Azərbaycan
XİN: Ermənistan baş
nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl
gətirir
Oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın
Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat,
növbəti dəfə
bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Xarici İşlər
Nazirliyinin N.Paşinyanın
Avropa Parlamentində çıxışı zamanı
səsləndirdiyi iddialara
dair şərhində
bildirilib.
Şərhdə deyilir:
“Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qarşı
iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir.
30 ilə yaxın
müddət ərzində
bir milyona qədər azərbaycanlının
fundamental hüquqlarını
pozan, azərbaycanlılara
qarşı soyqırımı
və kütləvi qırğınlar törətmiş
bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü
olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə
ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən
BMT-nin ixtisaslaşmış
qurumlarının nümayəndələrinin
hesabat və bəyanatları ilə açıq şəkildə
ziddiyyət təşkil
edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində
Qarabağ bölgəsindəki
erməni sakinlərin
təhdidlərlə üzləşmədiyini
bildirən Ermənistan
baş nazirinin bəyanatlarının bir-biri
ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda,
Ermənistanın tarixin
və faktların açıq şəkildə
saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda,
sözügedən ölkənin
baş nazirinin bu cür ziddiyyətli
açıqlamalarını eşitmək təəccüb
doğurmur.
Qranada görüşünün
yekun sənədindəki
müstəqillik, suverenlik,
ərazi bütövlüyü
və sərhədlərin
toxunulmazlığı, güc
tətbiq edilməməsi
və güc təhdidindən imtina prinsiplərinə istinad edən baş nazir Nikol Paşinyan,
Ermənistanın bu prinsipləri baş nazirin hakimiyyətdə olduğu 5 il də daxil olmaqla
30 ildən artıq müddətdə pozmasına
baxmayaraq, 44 günlük
müharibədən dərhal
sonra məhz Azərbaycanın Ermənistana
5 baza prinsipi təqdim etdiyini unudur.
Laçın yolunun
guya “eksterritoriallığ”ı
ilə bağlı baş nazirin iddialarına gəldikdə
isə Ermənistanın
məkrli addımlarının
qarşısını almaq
üçün sərhəd
nəzarət-buraxılış məntəqəsini təsis
etməklə hərəkətin
təhlükəsizliyini təmin
etmək öhdəliyini
yerinə yetirən Azərbaycandan fərqli olaraq, Ermənistanın hər vəchlə baş nazirin də birgə imzaladığı üçtərəfli
Bəyanata zidd olaraq, bu yoldan
sui-istifadə etdiyini xatırlatmaq lazımdır.
Azərbaycan öz ərazisindəki bütün
yollar üzərində
suverenliyə malik olduğu və bunun əksini sübut etmək cəhdlərinin əsassızlığı
qeyd edilməlidir.
Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana
qarşı təcavüz
törətdiyini və
ərazilərimizi işğal
etdiyini diqqətə alındıqda, Ermənistan
baş nazirinin ərazi bütövlüyünə
və delimitasiyaya hörməti kvadratkilometrlə
ölçməyə çağırış
etməsi ciddi deyil. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə
iddia etməyib.
Ermənistanın Azərbaycan
və Türkiyəni
blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistanın hərbi
təcavüz və ərazi iddiaları səbəbindən regional
layihələrdən təcrid
olunması hər kəsə yaxşı məlumdur. Üstəlik,
görünür ki, Ermənistan Azərbaycanın
öz ərazilərini
azad etməsindən sonra da buna
son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat
vasitələrinin və
yüklərin hər
iki istiqamətdə maneəsiz hərəkətini
təşkil etmək,
eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin
etmək öhdəliyinin
mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin
Azərbaycanın qərb
bölgələrini Naxçıvan
Muxtar Respublikası ilə birləşdirən
yeni nəqliyyat kommunikasiyalarının tikintisini
təmin etməklə
bağlı öhdəliyi
mövcuddur. Təəssüf
ki, bu ölkə
belə bir fürsəti növbəti
dəfə əldən
verir. İran İslam
Respublikasının ərazisi
üzərindən Azərbaycanı
Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək avtomobil
və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ
marşrutlardan istifadə
etməklə regionda nəqliyyat dəhlizlərinin
inkişafına daim müsbət töhfə verdiyini göstərir.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir”.
Azərbaycan.-2023.-
18 oktyabr, № 227.- S.6.