Dövlət
başçısının Zəfər nitqi Qafqazın gələcək
birgəyaşayış direktivi
idi
"Prezident İlham
Əliyevin oktyabrın
15-də Xankəndi şəhərində
dövlət bayrağını
ucaltması Azərbaycanın
müstəqilliyini möhkəmləndirmək
kimi ciddi proseslərlə müqayisə
oluna biləcək tarixi hadisədir. Çünki nə cümhuriyyət dövründə,
nə də 1991-ci ildən sonra Xankəndidə Azərbaycanın
üçrəngli bayrağı
dalğalanıb".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib.
O bildirib ki, Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı 1987-ci ildən bəri heç bir Azərbaycan rəhbəri
Xankəndiyə getməyib:
"Daha doğrusu, Vəzirov və Mütəllibov Xankəndiyə
getməyə özlərində
cəsarət tapmayıb.
AXC-Müsavat iqtidarı
isə nəinki Xankəndiyə, ümumiyyətlə,
Xırdalandan o yana keçə bilmirdilər.
15 iyun 1993-cü ildə
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin Sədri kimi Milli Məclisin iclasında ilk çıxışında müstəqilliyi,
suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının
Ermənistan tərəfindən
işğal olunmuş
torpaqlarının geri
qaytarılmasını, Azərbaycanın
ərazi bütövlüyünün
təmin olunmasını,
müharibənin qurtarmasını
və sülhün yaranmasını dövlətin
qarşısında ilk
vəzifə kimi müəyyən etdi.
B.Məhərrəmov qeyd edib ki,
məhz bu məqsədlər naminə
Ulu Öndərin rəhbərliyi altında
genişmiqyaslı tədbirlərə
start verildi, ordu quruculuğu, yeni neft strategiyası,
hüquqi islahatlar, vətəndaş cəmiyyətinin
formalaşdırılması kimi mühüm işlər həyata keçirilməyə başlanıldı.
1994-cü ildə cəbhə
xəttində dönüşə
nail olundu, Ulu Öndərin Ali Baş Komandanlığı
altında ordumuz Füzuli və Cəbrayılın bir sıra strateji yüksəkliyini, kəndini,
o cümlədən Horadiz
qəsəbəsini azad
etdi. Müstəqilliyin
möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı,
beynəlxalq münasibətlərin
normallaşması istiqamətində
əhəmiyyətli addımlar
atıldı. Lakin səhhəti imkan vermədiyi üçün
dahi liderin dediyi kimi, nəticəsini
öncədən gördüyü,
amma tamamlaya bilmədiyi yarımçıq
işləri özü
qədər güvəndiyi,
ən yaxın silahdaşı cənab İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyevin ötən 20 illik siyasi hakimiyyətinin
fəaliyyət xronologiyasına
diqqət etsək, onun hər bir
addımının, hər
bir qərarının
bizi Ulu Öndərin suverenliyi, ərazi bütövlüyü
təmin olunmuş qalib Azərbaycan idealına yaxınlaşdırdığının
şahidi olarıq.
Deputat vurğulayıb
ki, bu illər
ərzində həyata
keçirilən titanik
fəaliyyət, Azərbaycan
tarixinin ən güclü ordusunun və 1200 addan çox istehsal qabiliyyətli müdafiə
sənayesinin formalaşdırılması,
siyasi müstəqilliyin
güclənməsi, dinamik
iqtisadi inkişafa nail olunması, qlobal müstəvidə haqq işimiz naminə hüquqi bazisin formalaşdırılması
fonunda dövlət başçımızın güclü
lider məharətinə
şahidlik edirik. "Nəhayət,
Vətən müharibəsində
düşmən tərəfindən
30 il möhkəmləndirilən,
keçilməz istehkamların,
siyasi maneələrin
dəf edilərək
44 günə yeni reallığın yaradılmasını
gördük. Ardınca
isə cəmi 23 saata separatizm yuvasının darmadağın
edilməsi tamamilə
yeni bir mənzərə meydana çıxartdı. Xankəndidə
dövlət bayrağımızın
dalğalanması isə
artıq proseslərin
məntiqi sonu oldu. Beləliklə, Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla cənab İlham Əliyev 20 il öncə andiçmə
mərasimində verdiyi
vədi yerinə yetirdi, qarşıya qoyduğu vəzifələrin
icrasını başa
çatdırdı".
