Avropa Parlamentinin ikiüzlülüyü,
səlibçi hücumu
Qərbin adına ləkədir
Vətən müharibəsindən
sonra Qərbdə, xüsusən də Avropa Parlamentində Azərbaycana qarşı qarayaxma kampaniyalarının
genişləndiyinin, qərəzli,
ədalətsiz mövqenin
formalaşdırılmasına cəhdlərin şahidiyik.
İkili standartlar,
xristian təəssübkeşliyi,
səlibçi psixologiyası
ilə yanaşma bu təşkilatın siyasətinə çevrilib.
Elə üç il ərzində Avropa Parlamentinin Azərbaycan əleyhinə
qərəzli qətnamələrin
qəbulu üçün
dəridən-qabıqdan çıxması
bunun təsdiqidir.
Bu təşkilat
hər vəchlə daim ölkəmiz əleyhinə ədalətsiz
sənəd qəbul etməyə çalışıb.
Sonuncu dəfə oktyabrın 5-də qəbul
etdiyi yalan, iftira dolu kağız
parçası bunu bir daha göstərdi.
Əvvəla onu
deyək ki, bu təşkilat Ermənistanın azərbaycanlılara
qarşı bütün
dövrlərdə həyata
keçirdiyi etnik təmizləmə siyasəti
yürüdərkən və
qətlə yetirilən,
hüquqları pozulan
soydaşlarımızla bağlı
hər hansı bir qərar qəbul etmədiyi təqdirdə, indi "ədalət" axtarışına
başlayıb. Erməni
yalanlarını bayrağına
çevirərək Azərbaycana
qarşı aparılan
çirkin kampaniya demək olar ki, mütəmadi davam etdirilir.
Oktyabrın 17-də bu təşkilatda təcavüzkar Ermənistanın
"sülh donu" geyinmiş baş naziri Nikol Paşinyanın
"təmtəraqla" qarşılanması
isə bir daha Avropa Parlamentinin
hansı məqsədlərə
xidmət etdiyini göstərir. Paşinyanın
sərsəm iddiaları
isə bu ölkənin hələ də sülhə hazır olmadığını
göstərdi. Belə
ki, sözdə Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan
edən, antiterror tədbirlərində separatçıların
Qarabağdan təmizlənməsinə
heç bir etiraz etməyən, Qarabağ bölgəsindəki
erməni sakinlərin
təhdidlərlə üzləşmədiyini
bildirən Paşinyan,
Azərbaycanı könüllü
olaraq Ermənistana getmiş yerli ermənilərin "etnik
təmizləməsi"ndə ittiham etməsi ikiüzlülükdən başqa
bir şey deyil. Bu, həm
də regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən
BMT-nin ixtisaslaşmış
qurumlarının nümayəndələrinin
hesabat və bəyanatları ilə açıq şəkildə
ziddiyyət təşkil
edir.
Bu azmış
kimi, Paşinyan Azərbaycan və Türkiyəni blokadaya alınmalarına görə
ittiham edib. Hər kəsə bəllidir ki, Ermənistan hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional
layihələrdən təcrid
olunub. İndi yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin
açılmaması səbəbi
də Ermənistanla bağlıdır. Bu ölkə üzərinə
götürdüyü öhdəliklərdən
imtina etdiyi üçün dəhlizin
reallaşması müşkülə
çevrilib. Yəni bu ölkə belə bir fürsəti
növbəti dəfə
əldən verir. Çünki artıq
İran ərazisi üzərindən
Azərbaycanı Naxçıvan
Muxtar Respublikası ilə birləşdirəcək
avtomobil və dəmir yollarının tikintisi haqqında saziş imzalanıb. Bu da onu
göstərir ki, Ermənistan yenə də regional layihədən kənarda qalacaq.
Xarici İşər
Nazirliyinin də açıqlamasında deyildiyi
kimi, Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat,
növbəti dəfə
bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.
Nikol Paşinyanın
Avropa Parlamentindəki
iftira dolu çıxışını Rusiya Federasiyası da qınayıb. Sülh danışıqlarında
əsas vasitəçi
olan Rusiya Ermənistanın baş nazirinin çıxışını
məsuliyyətsizlik və
təxribatçılıq kimi qiymətləndirib.
