifadəyə verilmişdir.
Son 20 ildə Lənkəran rayonunda mədəniyyət
ocaqlarının əsaslı təmiri və tikintisi, tarixi mədəniyyət
abidələrinin bərpası istiqamətində uğurlu tədbirlər
həyata keçirilmişdir. 2004-cü ildə N.Vəzirov
adına Lənkəran Dövlət Dram Teatrı əsaslı
şəkildə yenidən qurulmuş, 2006-cı ildə Xalq
sənətkarlığı şəhərciyi, 2008-ci ildə
Heydər Əliyev Muzeyi, 2015-ci ildə Lənkəran Tarix
Diyarşünaslıq Muzeyi (Xan evi), yenə 2015-ci ildə Lənkəran
Şəhər Mədəniyyət Mərkəzi əsaslı
təmirdən sonra istifadəyə verilmişdir. Hazırda
dövlət büdcəsi hesabına Dairəvi qalada əsaslı
təmir işləri aparılır.
Prezident İlham Əliyevin idmanın inkişafına
göstərdiyi diqqət Lənkəranda da özünü
göstərir. Burada 2006-cı ildə "Zirvə"
İdman Sağlamlıq Mərkəzi, yenə həmin ildə
"Xəzər-Lənkəran" Futbol Stadionu, 2010-cu ildə
Regional Boks Təlim Mərkəzi, 2018-ci ildə Olimpiya
İdman Kompleksi gənclərin istifadəsinə
verilmişdir.
Böyük yaradan Lənkəran torpağından
heç nəyi əsirgəməyib. Təbiət burada sanki
hər yerə çığal çəkib. Sıra
dağlar, yaşıl ormanlar, çaylar, bulaqlar, şəlalələr,
bir də mavi gözlü Xəzər. Elə bunlara görə
də Lənkərana "Cənub mirvarisi" də deyirlər.
Bu gözəlliklər Lənkəranın turizm mərkəzinə
çevrilməsi üçün başlıca şərtlər
olduğundan 2006-cı ildə rayonda "Palıdlı
sahil", "Bəşəru" istirahət mərkəzləri,
2008-ci ildə "Qafqaz" Turizm İstirahət Mərkəzi,
2017-ci ildə "Xəzər Palace" istirahət kompleksi,
2018-ci ildə "İstisu" Sağlamlıq Mərkəzi
istifadəyə verilmişdir. Lənkəranın bir neçə
kəndinə, eyni zamanda çay plantasiyalarına, sitrus meyvə
bağlarına ekoturizm çərçivəsində səyahətlər
təşkil olunur. Bunun üçün İstisu qəsəbəsində
"Yaşıl Çay" fermer təsərrüfatında
22 nəfərlik "Nilado" hoteli, hotel tipli kənd evləri
tikilib istifadəyə verilmişdir. Eyni zamanda Lənkəran
şəhərinin Qala xiyabanı küçəsində
"Salyut" hoteli, Rvo kəndində "Riva Hill Resort
Lankaran", Lənkəranın özündə "Dəniz
Hotel", "Restaurant" və "Hirkan Park Hotel"
hotel-restoran kompleksləri fəaliyyət göstərir. Turizm
sahəsində görülən işlərin
siyahısını daha da artırmaq olar. Həyata keçirilən
layihələr öz növbəsində yeni iş yerlərinin
açılmasına, işsizlik probleminin həllinə vəsilə
olmuşdur. 2003-2023-cü illər ərzində rayonda 53 min
500-dən çox yeni iş yeri
açılmışdır. Cari ilin ötən ayları ərzində
isə qeyri-məşğul əhali üçün ödənişli
əsaslarla 1260 ictimai iş yeri yaradılmışdır.
Qeyd etdiklərimiz son 20 ildə Lənkəranda
görülən tikinti-quruculuq, abadlıq və digər sahələrdəki
işlərin yalnız kiçik bir hissəsidir. Prezident
İlham Əliyev 20 ildə Lənkərana 12 səfər
etmişdir. Həmin səfərlər çərçivəsində
rayon əhalisi ilə görüşlər keçirmiş,
bir çox obyektin təməlqoyma və
açılış mərasimlərində iştirak
etmişdir.
Bax beləcə, bu əhvali-ruhiyyədə
yaşayır, qurub-yaradır Lənkəranın zəhmətkeş,
yurdsevər insanları.
Seyran CAVADOV,
Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.21.