Deputat bildirib ki, oktyabrın 15-də Xankəndi şəhərində
dövlət bayrağımızı
ucaltmaqla Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, nə
Azərbaycan əvvəlkidir,
nə də ki geosiyasi situasiya.
Hələ Azərbaycan
Respublikası Ali Sovetinin Sədri kimi Ulu Öndər
2 iyul 1993-cü il tarixli ilk bəyanatında
dünyaya müraciət
etmişdi. Dünya dövlətləri rəhbərlərini,
BMT, ATƏM və digər
nüfuzlu beynəlxalq
təşkilatları Ermənistanın
davam edən və daha da
şiddətlənən təcavüzünü
qətiyyətlə pisləməyə,
təcavüzkarı cilovlamaq
məqsədilə təcili,
təsirli və qəti tədbirlər görməyə çağırmışdı.
Möhtərəm Prezidentin
Xankəndidən bəyan
etdiyi kimi, hesab edirdik ki,
bu məsələ sülh yolu ilə həll oluna bilər.
B.Məhərrəmovun sözlərinə görə,
son üç ilə qədər beynəlxalq hüquq Azərbaycanın ərazi
bütövlüyünü kağız üzərində
təsbit etsə belə, rəsmi bəyanatlarda Ermənistanı
işğalçı adlandıran
subyektlər yox səviyyəsində olub:
"Əksinə, beynəlxalq
hüququn iri subyektləri, başda
ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik
Şurasının üzvü
olan həmsədrləri
belə Azərbaycanı
işğal və təcavüz status-kvosu ilə barışmağa,
münaqişəni dondurmağa
və tədricən Bakını ərazi itkisinə razı salmağa çalışırdılar.
Ermənistan da uca səslə danışa bilirdi, çünki qarşısında
məğlub Azərbaycan
var idi. Üstəlik, hərbi nöqteyi-nəzərdən Azərbaycanla
təmas xəttində
bütün strateji yüksəkliklər Ermənistan
ordusunun nəzarətində
idi. Həmçinin
30 il Fransanın və digər dövlətlərin davamlı
maliyyə dəstəyi
ilə Ermənistan keçilməz müdafiə
sədləri formalaşdırmışdı".
Prezident İlham
Əliyevin təmkinlə,
yalnız özünə
və xalqına güvənərək vəziyyəti
kökündən dəyişdiyini
vurğulayan deputat bildirib ki, bu
gün artıq Ermənistanla şərti
sərhədlərdə Azərbaycan
istisnasız bütün
strateji yüksəkliklərə
nəzarət edir. Silahlı Qüvvələrimizin
şəxsi heyətinin
döyüş ruhu və maddi-texniki təchizatı, habelə arsenalı Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür.
Ermənistan və havadarlarının 100 ildən
artıqdır ki, əsas rıçağı
hesab edilən separatizmin kökü cənab İlham Əliyev tərəfindən
kəsilib. Ərazi bütövlüyümüz və
suverenliyimiz, konstitusiya
quruluşumuz artıq
bütün ölkə
ərazisində tam bərpa olunub. Xankəndidə möhtərəm
Prezidentin Zəfər
nitqi, əslində, qələbə və Qafqazın gələcək
birgəyaşayış direktivi
idi. Bu direktivlə
cənab İlham Əliyev bütün dünyaya bəyan etdi ki, bölgənin
reallığını biz
diktə edirik. Hər hansı ikinci bir subyekt
və ya güc mərkəzi yeni şərtlər, yeni reallıqlar barədə danışırsa,
bunlar kimin səsləndirməsindən asılı
olmayaraq cəfəngiyyatdır.
B.Məhərrəmov qeyd edib ki,
bu mənada Azərbaycan Prezidentinin Qarabağa son səfəri qazanılmış
şanlı qələbənin
triumfu idi. Elə bir triumf
ki, hər kəs bu zəfəri
layiq olduğu yerdən izləyir-separatçı
canilər Bakıda təcridxanadan, Ermənistanın
indiki və keçmiş hərbi-siyasi
rəhbərliyi qorxaqcasına
öz mənzillərindən,
Fransa kimi riyakar beynəlxalq oyunçu isə daha uzaqdan. Azərbaycan
xalqı isə, nəhayət, 200 il sonra, cənab İlham Əliyevin sayəsində özünün
layiq olduğu qaliblər kürsüsündən.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
18 oktyabr, № 227.- S.7.