İkiəsrlik tariximizin zirvə nöqtəsi

 

"Xalqların tarixində elə günlər, elə hadisələr olur ki, onun mahiyyətini ictimai-siyasi dəyərini onilliklər, yüzilliklərlə müqayisə etmək lazım gəlir. Bu baxımdan müasir tariximizdə 15 oktyabr günü son ikiəsrlik tariximizin zirvə nöqtəsidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Deputat bildirib ki, əgər 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə yeni mərhələyə - tərəqqi sürətli inkişafa qədəm qoyan Azərbaycan 30 illik işğala son qoydusa, 2023-cü ilin 15 oktyabrında Xankəndidə Azərbaycan bayrağının ucaldılması ilə dövlətimizin bütövlüyü, suverenliyi tam şəkildə dünyaya təsdiq edildi. Prezident İlham Əliyev Əsgərana, Xocavəndə, Ağdərəyə səfər edib, illərlə şər yuvasına çevrilmiş Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla həm Azərbaycan dövlətinin adını ucaltdı: "Xüsusilə qəlbimizin kövrək yeri Xocalıda dövlət başçımızın qalib sərkərdə kimi addımlaması dəhşətli faciələr yaşamış xalqımızın yanğısını söndürdü. Bu, tarixin ədaləti, xalqımızın haqq etdiyi qürurunun bərpası anı idi".

Deputat qeyd edib ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanması dövlətimizin öz ərazisində suveren hüquqlarının bərpası ilə yanaşı, həm Zəfər savaşımızın məntiqi sonluğu oldu: "Vədinə sadiq Prezident çox uzun illər havasını udmağa, torpağının ətrini duymağa tamarzı qaldığımız tarixi torpaqlarımızdan - Xankəndidən bizi salamladı. Hamı sevinc, sevincin yaratdığı göz yaşı içində sanki röya görürmüş kimi həyəcanlandı. Şübhəsiz, bu, yuxu deyildi, bu, Prezident  İlham Əliyev qətiyyətinin yaratdığı reallıqdır! Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında, müqəddəs bayrağımızın dalğalandığı binanın qarşısında xalqını müjdələdi, rəhbər kimi qalibiyyət hesabatı verdi. Elə Xankəndidə olarkən Prezident bir daha bəyan etdi: "Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq".

Dövlət başçısı haqlı olaraq bildirdi ki, artıq ölkəmizlə dünya hesablaşır. Dövlətimizin addımları bölgədə, eləcə daha böyük coğrafiyada böyük məna daşıyır. Eyni zamanda biz güclü iqtisadiyyat yaratmışıq son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır.

Bəli, biz güclüyük. Prezident İlham Əliyevin düzgün strategiyası, qəbul etdiyi dəqiq qərarların hesabına qüdrətli olmuşuq. Bu qüdrətin yaratdığı imkanların, Ali Baş Komandanın qətiyyəti hesabına Xankəndiyə qayıtmağın sevincini yaşadıq".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin dayandığı xalqa səsləndiyi həmin ünvandan bir vaxt Azərbaycan təhdid olunurdu. Erməni separatçıları bayrağımızın Xankəndidə yalnız ölkəmizin burada səfirlik, ya da konsulluq xidmətinin mövcudluğundan sonra dalğalanmasının mümkünlüyünü istehza ilə bildirirdilər. Amma bu, gözlərində qaldı. Vətən müharibəsində Gəncənin vurulması, insanlıq əleyhinə cinayət qərarı oradan verilmişdi. Amma tarix göstərdi ki, hər zamankı kimi erməni uydurmaları iflasa məhkumdur. Artıq Vətən tam azaddır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 17 oktyabr, № 226.- S. 13.