Biz bu yalanları, iftiraları, uydurmaları çox eşitmişik. Məsələ
ondadır ki, özünü "sülhsevər",
"demokratik", beynəlxalq
hüquqa "hörmət
edən" ölkə
kimi təqdim edən Ermənistanın boş cəfəngiyyatını
Avropa Parlamenti də "bəh-bəhlə"
qarşılayır. Artıq bu da bizim
üçün təəccüblü
görünmür. Çünki bu təşkilatın hansı
oyunlar oynadığı
bütün dünyaya
bəllidir. Elə bunun üçün bir-iki faktı göstərmək yetərlidir.
Bu təşkilat
daim müxtəlif lobbi qruplarının maraqlarına xidmət edib. Qurum korrupsiya
qalmaqalları, dəfələrlə
parlament üzvlərinin
rüşvət və
korrupsiya ittihamları
ilə üzləşib.
Bir müddət əvvəl Avropa Parlamentində baş verən korrupsiya olayı və həmin olayın bir ucunun ermənilərə
bağlı olması
faktı bu qurumu sözün əsl mənasında, silkələdi. Belçika
polisinin Brüsseldə
axtarışlar aparması
və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də
daxil olmaqla dörd nəfəri həbs etməsi bu qurumun nə
qədər korrupsiya çirkabına bulaşdığını
kifayət qədər
isbatlayıb.
Belçika prokurorluğunun
rəsmi bəyanatında
da bildirib ki, istintaqda olan müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan
verən siyasi və ya strateji
mövqeyə malik üçüncü şəxslərə
külli miqdarda pul ödəməkdə və ya əhəmiyyətli
hədiyyələr verməkdə
şübhəli biliniblər.
İstintaq bu gün də davam edir və
ehtimallar var ki, həbslərin sayı arta da bilər. Yəni istisna deyil ki, bu
ənənələr Avropa
Parlamentində hələ
də davam etdirilir. Əlbəttə
ki, bütün bunlar Avropanın adına ləkə gətirən hadisələrdir.
Təşkilat bununla özünü hörmətdən
salmış, ədalətə,
həqiqətə arxa
çevirmiş olur.
Bəs, Avropa
Parlamenti əslində Azərbaycandan nə istəyir?!
Təbii ki, bu
gün Azərbaycan zəngin enerji resursları, müstəqil
siyasəti, artan nüfuzu, hərbi gücü ilə dünyanın
diqqət mərkəzindədir. Ona görə də ölkəmizin
Avropanın müəyyən dairələrindən
asılı vəziyyətdə olması hansısa qüvvələrin
məkrli planının tərkib hissəsidir. Bu səbəbdən
də həmin dairələrdən biri olan Avropa Parlamenti bu
gün Azərbaycanda vətəndaş qarşıdurmasının
olmasını, tez-tez hakimiyyətin dəyişməsini,
asılı, vassal vəziyyətinə düşməsini
"arzulayır". Bu qərəzli yanaşma isə Azərbaycana
qarşı səlib yürüşünün davamı kimi
qiymətləndirilməlidir. Əminliklə deyə bilərik
ki, müharibələrə, işğallara, insan iztirablarına,
ölkələrin ərazi bütövlüyü və
suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan
irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın
utanc ünvanıdır. Bu ədalətsizlik,
ikiüzlülük təşkilatın tarixində ən qara
səhifələrdən biri kimi qalacaq.
Azərbaycanın
bu qurumun qarşısında heç bir öhdəliyi yoxdur.
Yaxşı olar ki, bu təşkilat Avropada tüğyan edən
islamofobiya, antisemitizm, miqrantların hüquqlarının
kütləvi və kobud surətdə pozulması və digər
bu kimi köklü problemlərlə məşğul olsun.
Prezident İlham
Əliyevin dediyi kimi, kimsə artıq Azərbaycanla hədə-qorxu,
təhdid dili ilə danışa bilməz. Avropa Parlamentinin də
hansısa "qətnaməsi", "qərarı" ilə
Azərbaycana təsir göstərməsi
qeyri-mümkündür. Çünki Azərbaycan
güclü ölkədir və hər zaman ədalətlidir.
Ədalət isə daim zəfər çalır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.15.